SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Qədim Ağdamda geniş bərpa-quruculuq işlərinə start verildi

Qədim Ağdamda geniş bərpa-quruculuq işlərinə start verildi

Tarix:

29-05-2021, 21:18

/ 533 dəfə oxundu.
Qədim Ağdamda geniş bərpa-quruculuq işlərinə start verildi

Ağdam ölkəmizdə iqtisadi potensialının böyüklüyünə görə seçilən rayonlardandır. Ərazisinin 92 faizindən çoxu məhsuldar torpaqlar olan Ağdam rayonu eyni zamanda böyük sənaye potensialına malikdir. Bu gün həm Ağdam, həm işğaldan azad edilmiş digər ərazilərimizin Baş planının hazırlanması və artıq Ağdamın Baş planının təsdiq edilməsi işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin başlamasından xəbər verir.
May ayının 28-i Respublika günündə Ağdam şəhərinə səfər edən Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək rayonun, eləcə də qədim Ağdam şəhərinin bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı işlərdən danışıb. Prezident qeyd edib ki, hazırda Şuşa şəhərinin Baş Planı hazırlanıb, Füzuli, Cəbrayıl şəhərlərinin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan Ağdamda təsdiqlənəcək. 
Səfər zamanı Ağdam şəhəri üçün çox önəmli olan 140 illik tarixə malik  1 saylı məktəbin, gələcəkdə Ağdamda iş yerlərinin yaradılması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu. Bu parkda yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Həmçinin İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verildı. Ölkə başçısı bildirdi ki, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulub.
Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Səfər zamanı 125 hektarlıq böyük meşə sahəsinin təməli qoyuldu. Burada böyük bir meşə zolağı,  süni göl yaradılacaq, kanallar, körpülər inşa ediləcək. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bunun üstünlüyü ondan ibarət olacaq ki, işğaldan azad edilmiş və işğala qədər aqrar rayonlar kimi tanınan rayonarımızda da sənayeni inkişaf etdirmək mümkün olacaq. Ağdamda sənaye parkının yaradılması da məhz bundan xəbər verir.
Sənaye parkına sənaye sektorunun fərqli sahələri üzrə sərmayənin cəlb edilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərimizdə dörd iqtisadi mərkəzin formalaşdırılması həyata keçiriləcək və bu da sənaye də daxil olmaqla fərqli sektorlarını inkişafına zəmin yaradacaq.
Eyni zamanda, “ağıllı şəhər” və “ağıllı kənd” modeli həm kommunal xidmətlərə çıxış imkanlarını artıracaq, sosial xidmətlərə əlçatanlığı genişləndirəcək. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə qurulan inkişaf modeli sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatının da böyük töhfə vercək.
Qeyd edilməlidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində həm müharibə, həm də diplomatik müstəvidə aparılan uğurlu işlər, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində Vətən müharibəsində Ermənistan  məğlub edərək sülh sazişi imzalamağa məcbur edildi. Vətən müharibəsində Ordumuz dayanmadan qətiyyətlə irəlilədi və hər gün yeni ərazilərimizi işğaldan azad edərək xalqımızı sevindirdi. Hərbi qulluqçularımızın istifadə etdiyi taktika, hücum əməliyyatları dünyanın aparıcı ali hərbi təhsil müəssisələrində öyrənilir və nümunə göstərilir.
Vətən müharibəsi yalnız Ermənistan üzərində Qələbə deyil, Ermənistanın havadarları da daxil olmaqla ölkəmizin qüdrətinin dünyaya təzahürü idi. İkinci Qarabağ müharibəsindən sonra artıq dünya başa düşdü ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. Azərbaycanın terrora, faşizmə qarşı mübarizədə tutduğu qətiyyətli mövqe dünyada nüfuzumuzu daha da gücləndirir. Dövlətimizin başçısının Ağdam rayonuna, habelə daha əvvəllər işğaldan azad edilmiş digər rayonlara səfərləri Ermənistanın törətdiyi vandalizm aktlarının, ekoloji terrorun dünyaya göstərilməsi üçün mühüm əhəmiyyət daşıyır.  Eyni zamanda, beynəlxalq ictimaiyyət bir daha gördü ki, Ermənistan 30 illik işğalı dövründə ərazilərimizdə hər şeyi məhv edib və talayıb. 
Ermənistanın müharibədə məğlubiyyəti, bu vaxtadək aparmış olduğu işğal siyasəti, habelə faşizm rejimi və törətdikləri digər əməllər onun tənəzzülünü sürətləndirib. Bu gün böhran içində olan Ermənistan rəhbərliyi yalnız bir-birini günahlandırmaqla təsəlli tapır, başa düşmür ki, günah hamısındadır. Azərbaycan güclü, qüdrətli olmasına baxmayaraq, münaqişənin hər zaman sülh yolu ilə həllinin tərəfdarı idi, lakin Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi. Nəticə isə onlar üçün çox ağır oldu. Bu gün Ermənistan yaşadıqlarından dərs çıxarmalı, bir daha hər hansı təxribat fikrinə düşməməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Şərhlər

XƏBƏR LENTİ