XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Azərbaycanı ləkələmək istəyən Ermənistan pat vəziyyətində

Azərbaycanı ləkələmək istəyən Ermənistan pat vəziyyətində

Azərbaycanı ləkələmək istəyən Ermənistan pat vəziyyətində
11-06-2021, 18:29

Hadrutda saxlanılan diversantlardan 26-sı bu gün hakim qarşısına çıxarılacaq. Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediləcəklər.

Maraqlıdır, bu işin hüquqi perspektivi varmı? Azərbaycan erməni terrorçularını mühakimə etməklə beynəlxalq ictimaiyyət qarşısında hansı üstünlüklər qazana bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış hüquqşünas Çingiz Qənizadə ilk əvvəl Hadrutda saxlanılan şəxslərin diversant olmasına diqqət çəkib:

“Onlar cinayətkar silahlı birləşmənin üzvləridir. Üçtərəfli sazişdən sonra 60-dan çox silahlı dəstə Ermənistan ərazisindən gələrək Hadrut istiqamətində meşəliklərə çəkilərək Azərbaycan ərazisində təxribatlar törətməklə məşğul olub. Dövlətin güc strukturları ilə birlikdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində isə həbs ediliblər. 

Hazırda onların barəsində istintaq işi yekunlaşıb və çoxlarının işi məhkəmənin baxışına göndərilib. Qanun da məhz bunu tələb edir ki, cinayətkar barədə istintaq aparılsın və məhkəməyə göndərilsin. Hazırda məhkəməsi gedən muzdlu, erməni millətindən olan Livan vətəndaşının məhkəməsi onu göstərir ki, Azərbaycan tərəfini ləkələmək istəyən Ermənistan pat vəziyyətində qalıb. Çünki nə müharibə vaxtı, nə də müharibədən sonrakı dövrdə iddiaları ilə bağlı hansısa bir fakt ortaya qoya bildilər. Fotoşəkillər belə göstərə bilmədilər. Amma biz canlı muzdlunun mühakiməsini aparırıq”.

Həmsöhbətimiz vurğulayıb ki, muzdluların mühakiməsinin aparılması Azərbaycanın beynəlxalq ictimaiyyətdə ona qarşı atılmış ləkələri təmizləməsi deməkdir:

“Bu proses getməlidir. Məhkəmə istintaqı zamanı orada xüsusilə akreditasiya olunmuş xarici nümayəndəliklərin əməkdaşları, jurnalistlər olur. Bu zaman muzdluların, erməni diversantların törətdiyi əməllərin sübut olunması, hətta onlar cinayəti inkar etsə də, foto, videomateriallar, həmçinin zərərçəkənlərin ifadələri ilə cinayətin təsdiq olunması bir daha onu göstərir ki, Azərbaycan hüquqi bir dövlətdir, ölkə ərazisində baş verən cinayətlərə görə millətindən asılı olmayaraq hər kəsin cinayət işinin məhkəməsi və istintaqı gedir və onlar qanun qarşısında cəzalandırılır. Yəni erməni diversantlar kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verib məsuliyyətə cəlb ediləcək. Bunlar Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət təsir göstərir. 

Məhkəmənin aparılma qaydası, onun şəffaflığı, təqsirləndirilən şəxslərə qarşı münasibət, prosedur qaydalarının əməl olunması, cinayətkarların qəfəsdən çıxarılaraq kənarda oturması sübutdur ki, Azərbaycan bu məsələdə də beynəlxalq hüquq normalarını rəhbər tutur. Şahbaz və Dilqəmin əsirlikdə olarkən hansı formada məhkəmə zalına gətirildiyi məlumdur. Başları əyili, qolları qandallı, üzləri maskalı idi. Kiçik bir dar otaqda avtomatla yanlarında dayanırdılar. Bu, onların hüquqa olan hörməti idi. İndi isə biz özümüzün hüquqa olan hörmətimizi göstəririk”.

Hüquqşünas diversantların hər birinin Azərbaycan qanunlarına əsasən, layiqli cəzasını alacağını qeyd edib:

“Amma gələcəkdə onların hansısa bir formada əfv edilərək öz dövlətlərinə və ya üçüncü bir dövlətə verilməsi artıq Prezidentin konstitusion hüququdur. İndi onlar sadəcə Azərbaycanın məhkəmələri tərəfindən ədalətli qaydada mühakimə olunaraq cəzalarını alacaqlar və heç bir dövlət bununla bağlı irad bildirə bilməz”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.