XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » “Yazırlar ki, qanuna etiraz edir...”

“Yazırlar ki, qanuna etiraz edir...”

“Yazırlar ki, qanuna etiraz edir...”
30-06-2017, 15:12

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirədən əvvəl spiker Oqtay Əsədov qanun layihəsinin müzakirəsindən əvvəl mətbuata iradını səsləndirib: “Ötən müzakirələrdə mən qanun layihəsi barədə bəzi yumşaldılmaları təklif etdim. Mətbuat isə götürdü yazdı ki, “Oqtay Əsədov qanuna etiraz edir”. Çox təəssüf edirəm ki, fikrim belə anlaşılıb. Bu qanun layihəsi olduqca mükəmməldir və ümumiləşdirilmiş sənəddir”.

Daha sonra layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, birinci oxunuşdan sonra qanunun bir sıra maddələrdə ciddi dəyişikliklər edilib. Qanunun 13-cü maddəsinin ikinci hissəsi çıxarılıb. Referendumdan sonra deputatlarla bağlı müddəaların Konstitusiyaya əlavə edilməsi Milli Məclisdə buna dair xüsusi qanun layihəsinin hazırlanmasını zəruri edib. Biz birinci oxunuşda etik davranış pozuntusu olmayan, amma gələcəkdə onu ehtiva edəcək və digər qanunlarla tənzimlənə bilən məsələləri çıxartdıq. Amma ümumilikdə layihə etik davranış qaydalarını əhatə edir. Eyni zamanda deputatlara qonaqpərvərliklə bağlı İntizam Komissiyasının rəyi və.sair məsələlər də ikinci oxunuşda çıxardılıb.

Bildirilib ki, 13 maddədən ibarət olan qanun layihəsində Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur. Layihəyə sonradan yeniliklər də edilib. Layihənin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı qeyd olunmuş "bu cür çağırışlar etməmək" qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: “Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”. 8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: “Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.

Layihə səsə qoyularaq ikinci oxunuşda, daha sonra isə üçüncü oxunuşda qəbul olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.