XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Şuşada keçirilən “Xarıbülbül” festivalı milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi

Şuşada keçirilən “Xarıbülbül” festivalı milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi

Şuşada keçirilən “Xarıbülbül” festivalı milli birlik, qürur,  zəfər, ləyaqət bayramına çevrildi
16-05-2021, 16:26

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz bərpa oldu. Otuz ilə yaxın müddətdə işğal altında olan ərazilər dağıdılmış, erməni barbarlığı və vandalizmi ilə üz-üzə qalmışdı. Artıq tarixi ədalət bərpa olunub, işğal altında olan torpaqlar əsl sahibinə qayıdıb. İşğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir.  
Şuşa şəhəri həm ölkəmizdə, həm də İslam və Türk dünyasında xüsusi ağırlığı olan tarixi gerçəklikləri və zəngin mədəniyyət elementlərini özündə birləşdirən tarixi şəhərdir. Uzun illər boyunca Şuşa şəhəri xalqımızın qəlbində daim sızıldayan itki, işğal altında olan ərazilərimizdən biri idi. Hər il mayın 8-də Şuşanın işğal tarixini dərin hüznlə yad edirdik. Nəhayət, tarixi ədalət bərqərar olundu və Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz işğal altında olan digər ərazilərimizlə birlikdə Şuşa şəhərini də düşmən tapdağından azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Əzəli və əbədi torpaqlarımızın işğaldan azad edilməsi ilə hər bir azərbaycanlı fəxr edir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi barədə Azərbaycan Prezidentinin verdiyi xəbər şanlı Zəfər tariximizin ən parlaq səhifəsi oldu.
Şuşanın işğaldan azad edilməsini özünə mənəvi borc bilən Prezident İlham Əliyev bu qədim Azərbaycan şəhərinin işğaldan azad olunmasının Vətən müharibəsində xüsusi rolu olduğunu hər zaman qeyd edir. Sözsüz ki, Şuşa qalasının düşmən işğalından azad edilməsi xüsusi düşünülmüş taktika, relyefə uyğun qurulmuş və yüksək səviyyədə hazırlanmış döyüş planı, ən əsası isə qəhrəman oğullarımızın canı-qanı bahasına göstərdikləri böyük şücaət sayəsində mümkün olub.
Vətən müharibəsində qazanılan Zəfərdən qısa müddət sonra ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez işğaldan azad edilmiş ərazilərimizə səfərlər edirlər. Orada aparılan abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni təməlatmalarda iştirak edir, tikintilərin icrasına dair tövsiyələr verirlər. Ölkə başçısı həmin səfərlərdən birində növbəti tarixi hadisənin anonsunu verdi, Şuşaya öz tarixi kimliyini qaytararaq bu gözəl şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və qısa müddət ərzində Şuşada “Xarıbülbül” musiqi festivalının keçiriləcəyini bildirdi.
Ölkə başçısının tapşırığı Heydər Əliyev Fondu tərəfindən qısa müddətdə, həm də böyük uğurla icra edildi və mayın 12-13-də, düz 32 ildən sonra mədəniyyət paytaxtımız olan Şuşada “Xarıbülbül” musiqi festivalı çox yüksək səviyyədə baş tutdu. Bu musiqi festivalının təşkili, yüksək səviyyədə keçirilməsi, habelə festivalın Vətən uğrunda həlak olan şəhidlərimizə həsr olunması hamımızın qəlbində böyük iftixar doğurdu. İnamla deyə bilərik ki, Zəfərimizin qəhrəmanlarına həsr olunan festival Vətən müharibəsində qazandığımız Qələbənin bütün sahələrdə uğurla davam edəcəyinin əyani təcəssümü oldu.
 Keçirilən musiqi festivalı qazanılmış Zəfərin bölgə üçün əhəmiyyətini bir daha göstərdi, eyni zamanda, işğalçıdan fərqli olaraq Azərbaycanın mədəniyyətə, tarixə, dinə və digər dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Tədbirdə ölkəmizdəki bütün etnik və dini icmaların nümayəndələrinin birgə iştirakı isə bizim vahid amal uğrunda birləşdiyimizi dünyaya nümayiş etdirdi. Bu festival böyük mədəniyyət hadisəsi olmaqla yanaşı, ölkəmizin Azərbaycanda yaşayan bütün xalqların doğma ocağı, öz evi olduğunu göstərdi. Dünya ictimaiyyətinə göstərdi ki, dinlərimiz müxtəlif olsa da, vahid Vətənimizi qorumağa hər an hazırıq. Vətən müharibəsi günlərində dünya bu birliyimizi görmüşdü, indi bir daha əmin oldu. Qazanılmış Zəfərdə Azərbaycanda yaşayan bütün icmaların payı var. Ermənistandan və onun himayədarlarından fərqli olaraq ölkəmizdə ksenofobiya yoxdur. Azərbaycan multikulturalizmi, tolerantlığı həyat tərzi olaraq seçmiş bir ölkədir və “Xarıbülbül” festivalı multikulturalizmin simvoluna çevrildi.
Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması, “Xan qızı Natəvan” bulağından suyun gəlməsi Şuşa şəhərinin tarixi kimliyinin bərpası idi. Hər il keçirilməsi nəzərdə tutulan “Xarıbülbül” festivalı ilə yanaşı, gələn il Şuşa şəhərinin 270 illik yubileyinin qeyd olunacağı da onu deməyə əsas verir ki, Qarabağımıza uzun müddətdən bəri həsrətində olduğumuz nəfəs gəlir.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.
Beləliklə, Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri olmaqla yanaşı, böyük tarixi Qələbənin təntənəsi oldu.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.