SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Dövlət Departamenti Vilayət Eyvazovun işini təriflədi

Dövlət Departamenti Vilayət Eyvazovun işini təriflədi

Tarix:

28-06-2017, 17:38

/ 52 935 dəfə oxundu.
Dövlət Departamenti Vilayət Eyvazovun işini təriflədi

ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizə üzrə növbəti illik hesabatını açıqlayıb

Dövlət katibi Reks Tillersonun təqdim etdiyi hesabatda insan alveri dövrümüzün ən faciəvi insan haqları məsələlərindən biri adlandırılır. Sənəddə deyilir ki, insan alveri ailələri parçalayır, hüququn aliliyinə zərbə vurur, digər transmilli cinayətkarlığa yol açır, ictimai və milli təhlükəsizliyi sarsıdır.

«İnsan Alveri hesabatı qazanılan uğurları və qarşımızda duran problemləri işıqlandırır», – Reks Tillerson deyib.

Hesabatda Azərbaycan insan alverinə qarşı mübarizə üzrə ikinci qrupda yer alır. Bildirilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvinə yönələn ciddi addımlar atmaqdadır. Ancaq bəzi sahələr üzrə minimal standartları hələ təmin edə bilməyib.

Dövlət Departamenti bildirir ki, 2016-cı il üzrə hesabat müddətiylə müqayisədə hökumət daha artıq səy göstərdiyi üçün ikinci dərəcəli ölkələr siyahısında qalıb. “Hökumət insan alverçilərinin təqibi, məhkum edilməsi, daha çox qurbanın tanınması yönündə cəhdlərini gücləndirib. Hökumət qurbanların mühafizəsinə, dövlət sığınacağına vəsaiti artırıb. Ancaq bir neçə əsas sahədə minimum standartlar təmin edilməyib», – hesabatda deyilir.

Hesabatda bir sıra tövsiyələr irəli sürülür. İnsan alveri cinayətlərinin hərtərəfli araşdırılması, cinayətkarların cəzalandırılması tövsiyə olunur. Özəlliklə də ölkəiçi insan alveri, məcburi əmək hallarının təhqiq olunması istənilir. Hökumətə tövsiyə edilir ki, QHT-lərin yaratdığı sığınacaqlara zəruri maliyyə ayırsın. Qurbanların təhvil verilmə mexanizminin icrası üçün standart əməliyyat prosedurları yaradılsın. Təhvilvermə prosesində QHT-lərin və digər oyunçuların rolu rəsmiləşdirilsin. QHT-lərin üzə çıxardığı potensial insan alveri qurbanlarıyla bağlı iddia olunan cinayətlər araşdırılsın, qurbanlara lazımi xidmətlər verilsin. Hökumət idarələri arasında qurbanların təhvil verilməsi və potensial hallarla bağlı koordinasiya, kommunikasiya yaxşılaşdırılsın və s.

Hesabatda Azərbaycan hökumətinin ötən il 26 şübhəli insan alveri halını araşdırdığı vurğulanır. 2015-ci ildə 29 belə hal təhqiq olunmuşdu. 26 işdən 22-si cinsi istismar, 4-ü əməyin istismarıyla bağlı olub. Ötən il 35 təqsirləndirilən mühakimə olunub, 2015-ci ildə onların sayı 32 idi. 28 cinsi istismar məqsədiylə insan alverçisi məhkum edilib. 2015-ci ildə onların sayı 18 idi, daha 5 məcburi əmək istismarçısı məhkum edilmişdi. Hesabatda Azərbaycan hökumətinin xarici hökumətlərlə əməkdaşlıq etdiyi də bildirilir. Özbəkistan, Gürcüstanla konkret əməkdaşlıq hallarından söz açılır.

Hesabatda hökumətin qurbanların müdafiəsini gücləndirdiyi vurğulanır. Ötən il 70 insan alveri qurbanı müəyyənləşdirilib. Bir il öncə onların sayı 63 idi. Qurbanların 69-u qadın, biri kişi olub. Qadınların hamısı cinsi istismar, kişi isə məcburi əməyin qurbanına çevrilib. Hökumət hər hansı uşaq qurbanın olub-olmadığını açıqlamayıb.

İnsan alveriylə mübarizə departamenti bir qurbanın qorunmasına 154 manat xərcləyib ki, bir il öncə bu rəqəm 109 manat idi. Qurbanlara birdəfəlik 400 manat müavinət də verilib. Hökumətin sığınacağında qalan hər bir qurbana ayda 900 manat xərclənib.

Daxili İşlər Nazirliyi qurbanları dəstəkləyən mülki cəmiyyət fəallarına 15 min manat ayırıb. Qurbanlara Yardım Mərkəzinə 48 min manat verilib. 2015-ci ildə bu məbləğ 44 min manat idi.

Hesabatda göstərilir ki, Azərbaycan son 5 ildə məcburi əmək və cinsi istismara məruz qalan kişilər, qadınlar və uşaqlar üçün mənbə, tranzit və idxal ölkəsi rolunu oynayıb. Azərbaycan kişilər və oğlanlar Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində, həm də öz ölkələrində məcburi əməyə məruz qalırlar. Qadınlar və uşaqlarsa ölkə içində, həmçinin Malayziya, Türkiyə, Rusiya və BƏƏ-də cinsi istismar obyektinə çevrilirlər.

Hesabatda insan alverçilərinin qurbanların yığılmasında internetdən istifadə etdiyi vurğulanır. Azərbaycanın Ukrayna, öncəki illərsə Çin, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistandan qurbanlardan ötrü idxal ölkəsinə çevrildiyi qeyd olunur.Ölkədə özəlliklə roma mənşəli uşaqların dilənçiliyə məcbur edildiyi vurğulanır. Filippinli qadınlarsa evlərdə işlədilir.

Xatırladaq ki, Azərbaycanda İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinator daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazovdur. O, bu ilin aprelində Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə görülən işlərə dair hesabat açıqlamışdı.

Şərhlər

XƏBƏR LENTİ