SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan təhsilində Gülbəniz Cəfərova sindromu: 1 saylı orta məktəbdə nə baş verir?

Beyləqan təhsilində Gülbəniz Cəfərova sindromu: 1 saylı orta məktəbdə nə baş verir?

Tarix:

20-11-2017, 09:40

/ 6 774 dəfə oxundu.
Beyləqan təhsilində Gülbəniz Cəfərova sindromu: 1 saylı orta məktəbdə nə baş verir?

Beyləqan təhsilində biabırçı vəziyyət yaşanır. Durum o qədər eybəcərdir ki, artıq rayon sakinləri uşaqlarını harada oxudacaqlarının dərdini çəkməyə başlayıblar. Bununla bağlı daxil olan məlumatda bildirilir ki, rayonun 1 saylı Orta Məktəbində durum daha acınacaqlıdır. Oxuculara onu da xatırladaq ki, bu təxminən bir il öncə təntənəli tualet açılışı ilə mediada manşetə çevrilən orta məktəbdir. Ancaq Beyləqanda Milli qəhrəman Namiq Allahverdiyev adına 1 saylı tam orta məktəbdə baş verənlər yalnız bu qalmaqallı açılışla yekunlaşmır.
Bildirək ki, sözügedən orta məktəb hər zaman problemlər içində olub. Bu problemlərdə isə hər zaman məktəb direktorunun adı hallanıb. Byləqan şəhər 1 saylı orta məktəbinin direktoru Gülbəniz Cəfərova ilə bağlı media üzərindən araşdırmalarda əldə etdiyimiz məlumatlarda ilginc məqamlar yer alıb. Gülbəniz Cəfərova ikinci dəfədir ki, işlədiyi 1 saylı şəhər məktəbinə direktor təyin edilib. Əvvəllər bu məktəbin direktoru işləmiş Gülbəniz Cəfərova sabiq icra başçısı İrşad Əliyevin dövründə 2009-cu ildə şiddətli töhmətlə işdən çıxarılıb və elə o zamandan da onun adı məktəbdə adi müəllimə olaraq keçib. Buna baxmayaraq, Gülbəniz Cəfərova işə çıxmayıb və pedoqoji fəaliyyətlə məşğul olmayıb. Məktəbə Vüqar Abbasov direktor təyin edilib. Direktorluqan qovulan xanım Cəfərova “prinsipal mövqe” seçərək yenidən həmin məktəbə direktor təyin edilmişdir. Qeyd edək ki, onun necə və kimin dəstəyi ilə direktor gəlməsi barədə iddialarda böyük məbləğdə rüşvətdən söhbət gedir.
İkinci direktorluğu dövründə G.Cəfərovanın fəaliyyətində xeyli qüsurlar üzə çıxıb. Özü də bu qüsurlar saxta ittihamlar deyil, rəsmi yoxlamalarda üzə çıxıb təsdiqlənən faktlardır. Belə ki, ötən ilin fevral ayında Maliyyə Nazirliyinin müfəttişləri Beyləqan Təhsil Şöbəsində yoxlama aparıblar və bu yoxlamada üzə çıxan neqativ hallar arasında 1 saylı orta məktəbin direktoru Gülbəniz xanımla bağlı məqamlar hamını «heyran» qoyub. Sonradan müəmmalı şəkildə örtbasdır edilən həmin yoxlama nəticələrindən bəzi faktları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Məktəbdə şagirdlərin dərs davamiyyəti 40 faizdən yuxarı olmayıb. Bundan başqa, hər sinifdə 20 şagirdin adı jurnalda yazılsa da, cəmi 8 şagirdin təhsil aldığı üzə çıxıb. Yerdə qalan 12 şagirdin isə Bakıda oxuduğu aşkarlanıb. 1 saylı orta məktəbdə 16 xəstə uşağın adı olsa da, onlara evdə dərs keçilməli olduğu halda, proses ümumiyyətlə reallaşdırılmayıb. Əvəzində isə həmin dərslər üçün ayrılmış vəsaitlər direktorla Təhsil Şöbəsinin müdiri arasında bölüşdürülüb. G.Cəfərova direktor işlədiyi 3 il ərzində o, 12 müəllimi işə qəbul edib. 1 saylı orta məktəbdə adı olub, özü olmayan müəllimlər də ortaya çıxıb. Məsələn, Müşfiqə Rəhimova bu qəbildən olandır. Həmçinin məktəbin 2 şagirdinın də ümumiyyətlə rayonda olmadığı, Bakıda yaşadığı məlum olub. Onlardan biri Nərmin Hüseynli, digəri isə Məhəmməd Balayevdir. Məhəmməd Balayev Təhsil Şöbəsinin inspektoru Tahir Balayevin oğlu olduğu üçün belə bir imtiyaz sahibinə çevrilib”. Məlumatlara görə ötənilki maliyyə yoxlamalarından sonra xanım direktor 30 min manat cərimə olunub.
Bu günlərdə isə G.Cəfərovanın başqa bir əməli haqda internet resurslarında xəbər yayıldı. Həmin məlumata görə, şagirdlərin valideynləri məktəbin direktoru Gülbəniz Cəfərovadan şikayətçidirlər. Gülbəniz Cəfərova dərslik kitablarını şagirdlərə nağd pulla satdırır. Həmin dərslik kitablar məktəblərə Təhsil Nazirliyi tərəfindən pulsuz göndərilir, məktəblərdə isə şagirdlərə pulsuz paylanmalıdır. Ancaq G.Cəfərova deyəsən nazirliyin göndərdiyi kitablarla varlanmaq həvəsinə düşüb. Direktorun bu tələbindən narazı qalan valideynlər nazirlikdən məktəbə komissiya ezam olunmasını xahiş edirlər. Rayon təhsil şöbəsi rəhbərliyinin məktəb direktorunun qanunsuz tələbinə göz yumması və susqunluq nümayiş etdirməsi onun da biznesdə payının olması şübhələrinə yol açıb.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ