XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » İlham Əliyevdən İslam dövlətlərinə mesaj

İlham Əliyevdən İslam dövlətlərinə mesaj

İlham Əliyevdən İslam dövlətlərinə mesaj
24-05-2017, 09:43

Bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar. Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır.

Bu sözləri Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Prezident qeyd edib ki, Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi:

“Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.

Prezident İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir:
“Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.