SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saxta etibarnamənin təsdiqi notariusu “bitirə bilər”

Saxta etibarnamənin təsdiqi notariusu “bitirə bilər”

Tarix:

9-08-2017, 17:08

/ 158 843 dəfə oxundu.
Saxta etibarnamənin təsdiqi notariusu “bitirə bilər”

Dilarə Babayeva: “Bu gün İmişlidə bəzi məmurlar, onların ailə üzvləri qanunlarımızı saya salmırlar, qulluq mövqeyindən düşünülmüş və məqsədli şəlikdə istifadə edirlər”

Bu günlərdə İmişli rayonu Alməmmədli kənd sakini Babayeva Dilarə Zakir qızının redaksiyaya ünvanladığı şikayət ərizəsini oxuduqca, sanki əksər mətləblərdən biz də xəbərdar ola bildik. Belə ki, xanım şikayətçi yazdığı ərizəsində qeyd edir ki, “Gündəm Xəbər” qəzetinin 03 iyul 2017-ci il tarixli sayında, üz-üzə qaldığımız problemlə bağlı açıqlama dərc olunmuşdu. Həmin açıqlamada qeyd etmişdim ki, İmişli rayonunda Mustafayev Vaqif Əli oğlu adlı şəxsin rəhbərlik etdiyi, eyni zamanda adı çəkilən rayonun Bəcrəvan kənd sakini olan Qürbət adlı şəxsin iştirakçısı olduğu, həmçinin Beyləqan rayonunun İkinci Şahsevən kənd sakini Əliyev Şirvan Məzahir oğlunun və Ağdam-Tərtər notariat kontorunun notariusu vəzifəsini daşıyan Adil Rüstəmovun da üzvü olduğu cinayətkar qrupun əməllərinə göz yuman, heç bir əməli addımlarını atmayan, öz çirkin işlərinə İmişli rayon Məhkəməsini də qatmaq istəyən aidiyyəti qurumların, ələlxüsus İmişli rayon Polis Şöbəsi ilə bərabər, İmişli rayon Prokurorluğunun da hərəkətləri barədə sualları, aidiyyəti üzrə ünvanlamaqdır. Odur ki, qeyd etdiyim vəzifə sahiblərinə suallarımı ünvanlayıb cavab əldə etmək istəyirəm.
İlk sualım ədliyyə naziri cənab Fikrət Məmmədovadır.
Cənab Nazir! Mən dəfələrlə Sizin adınıza teleqram və müraciətlərimi göndərmişəm. Ünvanladığım teleqram və müraciətlərimdə yazıb bildirmişəm ki, bu gün Ağdam-Tərtər notariat kontorunun notariusu vəzifəsini daşıyan Adil Rüstəmov, mənə məxsus olan, amma texniki pasportu hazırda həbsdə olan övladım Aslanov Xosrov Xanoğlan oğlunun adına olan 30-BG-206 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobili, oğlum həbs olduqdan dörd ay sonra, məhz onun xəbəri olmadan, saxta etibarnamə əsasında cinayətkar qrupun üzvlərindən birinin adına keçirmişdir. Adil Rüstəmov belə bir addımını atmaqla həm mənə, həm də övladıma maddi və mənəvi ziyan vurub. Ədliyyə Nazirliyinin müvafiq qurumları notariat kontoru notariusunun belə bir çirkin əməlləri ilə bağlı niyə əsaslı tədbirlər görmür? Ola bilərmi ki, Nazirlik bu şəxsin əməllərini cinayət əməli hesab etmir?
Növbəti sualım daxili işlər naziri cənab Ramil Usubovadır.
Cənab Nazir! Yuxarıda qeyd etdiyim hadisə ilə bağlı Sizə də dəfələrlə teleqram və müraciətlərimi göndərmişəm. Hər dəfə də yazıb vurğulamışam ki, cinayət əməllərinə qol qoyan qrupun üzvləri İmişli polisi tərəfindən müdafiə olunur. Bir sözlə, adı çəkilən rayonun polis əməkdaşları etdiyim müraciətlərə baxmayaraq, qol qoyulan cinayət əməlləri ilə bağlı lazımi araşdırmalar aparmır, düşünülmüş şəkildə süründürməçilik hallarına yol verirlər. Belə olan halda ortaya çoxsaylı suallar çıxır. Polis əməkdaşları vətəndaşların pozulmuş hüquqlarını müdafiə etməlidir, yoxsa cinayətkar quruplaşmanın əməllərinə don geyindirməlidir? Odur ki, bir nazir olaraq ünvanladığım suallara cavab verməyinizi Sizdən xahiş edirəm.
Sonuncu sualım isə baş prokuror cənab Zakir Qaralovadır.
Cənab Baş Prokuror! Üz-üzə qaldığımız problemlə bağlı ən çox müraciət və teleqramlar ünvanladığım qurumlardan biri də, Azərbaycan Respublikasının Baş Prokurorluğudur. Ünvanlanan müraciət və teleqramlara ən çox yazılı cavab verən də, elə adı çəkilən qurumdur. Amma bu gün İmişli rayon Prokurorluğu, sanki müstəqil bir qurum hesab olunur. Çünki, prokurorluq əməkdaşları cinayətkar qruplaşmanın əməlləri ilə bağlı lazımi araşdırma işləri aparmır, dəfələrlə etdiyim müraciətlərə məhəl qoymur, yeri gəldikdə şikayət edən tərəfi hədələməkdən də çəkinmirlər. Məsələn, haqlı olmağıma baxmayaraq, bir müddət bundan əvvəl prokurorun 1-ci müavini məni mobil telefonu ilə hədələməkdən, hətta təhqir etməkdən də çəkinmədi. O halda sual oluna bilər ki, İmişli rayon Prokurorluğunun əməkdaşları hansı maraqlar çərçivəsində belə bir yanaşmalarını ortaya qoyurlar? Deməli, atılan addımların həm də “müəmma doğuracaq” məqamları var ki, ...
İmişli rayon sakini Dilarə Babayeva ünvanladığı şikayət ərizəsində bir çox detallara toxunur və bəzi məqamların ictimailəşdirilməsini də xahiş edir. Xanım şikayətçi vurğulayır ki, “bir vətəndaş olaraq mən də dövlətimizi sevən, hər an dövlətçiliyimizi qorumağa, yaşatmağa çalışan şəxslərdən biriyəm. Odur ki, mən də ölkə rəhbərimiz cənab İlham Əliyevə güvənir, dövlətimizin və xalqımızın parlaq gələcəyini, yalnız və yalnız yürüdülən dövlət siyasətinin varlığında görürəm. Ölkə rəhbərimizə ona görə inanıram ki, cənab Prezident etdiyi çıxışlarında daim xalqımızı narahat edən məsələ və problemlərə toxunur, onların həlli istiqamətində dəyərli və məzmunlu fikirlərini hər kəsə çatdırır. Eyni zamanda o, hər zaman bildirir ki, “məmurlar xalqın xidmətçisi olmalıdırlar, onların özləri, övladları qudurğan hərəkətlərə yol verməməlidirlər. Belə hərəkətlərə yol verənləri ciddi şəkildə cəzalandıracağam” deyir. Bəli, bu ilin iyul ayında yüksək çinli məmur övladına görə atasının cəzalandırılması, məhz bunun bariz nümunəsi oldu. Atılan addım da, məhz Azərbaycan Prezidentinin xalqının yanında olduğunu isbata yetirdi.
Təəssüflər olsun ki, ölkə rəhbəri bu yöndə hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını versə də, bu gün mənə məlum olmayan səbəblər üzündən İmişli rayon Polis Şöbəsi ilə bərabər, İmişli rayon Prokurorluğu da cinayətkar qrupun rəhbəri Mustafayev Vaqif Əli oğlunun “əsiri” olmuşlar. Düz bir ildən çoxdur ki, özünü “qolçomaq” kimi aparan, “mənim arxamda İmişli RİH-nin başçısı Vilyam Hacıyev durur” deyən bu şəxsin tapşırığına görə, üz-üzə qaldığım problem aidiyyəti qurumlar tərəfindən araşdırılmır. Mən bu qurumları anlada bilmirəm ki, İmişli rayonu da Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir. Yəni, bu rayonun polisi də, prokurorluğu da dövlət idarəsidir və həmin qurumlar dövlətə və xalqa xidmət etməlidirlər. Amma, bu gün İmişlidə bəzi məmurlar, onların ailə üzvləri qanunlarımızı saya salmırlar, qulluq mövqeyindən düşünülmüş və məqsədli şəlikdə istifadə edirlər. Daşıdıqları vəzifələrinə sanki şəxsi obyektləri kimi yanaşıb, hər cür özbaşınalıqlara imza atırlar.
Ölkə rəhbəri cənab İlham Əliyev etdiyi çıxışlarının birində qeyd etdi ki, “jurnalistlər mənim köməkçilərimdir”. Bəli, möhtərəm Prezidentin bu cür açıqlaması olduqca təqdirəlayiq açıqlama oldu. Bütün bunları nəzərə alaraq, düz bir il bundan öncə üz-üzə qaldığım problemlərlə bağlı aidiyyəti dövlət qurumlarına ünvanladığım teleqram və müraciətlərin nəticəsini görmədiyimdən, məcbur olub media qurumlarına müraciət etdim. Bu ilin iyul ayında “Gündəm Xəbər” qəzetində cinayətkar qrupun və onların havadarlarının başımıza gətirdikləri müsibətlərlə bağlı tənqidi açıqlama dərc olunsa da, təəssüflər olsun ki, problemlərin araşdırılmasına və lazımi tədbirlər görülməsinə cavabdehlik daşıyan qurumlarda çalışan vəzifə sahibləri, hələ də əməli addımlarını atmayıblar.
Mən bu gün bir vətəndaş, bir ana olaraq ölkə rəhbərimiz cənab İlham Əliyevə media vasitəsilə müraciət edərək xahişimi çatdırıram ki, təqribən bir il bundan öncə başımıza gətirilən hadisələrin nəzarətə götürülməsi, cinayətkar qrupun və onların havadarlarının əməllərinə hüquqi qiymətin verilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıqlarınızı verəsiniz. İnanıram ki, ölkə rəhbərimizin verəcəyi tapşırıq İmişlidə hüquq-mühafizə orqanı əməkdaşlarını hərəkətə gətirəcək və baş verənlərlə bağlı, hər kəsin məsuliyyətinin müəyyən olunması ilə də nəticələnəcək.
Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ