SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Tarix:

16-06-2021, 15:37

/ 413 dəfə oxundu.
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə  xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı.
 Tarixə nəzər saldıqda görərik ki,  Azərbaycanın  müstəqilliyinə təhlükə olan  məqamlar çox olsa da, 1993-cü ilin  Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Cəbhə hakimiyyəti tərəfindən Yevlax Yunun İlkin Emalı Fabrikinin direktoru vəzifəsindən  “polkovnik”, hətta Milli Qəhrəman səviyyəsinə yüksəldilən Surət Hüseynovun qiyamçı dəstələri  mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin vaxt  Naxçıvan MR Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyev  zəngin təcrübəsinə əsaslanaraq bu məqamı çox yaxşı dərk edirdi ki, paytaxt Bakıda  yaranan xaosun, anarxiyanın, özbaşınalıqların  davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.
1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycan tarixinə qara səhifə kimi yazılıb. Azərbaycan o illərin iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması, ən əsası hakimiyyət hərisliyinin, kreslo davasının pik həddinə çatması ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bir mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, Ulu Öndər   91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini ifadə edərək  bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ona ünvanlanan müraciətə cavabında müstəqilliyimizi tarixi nailiyyətimiz kimi önə çəkərək onun qorunmasını hər kəsin qarşısına  vətəndaşlıq borcu kimi qoymuşdur.
 İyun ayının 4-də Gəncə şəhərində başlanan və  davam edən hadisələrin  narahatlıq doğurduğunu bildirən Ümummilli Lider bildirmişdi ki, şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb.
 Cəmi 1 il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr  Azərbaycanın yeni tarixinin ən faciəli  illəri idi.  AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə yadda qaldı.  Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə istər xarici mətbuata çoxsaylı müsahibələrində, istərsə də xalqa müraciətlərində daim həmin illərdə Azərbaycanın yaşadıqlarına diqqəti yönəldərək bildirirdi ki, bugünkü Azərbaycan həmin illərin Azərbaycanı deyil. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu çağırış da səsləndi ki, hər kəs  bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.
1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı. Bu yolun bələdçisi isə ulu öndər Heydər Əliyev idi. Xalqın təkidli  tələbi ilə  1993-cü il iyunun 9-da Bakıya qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı.  Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. Gəncədə baş verənləri gözləri ilə görüb  qiymətləndirmək  üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla bu şəhərə  gedən Ümummilli Lider  Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək  siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi. 
Həmin  sessiya  başqa bir məqamla da Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli Lider  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.  Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Zəfər  sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. İmzalar arasınqda imzaları ilə  seçilən  müasir müstəqil  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəri olaraq daim inkişaf edir, davamlı uğurlara imza atır. Son 17 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,  işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq idi. Şükürlər olsun Müzəffər Ali Baş Komandanımız bu məqsədiə nail oldu. Şübhəsiz, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, regionda və dünyada liderliyini qoruyacaq.  
 
 
İsrafil Kərimov  - Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Şərhlər

XƏBƏR LENTİ