XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Gədəbəyin icra başçısı yolkəsənlik edir – qonşunun yolunu kəsib, sahibkarın obyektinə yol açır -VİDEO

Gədəbəyin icra başçısı yolkəsənlik edir – qonşunun yolunu kəsib, sahibkarın obyektinə yol açır -VİDEO

Gədəbəyin icra başçısı yolkəsənlik edir – qonşunun yolunu kəsib, sahibkarın obyektinə yol açır -VİDEO
8-12-2017, 14:27

Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı Ramiz Yediyarov qanunsuz hərəkətinin bütün ölkəyə səs salmasından qorxuya düşüb.
RealMedia.az xəbər verir ki, Ramiz Yediyarovun yolkəsənliyi, sahibkara divan tutması haqda “Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır” – REPORTAJ (FOTOLAR, VİDEO)” reportaj təqdim etmişdik.
İcra başçısı sahibkar Fəxrəddin Bağırovun obyektinin qapı-pəncələrini, darvazasını hördürəndən sonra mətbuata açıqlamalarında demişdi ki, obyekt qanunsuz tikilib. Ona görə də obyektin sahibkar tərəfindən istifadəsini bu şəkildə dayandırıb. Günlərdir ki, məsələ mətbuatlın gündəmindədir. Hər kəs icra başçısının qanunsuz inadkarlığının nə ilə nəticələnəcəyini maraqla izləyir. Belə bir vaxtda, dekabrın 6-dan başlayaraq Ramiz Yediyarov dediklərinin yalan olduğunu ortaya qoyan addımlar atmağa başlayıb. İcra başçısı sahibkar Fəxrəddin Bağırovun obyektinin qonşuluğunda yaşayan ailənin qəti etirazlarına məhəl qoymadan onların həyətlərinin içindən yol çəkməyə başlayıb. Bunun üçün əraziyə traktor yeridilib, ağır texnikalarla beton, qum gətizdirərək yol çəkilir. İcra başçısı qonşunun yolunu bağlayıb özü tərəfindən blokadaya alınan Fəxrəddin Bağırovun obyektinə yol açdırır. Əgər obyekt qanunsuzdursa, Ramiz Yediyarov yolu buna görə bağlanıbsa, ora yolu niyə açdırır?

“Ramiz müəllim buradan Fəxrəddinin obyektinə yol açır”

Həmçinin Fəxrəddin Bağırovun icazəsi olmadan onun obyektinin divarı da sökülüb.
Məsələ ilə bağlı obyektin qonşuluğunda yaşayan Xanəli Hüseynov “Yeni Müsavat” əməkdaşına deyib ki, icra başçısının əməllərindən artıq müxtəlif dövlət orqanlarına şikayət ediblər: “Dünəndən icra başçısı həyətimizə adam göndərib. Gələnlər İH nümayəndələri idi. Dedilər ki, Ramiz müəllim buradan Fəxrəddinin obyektinə yol açır. Biz ailə olaraq buna etiraz etdik. Dedik, obyektə yolu bizim yolumuzu bağlamaqla niyə açırsız. Bizim yolumuzu bağlamayın, həyətimizin içindən yol çəkməyin. Obyektin qanunla yolu var. Heydər Əliyev prospekti tərəfə. İcra başçısı həmin qanunla olan yolu bağlatdırıb”.

“Anam Yaqut Hüseynovanı, qardaşım Məşhəd Hüseynovu da tutdurdu”

X.Hüseynov deyir ki, bu gün səhərdən həyətlərinə İcra Hakimiyyətinin nümayəndələri basqın edib yolu bağlayıblar: “Yaşlı anamı, xəstə qardaşımı tutdurdi. Bizim yolumuzu bağlayırlar. Hazırda həyətdə traktor, ağır texnika işləyir, həmin obyektə yol açır. Biz buna etiraz edirik. Yolumuza iri beton parçaları tökürlər. Yolumuzu bağlayırlar. Anam Yaqut Hüseynovanı, qardaşım Məşhəd Hüseynovu da tutdurdu. Hər ikisi xəstə adamlardır. Anam yaşlı adamdır. Biz qoymuruq yolumuzu bağlasınlar. Çünki həmin yolu bağlasalar qar, yağış, sel suları bizim evimizin divarını yuyub aparacaq. Obyekt hündürdədir, evimiz isə aşağıda. 8 baş külfətik, 7 sot torpağımız var. İndi gəlib həmin torpağın bir hissəsini də əlimizdən alırlar”.

“Obyektə yolu açır, bizim qapımıza yolu bağlayır”

Xanəli Hüseynov deyib ki, icra başçısı onların imkansızlığından istifadə edir: “Atamız rəhmətə gedib. Kasıblığımızdan istifadə edib yolu həyətimizin içindən salır, daşı-torpağı oradan yuxarıdan boşaldırlar, gəlib bizim evin damına tökülür. İcra başçısı bilir ki, imkansız adamlarıq, bizim Bakıya gedib çatmağımız çətin işdir. Getsinlər obyektin yolunu açsınlar. Obyektə yolu açır, bizim qapımıza yolu bağlayır. Ora yol çəkirlər, qapımıza maşın düşməyəcək. Evimizdə bir hadisə oldu, təcili yardım, yanğınsöndürən necə gələcək?”

“Sizə pul-para verək, yolunuzu bağlayıb obyektə yol açaq”

X.Hüseynov baş verən qanunsuzluqdan dövlət orqanlarına şikayət etdiklərini açıqladı: “Polisə, prokurorluğa, məhkəməyə zəng etmişəm. Heç hansı baxmır. İcra başçısından qorxurlar. İcra başçısının adamları bizə deyirlər ki, şikayət etməyin, sizə pul-para verək, yolunuzu bağlayıb obyektə yol açaq. Biz kasıbıq deyə yolumuz bağlanmalıdırmı? Dirəşiblər ki, sizə hörmət edirik. Deyirəm ki, bizə hörmət etmək istəyirsinizsə, yolumuzu bağlamayın. İcra başçısı Fəxrəddinlə prinsip aparır, bizim yolu kəsir. Heç obyektin yiyəsi də yolun bizim həyətimizdən olmasıni istəmir. Bu saat icra başçısı traktoru salıb həyətimizi dağıdır. Prezidentdən, birinci xanımdan xahiş edirik, bizdən bu adamlar əl çəksin, yolumuzu bağlamasınlar”.

“İcazəm olmadan obyektimin divarını uçurublar”

Məsələ ilə bağlı iş adamı Fəxrəddin Bağırovla da əlaqə saxladıq. F.Bağırov deyir ki, rayonda obyektinə müdaxilə edilməsi haqda xəbər alaraq orada baş verənlərlə maraqlanıb: “İcazəm olmadan obyektimin divarını uçurublar. Ora qonşunun həyətindən yol çəkirlər. Qonşu da buna etiraz edir. Deyir ki, mənim yolumu bağlayırlar. Mənə qarşı qanunsuzluqlarını ört-basdır etmək üçün indi də bu yola əl atıblar. Bu tam qanunsuzdur. Prezidentə, birinci vitse-prezidentə müraciət edəcəyik. Mənim obyektimin yolu-çıxışı sənədlərlə Heydər Əliyev prospektinədir. İcra başçısı obyektin qapı-pəncərələrini, darvazasını tam qanunsuz olaraq hördürüb. Bununla bağlı Prezdentin fərmanı ilə yaradılan Apelyasiya Şurasına, məhkəmələrə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciətlərim olub. İcra başçısı özünün qanunsuz hərəkətlərinə rayondakı digər qurumların məmurlarını da qatıb onlardan vasitə kimi istifadə edir. Ümid edirəm ki, onun qarşısını alan tapılacaq”.

Başçı yol çəkməyə gedib

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, icra başçısı Ramiz Yediyarov yol çəkilişindədir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.