SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda gənc müəllimlər “gəlmə” deyə sıxışdırılır

Cəlilabadda gənc müəllimlər “gəlmə” deyə sıxışdırılır

Tarix:

10-01-2018, 16:30

/ 1 389 dəfə oxundu.
Cəlilabadda gənc müəllimlər “gəlmə” deyə sıxışdırılır

Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin iki müəllimi – Bakı şəhər sakini Elçin Abbasov, onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova redaksiyamıza şikayət ediblər.
Şikayət Alar kənd 2 saylı orta məktəbinin rəhbərliyi, məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev və onun müavini səlahiyyətlərini icra edən Həsənağa Əliyevdəndir.
Şikayətdə bildirilir ki, Bakı şəhər sakini Elçin Abbasov “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” proqrama əsasən 2006-cı ildən bu məktəbdə çalışır. Onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova da ADPU-nu bitirib və təyinatla 2006-cı ildən həmin məktəbdə işləyir. Hər iki müəllim Müəllimlərin Diaqnostik Qiymətləndirməsində məktəb üzrə ən yüksək bal toplayıb (E.Abbasov ixtisasdan 40, kurikulumdan 16 - toplam 56, həyat yoldaşı isə ixtisasdan 38, kurikulumdan 16 bal - toplam 54).
Müəllimlərin şikayəti dərs bölgüsündən və maaşın azlığındandır. E.Abbasovun 2017-ci ilin oktyabr üçün aylıq maaşı 318 manat, Ü.Abbasovanın maaşı isə ondan da az olub.
Şikayətçilərin yazdığına görə, onlar dəfələrlə dərs saatının az olmasının səbəbini öyrənməyə, gənc müəllim ailəsi olaraq üzləşdikləri bu ayrı-seçkiliyin nədən qaynaqlandığını aydınlaşdırmağa çalışıblar. Məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev hər dəfə bəhanə kimi eyni ailədən iki nəfərin bir müəssisədə çalışdığını, bu müəllimlərin Alar kəndinin sakinləri olmadığını göstərib və 2 saylı Alar kənd orta məktəbindəki işlərindən çıxaraq, qeydiyyatda olduqları yerlərdə işləməyi məsləhət görüb.
Qeyd edək ki, adı çəkilən müəllimlər qonşu Günəşli kəndində yaşayırlar.
Dərs saatları ilə bağlı edilən şikayətdən sonra isə L.Seyfullayev nəinki məsələnin həlli istiqamətində tədbir görüb, əksinə, 2017-ci il noyabrın 22-də məktəbin pedaqoji şurasının iclasını çağırıb, həmin iclasda E.Abbasovun üzərinə hücum edib, onu müəllimə, ziyalıya yaraşmayan ağır sözlərlə söyərək təhqir edib.
Sözügedən məktəbdə çalışan digər müəllim Azad Dadaşov da alarlı direktorun “kənd ayrı-seçkiliyi”ndən nəsibini alıb. O da qonşu Günəşli kəndindəndir və buna görə də o da iclasda hücuma məruz qalıb. Onu bir dəfə işindən kənarlaşdırıblar, ancaq Azad Dadaşov məhkəməyə müraciət edərək haqını alıb və işinə geri qayıdıb.
Şikayətçilər qeyd edir ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Ancaq heç bir dövlət mükafatı, fəxri adı olmayan Həsənağa Əliyev 65 yaşda direktorluqdan çıxarılsa da, sonradan vəzifəsinə qayıdıb. Hazırda isə direktor müavini vəzifəsini icra edir.
Məktubda qeyd olunur: “Həsənağa Əliyev 2010-cu ildən indiyədək direktor vəzifəsindən 4 dəfə azad olunub (bunun 3 dəfəsi nöqsanlarla, biri isə yaş məhdudiyyəti ilə bağlı olub). Özü direktor olmadığı vaxtlarda isə bir müddət onun vəzifəsini qohumları tutub”.
Şikayət edən gənc müəllimlər qeyd edirlər ki, hazırda məktəb rəhbərliyi onların bu və ya digər formada işlərindən uzaqlaşdırılmasına nail olmağa çalışır. “Bizi hər an məktəb rəhbərliyinin təxribatı gözləyir”.

Qarşı tərəfin deməyə sözü varsa, redaksiyamıza məktub ünvanlaya bilər.

Musavat.com

Şərhlər

XƏBƏR LENTİ