XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidir

Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidir

Şuşa Bəyannaməsi - qardaşlığın rəmzidir
17-06-2021, 09:34

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.

 Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməkdədir. Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanır. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.  
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
 Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, Prezident İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir.  
İmzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir.  Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur.  
 Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türkiyə 2020-ci ildə 1,8 faiz iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 faizdən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir.
 Bəyannamədə “Zəngəzur dəhlizi”nə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir. Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin dəhliz vasitəsilə Naxçıvandan bir başa Türkiyəyə və Avropaya çıxışın əldə olunması böyük nəaliyyətdir.Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə “Zəngəzur dəhlizi”ndən istifadə edəcək. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türk iqtisadiyyatı üçün “Zəngəzur dəhlizi” ixrac marşrutlarının şaxələndirilməsi deməkdir. 

 
İsrafil Kərimov  - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


XalqXeber.Az
ƏN ÇOX OXUNANLAR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.