XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » “Erməni kartı”ndan Azərbaycana qarşı istifadə limiti bitib - GƏLİŞMƏ

“Erməni kartı”ndan Azərbaycana qarşı istifadə limiti bitib - GƏLİŞMƏ

“Erməni kartı”ndan Azərbaycana qarşı istifadə limiti bitib - GƏLİŞMƏ
9-10-2021, 19:00


Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıla son səfəri zamanı İran da daxil olmaqla , Ermənistanın bütün himayədarlarına mühüm mesajlar verdi. Onlardan ən birincisi budur ki, Azərbaycan hər hansı təzyiqə rəğmən, xarici siyasətdə tərcih elədiyi indiki balanslı kursdan əsla imtina etməyəcək, özünün dost-müttəfiqlərinin səfinə onların diktəsi, arzusu və tələbi ilə düzəlişlər eləməyəcək.


Digər mühüm ismarış bu idi ki, Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur, ancaq öz torpaqlarını da kimsəyə güzəşt etmək və ya alver predmetinə çevirmək niyyətində deyil. Söhbət Qarabağdan gedirsə, bir daha aydın şəkildə bəyan edildi ki, “Dağlıq Qarabağ” məsələsi tarixdə qalıb və kimsə də onu təzədən, süni şəkildə siyasi gündəmə daşımağa çalışırsa, boşuna vaxt itirir. Başqa bir mesaj bu oldu ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə, burun soxmağa heç kəsə, o cümlədən İrana imkan verilməyəcək.

*****

Beləcə, Prezident Güney Qafqazın aparıcı ölkəsinin paytaxtı kimi Bakının “qırmızı xətləri”ni göstərdi. Buna bahəm, bir daha qonşu İranı və Ermənistanı dağıdıcı, təxribatçı yox, qurucu yola, əməkdaşlığa dəvət elədi. Regionda dinc-yanaşı yaşamağın, bölgəni ifrat silahlanmadan, müharibə risklərindən xilas eləməyin ortaq “yol xəritəsi”ni də göstərdi: “dördlük”, “beşlik”, “altılıq” formatları.

Bu xüsusda başqa bir mesaj o oldu ki, xaricdən edilən təzyiqlər Azərbaycanın Qarabağı dirçəltmək və Böyük Qayıdışla bağlı strategiyasına təsir eləməyəcək və bu strategiya mütləq sona çatdırılacaq. Odur ki, yaxşı olar, İran da, “erməni kartı”ndan hələ də Azərbaycana qarşı yararlanmaq istəyən digər güclər də yeni statusla barışıb bizimlə əməkdaşlıq yolu tutsunlar, konfrontasiya kursu yox. İlk növbədə də öz maraqları naminə. Zəngəzur dəhlizi kimi bölgənin bütün ölkələrinə fayda verəcək layihələrə mənasız yerə dirəniş göstərməsinlər.

Çünki şərtləri artıq Bakı diktə edir. Zaman gedir. Əks halda, az sonra oyundankənar vəziyyətdə qalmağa görə özlərini qınamalı olacaqlar. Ona görə ki, heç bir xarici təhdid Azərbaycanı bölgədəki açar rolundan məhrum edə, tutduğu yoldan sapdıra bilməyəcək. Azərbaycanla dostluq edən bal, pislik edən isə zəhər və zərbə yeyəcək!..

****

Yeri gəlmişkən, Bakı İsrail kimi, İranı da Qarabağdakı quruculuqda iştiraka dəvət edib. Ancaq cənub qonşumuz İsraili bəhanə gətirərək, imtina edib. Özü bilər. Ancaq İranın bunun üstündən bizimlə hədə dili ilə, hikkə ilə danışmağa başlaması, hətta sərhədimizdə “əzələ” nümayiş etdirməyə cəhd eləməsi heç bir dəftər-kitaba, qonşuluq dəyərlərinə sığmır. Biz hələ Tehran rəsmilərinin dil boğaza qoymadan bəyan elədikləri dindaşlığı, qardaşlığı demirik.

Aydındır ki, İran bu cür davranışla ən əvvəl Ermənistana reverans edir, kapitulyant ölkənin qeyri-konstruktivliyinə stimul verməklə onun Azərbaycanla sülh müqaviləsi imzalamasını əngəlləməyə çalışır. Çünki belə bir müqavilə görünür, cənub qonşumuzu rahatsız edir, ona görə ki, 2-ci Qarabağ müharibəsinin böyük sülh müqaviləsi ilə bitməsi Azərbaycan və qardaş Türkiyənin bölgədə daha dominant mövqeyə çıxmasına gətirəcək. Üstəgəl, yoxsul, blokadada olan Ermənistanda Türk faktorunu gücləndirəcək, ölkəyə Türk kapitalının axınını təmin edəcək.

Ancaq bu, Azərbaycanın yaratdığı yeni və obyektiv geosiyasi reallığın diktəsidir və nə İran, nə də ələlxüsus onun “ikinci nəfəs” vermək istədiyi Ermənistan onu əngəlləyə biləcək. Cənub qonşumuz əbəs yerə özünü dağa-daşa salmasın. İran xarici işlər nazirinin təzəcə başa çatan və faktiki fiasko olan ilk Moskva səfəri də göstərdi ki, Tehran Bakıya münasibətdə yanlış yoldadır, təkdir və bu yoldan çəkilməsə, ən böyük ziyana uğrayan olacaq. Ümid eləmək qalır ki, cənub qonşumuz tezliklə hədənin ünvanını səhv saldığını anlayacaq...

*****

Azərbaycanın 44 günlük müharibədən sonra bölgədə atdığı bütün addımlar öncəliklə beynəlxalq hüquqa, sonra tarixi ədalətə, ardınca mənəvi dəyərlərə söykənir. Odur ki, kimsənin önündə üzü kölgəli deyilik, çəkinəcəyimiz bir şey də yox!

Azərbaycanı hədəf seçməklə Tehran nə qazandı ki. Dünyada Ermənistandan savayı (o da hələ mübahisəlidir) faktiki dostu qalmayan İrana 50 milyonluq Azərbaycan xalqının onsuz da zəif olan inamı kökündən sarsıldı. İranın Bakıda “Mədəniyyət Mərkəzi” adına uzun on illərdir fəaliyyət göstərən təxribat yuvası bağlandı və yəqin ki, bir daha açılmayacaq. “5-ci kolon” sağalmaz yara aldı.

Tanınmış türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağarın haqlı vurğuladığı kimi, ümumiyyətlə, “İran Azərbaycanı iştahından keçirməsin, Azərbaycan onun iştahı üçün çox böyükdür”. Əlavə edərdik: həm də həddindən artıq böyük. Uda bilməz, boğazında qalar və... boğular! Bizdən xəbərdarlıq eləmək. İran yerini və həddini bilsin. Hələ gec deyil.

*****

“Müasir mollakratik İran bu gün mənə SSRİ-ni - inqilabın yaratdığı ideoloji qanunlarla yaşayan dövləti çox xatırladır”.

Bu sözləri isə rusiyalı tanınmışı tarixçi alim və siyasi analitik Oleq Kuznetsov deyib (Axar.az). O bildirib ki, bu dövlət növü 3 nəsil üçün nəzərdə tutulmuş təbii mövcudluq siklinə malikdir: “Babalar inqilabi ideologiya ilə silahlanaraq dövlət yaradırlar. Onların uşaqları körpəlikdən bu ideologiyanı qəbul edərək, inersiya üzrə gücləndirməyə davam edirlər. Lakin babaların inqilabi ideologiyasının təsirinə məruz qalmadan böyümüş nəvələr bu dövləti əvvəlki kimi saxlaya bilmirlər. Buna görə də belə dövlətin ömrü uzun deyil - cəmi 40-50 il. Deməli, hazırkı İran öz qürubuna yaxınlaşıb. Deyilə bilər ki, guya SSRİ bu müddətdən artıq, yəni 70 il, yaxud dörd nəsil boyunca mövcud olub. Burada unutmaq lazım deyil ki, bu dövlət İkinci Dünya müharibəsi adlı kataklizmə cəlb edilmişdi. Proletar inqilabçı leninçilərin nəvələri dissident ”altmışıncılar" idi, onları da döyüşçülər - müharibənin qalibləri əvəz etdi. SSRİ-ni qaliblərin nəvələri və inqilabçıların nəticələri dağıtdı. Beləliklə əsas ideoloji şüar “dünya inqilabı”ndan “Böyük Vətən müharibəsində qələbə”yə dəyişdirildi".

Kuznetsovun sözlərinə görə, bu gün İran nəsillərin təbii dəyişməsi anına yaxınlaşır, molla babalar və onların general SEPAH-çı övladları öz potensiallarını artıq tükəndirib, ayətullah nəvələrinin nəsli gəlir. Ona görə də İran tarixi dəyişikliyə məhkumdur.

Necə deyərlər, cənub qonşumuz öz hesabını götürsün...
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.