XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ağdaşda başçının müavini fironluq edir - İTTİHAM VAR

Ağdaşda başçının müavini fironluq edir - İTTİHAM VAR

Ağdaşda başçının müavini fironluq edir - İTTİHAM VAR
7-08-2017, 18:47

Son günlər ayrı-ayrı mətbu orqanlarda Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun adı bir çox qalmaqallarda hallanmaqdadır. Belə ki, adı çəkilən vəzifə sahibinə məxsus balıq göllərindən birinin rayonun Abad kənd sakinləri tərəfindən dağıdılması və atılan addımların qarşılığında müəyyən qarşıdurmaların yaranması, çoxsaylı problemlərin əmələ gəlməsini şətrtləndirən səbəblər olduğu da bildirilir.
Redaksiya olaraq apardığımız araşdırmalar zamanı belə bir məlumat əldə edə bildik ki, rayonun Abad kəndində Əsgərxan Həsənova məxsus iki böyük göl var ki, həmin göllərdə də müxtəlif növ balıq yetişdirilir. Göllərdən biri kənd sakinlərinə məxsus qəbristanlığa olduqca yaxın ərazidə yerləşdiyindən, yeraltı su sızması nəticəsində qəbristanlıq ərazisini su basır ki, bu da kənd sakinlərinin haqlı narazılığına səbəb olur. İcra strukturlarında vəzifə sahibi olan şəxslərin müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan olunsa da, təəssüflər olsun ki, adı çəkilən vəzifə sahibi qanunun belə bir tələbinə məhəl qoymur və balıqçılıq fəaliyyəti ilə də məşğul olur. Hətta, əldə etdiyimiz başqa bir məlumata görə, həmin qəbristanlıqda canını, qanını bu Vətənin yolunda qurban verən beş şəhid məzarı da var.
Xoşagəlməz hal o olur ki, qarşıdurma nəticəsində sakinlər şəhidlərin də uyduğu qəbristanlığa problem yaradan gölün bəndini açırlar və həmin göldən təqribən 10-13 ton balıq Kür çayına tökülür. Belə olan halda Əsgərxan Həsənov ləngimədən Abad kəndinə gəlir və sakinlərin qarşısında çıxış edərək “mənə bir qədər vaxt verin, balıqları 2-ci gölə köçürə bilək” deyir.
Onu da vurğulayaq ki, yaşanan problemlə bağlı müəyyən araşdırmalar apararkən belə bir məlumat da əldə edə bildik ki, icra strukturlarında vəzifə sahibi olanların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan olunsa da, icra başçısının müavininə məxsus ikinci gölün ümumi sahəsi təqribən 80 hektarlıq bir ərazini əhatə edir. Hər kəsdə təəccüb doğuracaq hal odur ki, Əsgərxan Həsənova məxsus göl əli silahlı şəxslər tərəfindən qorunur. Belə bir halın varlığı həm kənd sakinlərinə müəyyən problemlər yaradır, həm də ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Gölü qoruyan mühafizəçilər balıqları çöl quşları yeməsin deyə tez-tez havaya atəş açırlar ki, bu da çox zaman sakinlərin haqlı narazılığı ilə nəticələnir. Sakinlər arasında narazılıq hissinin artmasına səbəb olan amillərdən biri də, həmin gölə axıdılan suyun kənd sakinlərinin istifadə etdikləri arxdan tökülməsi olur. Belə olan halda sakinlər onlara məxsus əkin sahələrini suvara bilmirlər, bir sözlə susuzluqdan əziyət çəkirlər.
Əsgərxan Həsənova məxsus gölün yaratdığı problemlərdən biri də, gölü mühavizə edən şəxslərin qaldıqları otağa elektirik xəttləri çəkilən zaman baş verib. Məsələn, kənd sakinlərindən bəzilərinin iddialarına görə, həmin şəxslərə məxsus otağa elektrik xətləri çəkilən zaman, adı qırmızı kitaba düşmüş bir neçə dəmir ağacları kəsilmiş və həmin ağaclardan dirək kimi də istifadə olunmuşdur. Sakinlərin başqa bir iddialarına görə böyük bir təhlükə ilə üz-üzə qalan kənd sakinləri, qol qoyulan belə bir qanunsuzluqlarla bağlı, hələ bir müddət bundan öncə aidiyyatı qurumlara ərizə ilə də müraciətlər ediblər. Apardığımız araşdırmalar zamanı onu da öyrənə bildik ki, Əsgərxan Həsənova məxsus göllərdən biri Ağdaş Meşə Təsərrüfatı İdarəsi tərəfindən Abduləli Kərimov adlı sakinə icarəyə verilsə də, əslində həmin şəxsin “icarəyə götürdüyü” gölə heç bir aidiyyatı yoxdur. Yəni, qeyd olunan həmin göl icra başçısı müavininin birbaşa nəzarətində və istifadəsindədir.
Əldə etdiyimiz başqa bir məlumatda o da bildirilir ki, Ağdaş RİH başçısının müavini vəzifəsini daşıyan Əsgərxan Həsənovun zəbt edib ələ keçirdiyi gölün ərazisi, əvvəllər otlaq sahəsi olub və həmin ərazilərdən kənd sakinləri mal-qaraları ot biçirlərmiş. Buna baxmayaraq, söz sahibi olan Əsgərxan Həsənovun kommersiya maraqları, kənd sakinlərinin maraqlarına üstün gəldiyindən, bu gün belə bir vəziyyət yaşanmaqdadır.
Sadalanan problemlərlə bağlı qarşı tərəfin də mövqeyini öyrənə bilərik. Araşdırmamız davam edəcək. Bizi izləyin.

Gündəm Xəbər

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.