XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Xaçmaz məhkəmə icraçıları qanunları ayaq altına atan Tahir İsayevi necə müdafiə edir?

Xaçmaz məhkəmə icraçıları qanunları ayaq altına atan Tahir İsayevi necə müdafiə edir?

Xaçmaz məhkəmə icraçıları qanunları ayaq altına atan Tahir İsayevi necə müdafiə edir?
7-11-2017, 16:44

Zərdab şəhər Ramiz Kərimov küçəsi 41 ünvanında yaşayan Qasımlı Naibə Hümmət qızı Avropa.info-ya müraciət edib.
Naibə Qasımlı müraciətində 2006-cı ildə həyat yoldaşı Xaçmaz rayon sakini İsayev Tahir Bəgnəzər oğlundan məhkəmə qaydası ilə boşandığını və himayəsində qız övladının olmasına baxmayaraq, keçmiş həyat yoldaşının bu günə kimi aliment ödəmədiyini bildirib.
“2006-cı ildə məhkəmə qərarı ilə boşanmışıq. Məhkəməyə boşanmaq üçün mən müraciət etmişəm. Məhkəmə 2002-cü il təvəllüdlü qızımız Fatimənin mənim himayəmdə olmaqla atasının onun üçün aliment verməsi haqda qərar çıxarıb.
2012-ci ildə isə Zərdab rayon Məhkəməsi yenidən İsayev Tahir Bəgnəzər oğlunun aliment ödəməsi haqda qərar verib. 2016-cı ildə Zərdab rayon Məhkəməsi yenidən aliment pulunun artırılması haqda qərar çıxarıb. Lakin 2006-cı ildən bu vaxtadək İsayev Tahir cəmi 170 manat aliment pulu ödəyib. Övladım 15 yaşına çatmasına baxmayaraq İsayev Tahir qızına aliment ödəməkdən imtina edir.
Xaçmaz rayon məhkəmə qərarlarının icra şöbəsi isə məhkəmə qərarlarını icra etmək istəmir. 11 ildir süründürməçiliklə məşğuldur. Bu ilin sentyabr ayının əvvəllərində məsələylə bağlı Zərdab rayonundan Xaçmaz şəhərinə getmişəm. Xaçmaz rayon məhkəmə qərarlarının icra şöbəsinin əməkdaşları – bu məsələnin icrası ilə məşğul olmalı Şahin və Faqil adlı məmurlar məhkəmə tərəfindən verilmiş qərarın icrası üçün üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklərinə söz verdilər. İsayev Tahir işlədiyi yerdən idarəyə gətirildi. Məhkəmə icraçılarının yanında aliment məsələsini həll etmək üçün torpaq sahəsinin olduğunu və 10 gün müddətinə torpağı sataraq, aliment pulunu tam olaraq ödəyəcəyinə söz verdi. Bundan sonra idarənin Namiq adlı əməkdaşı mənasını anlamadığım bir yazıya imza atmağımı istədi. Həmin yazının yalnız son cümələsini başa düşürdüm. Orada “alimentdən imtina edirəm” cümləsi yazılmışdı. Mən bu kağız parçasına imza atmaqdan imtina etdim və bu Namiq adlı məmuru əsəbləşdirdi. Amma mən yenə də imza atmadım.
İsayev Tahirin vəd etdiyi 10 gün də ötdü, mən bundan sonra dəfələrlə bu işələ məşğul olmalı olan Şahin və Faqil adlı məmurlara zəng etdim. Lakin hər dəfə “bu gün, sabah” vədləri ilə öz vəzifələrini icra etmək istəmirlər. Bir müddət bundan öncə isə İsayev Tahir mənə zəng edərək, icra məmurlarının onunla yaxın dost olduğunu, öz övladına aliment ödəməyəcəyini, kimsənin ona “gözün üstə qaşın var” deyə bilməyəcəyini bildirdi.
Mənim anladığım budur ki, bu məhkəmə qərarını icrasına nəzarət etməli olan Şahin və Faqil adlı məmurlar İsayev Tahirə havadarlıq edirlər. Ölkə qanunlarına görə, aliment ödəməyən şəxs ən sərt formada, hətta həbs olunmaqla belə cəzalandırılır. Bu şəxsi nəinki cəzalandıran yoxdur, hətta iş o yerə çatıb ki, o məni təhdid edir. İsayev Tahirin bu cəsarəti məhz öz vəzifə borcunu yerinə yetirməyən Şahin və Faqil adlı məmurlardan aldığını düşünürəm.
Mən artıq 15 yaşına çatan qızımı yaşlı anamın pensiyası ilə dolandırıram. Özüm heç bir yerdə çalışmıram. O pensiya ilə nəinki qızımı böyütmüşəm, hətta ona yaxşı təhsil almasına yardımçı olmuşam. Onun atası isə bu illər ərzində övladının necə böyüməsindən belə xəbəri olmayıb.
Son olaraq əlaqədar dövlət qurumlarından bu məsələ ilə məşğul olmağı, qanunu pozan məmurları cəzalandırmağı, aliment ödəməkdən imtina edən Tahir İsayev haqqında tədbir görməyi xahiş edirəm”, – deyə Naibə Qasımlı müraciətində qeyd edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.