SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına müraciət ünvanladı

Prezident Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına müraciət ünvanladı

Tarix:

25-07-2022, 12:13

/ 528 dəfə oxundu.
Prezident Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına müraciət ünvanladı

Prezident Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına müraciət ünvanladı


“Sizi Bakıda səmimiyyətlə salamlayır, ən xoş arzularımı çatdırıram. Bu Sammit gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, mütərəqqi düşüncənin paylaşılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Bu, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin iştirakçılarına müraciətində qeyd edilib.

"Hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir. Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsi, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır. Azərbaycanda əhalinin təxminən 23%-ni təşkil edən gənclərin diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qurub yaşadan, eyni zamanda, ümumbəşəri, mütərəqqi ideyaları mənimsəyərək qloballaşan dünyada inteqrasiya etməyə qadir olan nəsil yetişib. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik.

Azərbaycan Respublikası beynəlxalq müstəvidə də gənclər siyasətinin təşviqini daim diqqət mərkəzində saxlayır. Gənclərimizin aparıcı beynəlxalq təsisatların işində yaxından iştirak edir və yeni gənclər platformasının yaradılmasında təşəbbüslərlə çıxış edirlər. Qeyd etmək istərdim ki, Azərbaycanın təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi üzv ölkələrin gənclər dialoqunu, onların davamlı tərəqqisinə nail olmaq üçün atdığımız addımlardan biridir.

BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edən ölkəmizin tarixi Bandunq prinsiplərini rəhbər tutaraq üzv ölkələr arasında qarşılıqlı anlaşma və dəstəyin, həmrəyliyin və əməkdaşlığın genişləndirilməsində, mültikulturalizmin inkişafında, qlobal çağırışların həll istiqamətində hərəkat rolunu daha da artırmasında böyük töhfələr verib. Qoşulmama Hərəkatının sədrliyimiz müddətində yekdilliklə 2023-cü ilə qədər 1 il daha uzadılması Azərbaycanın üzv ölkələr arasında qazandığı nüfuzun, fəaliyyətimizə verilən yüksək qiymətin və bizə olan inam və etimadın bariz göstəricisidir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olmasında aparıcı rol oynamış, ehtiyacı olan ölkələrə maliyyə, humanitar və digər yardımlar göstərib. Ölkəmiz eyni zamanda, hərəkatın təsisatlanması istiqamətində də təşəbbüslərlə çıxış edib. Belə mühüm addımlardan biri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması oldu. Gənclər Sammitinin keçirilməsi və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər təşkilatına çevrilməsi ilə bağlı vacib qərarların məhz ölkəmizdə qəbul edilməsi bizi sevindirir. Biz bunu Qoşulmama Hərəkatına sədrliyimizin növbəti uğuru kimi dəyərləndiririk. İnanıram ki, sammit zamanı təsis ediləcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatı qlobal miqyasda ən mötəbər gənclər təşkilatlarından birinə çevrilərək və öz ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə fəaliyyətin genişlənməsinə töhfə verəcək. Hamınızı bir daha ürəkdən salamlayır, sammitin işinə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Prezidentin müraciətini gənclər və idman naziri Fərid Qayıbov səsləndirib.

Şərhlər

XƏBƏR LENTİ