XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » NİDA bəyanat yaydı: "Dərhal azadlığa buraxılsın"

NİDA bəyanat yaydı: "Dərhal azadlığa buraxılsın"

NİDA bəyanat yaydı: "Dərhal azadlığa buraxılsın"
1-06-2017, 20:52

NİDA Vətəndaş Hərəkatı jurnalist Əfqan Muxtarlının şərlənib həbs olunması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Mayın 29-da Gürcüstanın paytaxtı Tiflis şəhərində jurnalist, Nida Vətəndaş Hərəkatının üzvü, Qarabağ döyüşlərində könüllü şəkildə iştirak etmiş, qazi Əfqan Muxtarlı naməlum şəxslər tərəfindən oğurlanıb. Ailəsi və yaxınları Gürcüstan polisinə müraciət etsə də heç bir nəticə əldə olunmayıb. Yalnız 21 saatdan sonra o vəkili ilə əlaqə saxlaya bilib və Azərbaycanda Dövlət Sərhəd Xidmətində saxladığını deyib.

Bundan sonra vəkil Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşüb və o, baş verənləri vəkilə ətraflı danışıb. Gürcüstanda oturum icazəsi olan Əfqan Muxtarlı Tiflis şəhərində bir neçə gürcü xüsusi xidmət orqanı əməkdaşı tərəfindən başına torba keçirilərək zorla maşına mindirilib və naməlum istiqamətə aparılıb. Daha sonra boş bir ərazidə əlini arxadan bağlayıb döyüblər və yenidən gözlərini "skoç"la bağlayaraq, 3 maşın dəyişərək Azərbaycan sərhəddinə gətirilib. Sərhəddə cibinə 10000 avro pul qoyularaq DSX əməkdaşlarına təhvil verilib. Ondan sonra isə Bakıya DSX mərkəzi qərargahına gətirilib.

Azərbaycan hakimiyyəti artıq tək ölkə daxilində yox, ölkə xaricində də repressiyalara, fərqli fikir daşıyıcılarına qarşı qanunsuz həbslər həyata keçirməyə başlayıb. Bu artıq üçüncü oxşar saxta ittihamlarla həbs edilmiş Azərbaycan vətəndaşıdır. Bundan əvvəl AXCP sədrinin müavini Gözəl Bayramlı Azərbaycan sərhəddində, Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının təsisçilərindən biri, cərrah Fərman Ceyranlı isə həmin ölkədə həbs edilib.

Baş verənlər bir daha sübut edir ki, Azərbaycanın hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir. Ölkəni saldıqları ağır iqtisadi-siyasi böhrandan çıxarmaqda aciz olan, artan sosial narazılıq və kütləvi işsizliyin qarşısını almaqda çətinlik çəkən hakimiyyət çıxış yolunu müxalif düşüncəli insanları şərləyərək həbs etməkdə görür.

Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin bu pis niyyətli əməllərinə avrointeqrasiya yolunu seçmiş Gürcüstan hakimiyyəti də şərik olur.

Nida Vətəndaş Hərəkatı olaraq bəyan edirik ki, hakimiyyətin bu repressiv addımları ölkəni saldıqları bataqlıqdan çıxarmayacaq, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan insanları da yolundan döndərməyəcək. Dünyanın ən avtoritar rejimlərindən biri kimi ad çıxarmış Azərbaycan hakimiyyətindən əməllərindən əl çəkməyi, ölkəmizi beynəlxalq ictimaiyyətdə daha çox biabır etməməyi və siyasi məhbusları dərhal azadlığa buraxmağı tələb edirik".

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.