XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Vüqar Rəhimzadə: "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır

Vüqar Rəhimzadə: "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır

Vüqar Rəhimzadə: "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır
10-06-2021, 16:50

«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdıqdan sonra ölkəmizin həyatında yeni dövr- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq mərhələsi başladı. Cənab İlham Əliyev bu fikri xüsusi diqqətə çatdırdı ki, azad edilmiş ərazilərimiz ən yüksək səviyyədə, müasir texnologiyalar əsasında bərpa ediləcək, soydaşlarımız üçün gözəl şərait yaradılacaq. Möhtərəm Prezidentimizin 19 aprel 2021-ci il tarixli “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında» Sərəncamı da bu məqsədə xidmət edir. Bu kimi dövlət sənədləri bir daha təsdiqləyir ki, şəhər və kəndlərimizdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bu işlərin həyata keçirilməsi prosesində informasiya texnologiyalarının tətbiqi, həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Təqdirəlayiq haldır ki, artıq «Ağıllı şəhər» və «Ağıllı kənd» konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə imzalanan Prezident Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.»
Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, azad edilmiş ərazilərdə şəhərlər və kəndlər “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında, dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi şəraitində qurulacaq: «Bununla paralel olaraq digər şəhər və kəndlərimizdə də buna oxşar layihələrin icrası nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev «Əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik» fikirləri ilə yeni layihənin məqsəd və məramını, eyni zamanda, üstünlüklərini təqdim edir.»
Baş redaktor bildirib ki, hər bir yenilik kadr potensialının artırılması məsələsini gündəmə gətirir: «Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmizdə peşəkar kadr potensialı yaranıb. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək, ölkədə təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması fonunda iqtisadi inkişafın səviyyəsinə uyğun olaraq kadr hazırlığının prioritetliyini önə çəkdi və artıq bu siyasətin uğurlu nəticələri göz önündədir. Azərbaycan texnoloji proseslərin inkişafına görə də dünyada birincilər sırasındadır. İstər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə bunun bir daha şahidi olduq. Həmçinin 2019-cu ildən dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərin videoformatda təşkili də Azərbaycanın bu sahədə mövcud imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları, əksəriyyətinin savadlı mütəxəssislər kimi ölkəmizə qayıtmaları kadr potensialımızı gücləndirir. Dövlətimizin başçısının əsas tələbi budur ki, kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Bu sintezin yaradılması əsasında hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Bu baxımdan işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin müasir dövrün reallıqlarına uyğun olaraq gündəmə gətirdiyi yeni çağırışlarına və tələblərinə cavab verir. Azərbaycanın postmüharibə dövrü üçün təqdim etdiyi yeni iqtisadi inkişaf modelinin əsas tərkib hissələrindən biri kimi «Ağıllı şəhər» və «Ağıllı kənd» layihələri beynəlxalq səviyyədə də təqdir edilir.»
V.Rəhimzadə vurğulayıb ki, bu layihələr, ilk növbədə, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır: «Hər bir layihə yenilik olmaqla yanaşı, möhkəm təmələ əsaslanır. Azərbaycanın iqtisadi qüdrəti və bunun fonunda maliyyə imkanlarının artması hər bir layihənin uğurlu sonluqla başa çatdırılmasını şərtləndirir. "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələrinin icrası müasir texnologiyaların və innovasiyaların tətbiqi əsasında sosial-iqtisadi xidmətin keyfiyyətini daha da yaxşılaşdıracaq. Şübhəsiz, bu layihələrin ilk olaraq işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməsi ölkəmizin həmin əraziləri qısa zamanda bərpa edib soydaşlarımızın Böyük Qayıdışını təmin etmək istəyindən irəli gəlir. Artıq dövlətimizin başçısı İlham Əliyevin Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı kəndində «Ağıllı kənd» layihəsinin təməli qoyulub. Möhtərəm Prezidentimiz bu mühüm hadisə ilə Böyük Qayıdışın başlandığını bildirib.»
«İki sahil» qəzetinin baş redaktoru bu məqamı da xüsusi qeyd edib ki, «Ağıllı şəhər» və «Ağıllı kənd» layihələri 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurla reallaşdırılması nəticəsində paytaxt və bölgələr arasında fərqin aradan götürülməsinə böyük dəstək olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.