SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ”“Cənab Prezident, qaçqınkom bizə düşən mənzilləri satıb...”

”“Cənab Prezident, qaçqınkom bizə düşən mənzilləri satıb...”

Tarix:

14-10-2017, 13:32

/ 89 865 dəfə oxundu.
”“Cənab Prezident, qaçqınkom bizə düşən mənzilləri satıb...”

«Hörmətli prezident. Sizə «Qaçqınkom»un Mingəçevir şəhərindəki nümayəndəliyində baş verən saxtakarlıqlarından söz açmaq istəyirəm. Sizin fərmanınızdan sonra 2015-ci ilin sentyabrında Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış ailələr yeni salınmış şəhərciyə köçürülməyə başladı. Biz də ev almaq üçün bir neçə il idi ki, növbəyə yazılmışdıq. Çox təəssüflər olsun ki, «Qaçqınkom»un işçisi Hüseyn Yusifov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rəsul Paşayev, Laçın Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Şakir Fərzəliyev özlərinin verdikləri arayışda bizim ayrı təsərrüfat olduğumuzu nəzərə almadan, bizə verilməli olan mənzilləri əlimizdən alaraq rüşvət müqabilində öz yaxınlarına satdılar. Hətta köçürülən ailələr arasında öz pulu ilə mənzil alanlar da var».
Bunu prezident İlham Əliyevə Mingəçevir şəhərindəki internat məktəbində məskunlaşmış Laçın köçkünü Novruz Gülmalıyev yazıb. Müraciətin bir nüsxəsini də Azadliq radiosunun «Qaynar xətt»inə göndərib.
Köçkün yazır ki, 1992-ci ildə ailəsi ilə birlikdə Laçının Şormar kəndindən köçkün düşərək Mingəçevirdəki internat məktəblərdən birinin binasında məskunlaşıb. İki ailə təsərrüfatı eyni ünvanda yaşayır. «Qaçqınkom» (Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi) hər ailəyə enerji ödənişi və çörəkpulu üçün ayrıca kartlar açıb. Bir müddət əvvəl internat məktəbindən və yataqxanasından 60-dan çox ailə köçürülüb. Ancaq nədənsə «Qaçqınkom» bu iki ailəni internat binasında «unudub»».

Köçkün yazır:

«İnternatda şagirdlər oxuyur. Burda yaşamaqla şagirdlərə də mane oluruq. Qarşılaşdığımız bu haqsızlıqlarla bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət məktubu yazdıq. «Qaçqınkom»un vəzifəli şəxsləri bildirdilər ki, guya biz 5 nəfər ailə bir təsərrüfat aparırıq, buna görə də ev verilərkən bizə 3-otaqlı mənzil təklif olunub, biz isə imtina etmişik. İnternat məktəbində hərəmiz bir otaqda məskunlaşmışıq. Araşdırmışıq ki, bizə verilməli olan mənzillər başqalarına satılıb. Dövlət hesabına tikilmiş qaçqın şəhərciyinə Mingəçevirdə məskunlaşmamış məcburi köçkün ailələrini yerləşdiriblər. Biz isə internatda qaldıq. 25 ildir internat binasında zülm çəkirik. Daha neçə illər internat həyatı sürəcəyik, düşünəndə məhv oluruq. Bu saxtakarlıqları edənlər «Qaçqınkom» vəzifəliləridir».
Köçkün prezidentə müraciətində iddia edir ki, qaçqın və köçkünlərin adına tikilən şəhərciklərdəki mənzillər «Qaçqınkom» vəzifəliləri tərəfindən satılır. O, köçkünlərin problemləri ilə məşğul olmalı olan Laçın Rayon İcra Hakimiyyətinə də müraciət etdiyini, lakin dəfələrlə rəsmi müraciətinə baxmayaraq, icra hakimiyyəti başçısının onu qəbul etmədiyini yazır.

«Qaçqınkom»sa köçkünün iddialarını qəbul etmir. Qurumdan «Qaynar xətt»ə bunlar bildirilib:

«Mingəçevirdə köçkünlər üçün inşa olunmuş şəhərcikdən Novruz Gülmalıyevin iki qardaşına ayrı-ayrılıqda 3- və 2-otaqlı, bacısına 3-otaqlı mənzil verilib. Otaqların sayı ailə üzvlərinin sayına görə nəzərdə tutulub. Hazırda internat məktəbində Abbas və Novruz Gülmalıyev qardaşları qalıb. Onlar verilən mənzillərinin sahələrinin az olduğunu bildirərək mənzillərdən imtina ediblər. Boş mənzillər də başqa köçkünlərə verilib».

Qurumdan mənzillərin satılması ilə bağlı deyilənlər təkzib olunub.

Şərhlər

XƏBƏR LENTİ