XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Moskvanın ÜAK seçimi, Bakının kritik gözləntisi - gözlər Putində

Moskvanın ÜAK seçimi, Bakının kritik gözləntisi - gözlər Putində

Moskvanın ÜAK seçimi, Bakının kritik gözləntisi - gözlər Putində
15-05-2017, 09:04

Rusiya-Azərbaycan tərəfdaşlığı təhlükə altında; Türkiyə lideri qısa fasilədən sonra yenidən Rusiyaya gedir; Putinlə görüşdən cəmi iki həftə sonra isə o, ilk dəfə ABŞ prezidenti ilə bir araya gələcək; düşmən tərəf təlaşda; erməni tarixçi: "Ankara və Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edə bilər"
Bu gün - mayın 15-də Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyat məsələsinə baxacaq. Bəzi məlumatlara görə, məhz bu gün 16 ildir mövcud olan böyük bir ictimai təşkilat haqda qəti qərarın çıxarılacağı gözlənilir - özü də hökmün neqativ olacağı söylənilir.
Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya qanunvericiliyinin pozulduğu iddia edir. Bundan qabaq məhkəmə iki dəfə - son olaraq isə aprelin 26-da işə baxmağı təxirə salıb.
*****
Gözlənildiyi kimi, belə bir iddia Azərbaycanda ciddi etiraz doğurub, hətta “açıq səmada şimşək” effekti yaradıb. Diaspor təşkilatlarımız, ictimai-siyasi xadimlər, deputatlar bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyi barədə xəbərdarlıq ediblər. Ötən həftəsonu isə Azərbaycandakı Rus İcması, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi xüsusi etiraz bəyanatları yayıb, mayın 12-də isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiyaya gedib.
Vəziyyətin ciddiliyini Diaspora Komitəsinin bəyanatındakı aşağıdakı sitatdan da aydın görmək olar. Əslində belə bir bəyanat müraciətdən daha çox, Rusiya isteblişmentinə ünvanlı xəbərdarlıq sayılmalıdır. Sitat: “Təəssüf hissi ilə bildiririk ki, son dövrlər daxil olmuş məlumatlar Rusiyada müəyyən anti-Azərbaycan dairələrin ÜAK-ın fəaliyyətini dayandırmaq istiqamətində xüsusi fəallıq göstərdiyini, təşkilatın bağlanması üçün məhkəməyə təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir. Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir.... ÜAK-ın fəaliyyətinin dayanması iki ölkənin ümumi mənafelərinə tamamilə ziddir və yalnız Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əleyhinə olan qüvvələrin maraqlarına xidmət edə bilər”.
*****
Bəs, məhkəmənin qərarı nə olacaq? Soydaşlarımızın Rusiyadakı ən böyük təşkilatı yaşayacaqmı, yola davam, yoxsa tamam deyiləcək? Bir çox siyasi müşahidəçilərə görə, bu sualın cavabı xeyli dərəcədə Rusiya-Azərbaycan münasibətlərinin xarakterinə və orta perspektivdəki gələcəyinə mühüm işıq salacaq. Yəni qərarın daha çox siyasi mahiyyət daşıyacağı ilə bağlı artıq daşlaşmış rəylər mövcuddur.
Yəqin ki, rəsmi Moskva da vəziyyətin fərqindədir. Onun da yəqin fərqindədir ki, artıq bu məsələ Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir və iki ölkə arasında münasibətlərin gələcəyi üçün növbəti, güclü test kimi qəbul olunur. Bu xüsusda Moskva məhkəməsinin qərarı faktiki şəkildə Kremlin Bakıya özünəməxsus mesajı anlamına gələcək.
Qərar qurumun ləğvi barədə olacaqsa, buna şəksiz ki, ən çox ermənilər və onların Rusiyadakı havadarları sevinəcək, Azərbaycan-Rusiya əlaqələrinə, Rusiyanın Qarabağ məsələsində vasitəçilik imicinə, bütövlükdə Rusiyaya qarşı Azərbaycanda mövcud olan kövrək etimada ciddi zərbə dəyəcək. Yada salaq ki, Kreml rəsmiləri Azərbaycanı strateji tərəfdaş adlandırmaqdan yorulmurlar. Elə isə artıq bu strateji tərəfdaşlıq da ciddi imtahan qarşısındadır.
Onu da unutmaq olmaz ki, Azərbaycan Rusiyanın əsas silah alıcılarından biri, deməli, həm də Rusiyanın problemli büdcəsini zənginləşdirən ölkələrdəndir. ÜAK-la bağlı ləğv qərarı hərbi-texniki əməkdaşlığa da zərbə vura bilər ki, bunun da altını ən çox Rusiya çəkər. Moskva rəsmiləri dəfələrlə bəyan ediblər ki, “biz Azərbaycana silah satmasaq, onu başqa ölkələrdən alacaq”.
Sözsüz ki, işğalçı Ermənistanın marağındadır ki, Rusiya Azərbaycanla silah ticarəti içində olmasın. Ancaq bu, Rusiyanın da dövlət marağındadırmı? Əsla. Deməli, məntiqlə iki ölkə münasibətlərinin aşağı səviyyəyə keçməsini Kreml arzulaya bilməz. O zaman ÜAK qalmaqalı ermənilərə bağlı çevrələrin işidirsə, Putin onları yerində oturtmalıdır. Bu olmazsa, belə qənaət hasil olacaq ki, artıq Kreml başçısı onların diktəsi ilə hərəkət edir. Yaxud nəticə hasil olacaq ki, Putin hakimiyyəti Azərbaycanı nəyə görəsə cəzalandırmaq, sıxışdırmaq xətti götürüb. Nəyə görə? Bunu da yəqin ki, tezliklə biləcəyik.
*****
Heç şübhəsiz, Azərbaycan tərəfi də durumun fərqindədir və ayrılan zaman ərzində ÜAK-la bağlı pozitiv qərar çıxarılması üçün gərəkən bütün texniki işləri, sənədləşmə ilə bağlı qüsurları aradan qaldırıb. Amma və lakin aydındır ki, yekun qərar müstəsna olaraq, rəsmi Moskvanın siyasi iradəsi və xoş məramına bağlı olacaq. Başqa sözlə, qərar hüquqidən çox, siyasi mahiyyət daşıyacaq.
Maraqlıdır ki, Rusiya Ali Məhkəməsinin qərarı ərəfəsində Rusiyanın Azərbaycana qarşı heç də xoş sayılmayan silsilə jest-davranışları qeydə alınıb. O sırada mayın 9-da Moskvada yerli hakimiyyət orqanlarının, polisin açıq təxribatçı mövqeyi nəticəsində separatçı Dağlıq Qarabağ rejiminin saxta bayrağının nümayişə çıxarılması və bu zaman azərbaycanlılarla ermənilər arasında toqquşma yaşanması, bir neçə soydaşımızın həbsi, Rusiya XİN rəsmisi Mariya Zaxarovanın erməni sevgisini etiraf eləməsi və ölkəmizə qarşı həyasız de-marşı, ardınca Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının daha da gücləndiriləcəyi haqda Rusiya rəsmilərinin açıqlamaları, nəhayət, erməni general Andranik Makaryanın birgə rus-erməni hərbi qruplaşmasını guya Putinin icazəsi olmadan Qarabağa yeridə biləcəyi barədə özündənrazı bəyanatı və bu bəyanata Moskvadan hələ də heç bir təkzib reaksiyası gəlməməsini qeyd eləmək olar.
*****
ÜAK-la bağlı qərarın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun siyasi karyerası üçün də az önəm daşımır. Məsələ ondadır ki, 2006-cı ildən səfir vəzifəsində çalışan cənab Bülbüloğlunun diplomat kimi fəaliyyətindən iqtidar çoxdan narazıdır. İddialara görə, Bülbüloğlunun xüsusilə Rusiyadakı diaspora ilə bağlı tutduğu mövqe rəsmi Bakını ciddi şəkildə narazı salıb.
Belə ki, onun 11 illik fəaliyyəti dövründə Azərbaycanın bu ölkədəki diaspor təşkilatları parçalanaraq zəifləyib, bu qurumların böyük bir qismi amorf təşkilatlara çevrilib. Diaspor üzərində liderlik iddiaları diasporun böyük hissəsinin ondan üz döndərməsi ilə nəticələnib və Rusiyadakı diaspora bu illər ərzində əsasən Heydər Əliyev Fondunun zəhməti sayəsində ayaqda qala bilib.
İddialara əsasən, səfir xüsusilə diaspora təşkilatları arasında koordinasiyanı lazımi səviyyədə qura bilməyib, hətta intriqalarda tərəf kimi çıxış edib. Hakimiyyətin P.Bülbüloğlundan əsas narazılığı isə onun Azərbaycanın sabiq vitse-premyeri Abbas Abbasovun vaxtilə rəhbərlik etdiyi “AzerRos”da baş verən parçalanmada sabiq məmurun tərəfini tutması olub.
Rusiyalı siyasi analitik D.Kokordinova görə isə P.Bülbüloğlu ÜAK-ın fəaliyyətinə bəzi hallarda qısqanc münasibət göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndələrinin ÜAK-dan uzaqlaşdırılmasına nail olub. Ən son məlumata görə isə, artıq səfir də vəziyyətin kritikliyini nəzərə alaraq, Əli Hüseynli ilə birgə Rusiya rəsmiləri ilə təmaslara keçib.
*****
Bütün hallarda ÜAK ətrafında yaranan situasiyadan bu qənaətə gəlmək mümkündür ki, iki ölkə münasibətləri növbəti, qəliz bir dövrünü yaşayır. O üzdən Rusiya Ali Məhkəməsinin ləğv qərarı ikitərəfli münasibətlərində hansısa mərhələnin altının cızılması anlamına gələcək. Top Rusiyanın meydanındadır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.