XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Bakının yaratdığı yeni reallıq... - İrəvan Azərbaycanın regiondakı liderliyini qəbul etməyincə...

Bakının yaratdığı yeni reallıq... - İrəvan Azərbaycanın regiondakı liderliyini qəbul etməyincə...

Bakının yaratdığı yeni reallıq... - İrəvan Azərbaycanın regiondakı liderliyini qəbul etməyincə...
13-04-2021, 13:49

Artıq əminliklə demək olar ki, kapitulyasiya edən Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, qalib Azərbaycana qarşı revanşa cəhd edib, 44 günlük müharibənin nəticələrinə İrəvanın xeyrinə hansısa düzəlişlər eləmək mümkün olmayacaq. Bunu indi məğlub ölkədəki radikal müxalifət də etiraf eləməyə başlayıb.

O sırada sabiq prezident, Xocalı hərbi canisi Robert Köçəryanın ötən həftə Rusiya telekanalına, aparıcı Vladimir Poznerə verdiyi müsahibədə söylədiyi “Ermənistan hazırda elə vəziyyətdədir ki, revanş haqda düşünmək ağılsızlıq olar” fikri heç də dostu - Rusiya prezidenti Vladimir Putinə xoş gəlmək xətrinə yox (Kreml rəhbəri 10 noyabr üçtərəfli sənədindən imtinanın Ermənistandan ötrü özünəqəsd olacağı barədə xəbərdarlıq edib), məhz acı gerçəyin etirafı olaraq dilə gətirib.

Təbii ki, müxalifət həm də erməni toplumundakı ovqatdan çıxış edir. O toplum ki, siyasi opponentlərin baş nazir Nikol Paşinyanı zorla devirmək səylərinə keçən 5 ayda ciddi dəstək vermədi və yekunda zorakı yolun səmərəsizliyini anlayan müxalifət erkən seçkilərə qatılası oldu. Hər necə olmasa, erməni cəmiyyəti bu dəqiqə nə qisas hayındadır, nə də ordu quruculuğu. Onu təcili şəkildə sosial-iqtisadi böhrandan qurtulmaq, çörək, iş yerləri maraqlandırır. Bundan ötrü isə illərdir bölgədə bağlı qalan yollar, kommunikasiyalar qısa zamanda açılmalı, iki əsas qonşu dövlət - Azərbaycan və Türkiyə ilə münasibətlər qaydaya salınmalıdır. Necəsi məlum.

*****

Hələ ki bu yöndə Ermənistanda tam ictimai-siyasi dərkdən danışmaq mümkün olmasa da, tunelin ucunda zəif də olsa, işıq görünür. “İşıq” isə daha çox hakim partiya üzvlərindən gəlir.

“Biz Türkiyə ilə danışmalıyıq. Əgər danışmasaq, bunu bizim əvəzimizə başqası edəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri ötən həftəsonu Ermənistanın hakim “Mənim addımım” blokunu üzvü, parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə verdiyi müsahibədə deyib.

“Birinci Qarabağ müharibəsi zamanı Türkiyə Ermənistan rəhbərliyi ilə təmasda idi. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hətta Türkiyə prezidenti Turqut Özalın dəfn mərasiminə qatılmışdı. Mən Mehrinin komendantı olduğum vaxtlarda Naxçıvanın daxili işlər naziri ilə danışıq aparırdım. Biz döyüşürdük, amma həm də danışırdıq. Türkiyə ilə danışmalıyıq. Danışmasaq, başqası bizim əvəzimizə danışacaq. Nə vaxtsa söhbətlər aparılmışdı, hətta Serj Sərkisyan futbol oynamışdı (Ankara və İrəvan arasında ”futbol diplomatiyası" nəzərdə tutulur - red.). Bu da normaldır. Danışmaq lazımdır, bir-birinə güllə atmaqdansa, danışmaq daha yaxşıdır", - deyə Köçəryan vurğulayıb.

*****

Zaman-zaman yazdığımız kimi, erməni xalqının səadəti, dinc və əmin-amanlıq içində varlığı həmsərhəd olmayan uzaq Rusiyaya yox, məhz qonşu Azərbaycan və Türkiyəyə bağlıdır, Bakı və Ankara ilə birgə olmaqda, onlarla eyni istiqamətdə addımlamaqdadır. Bütün bu olanlardan sonra gerçəkdən də, İrəvan üçün Türkiyə, Azərbaycanla danışmaq, anlaşmaq İrəvandan ötrü hazırda həyati önəm kəsb edir.

Daha bir səbəbə: supergüc Türkiyə regionda artıq Rusiya qədər önəmli, vazkeçilməz dövlətdir. Üstəlik, qardaş ölkə bölgə və onun hər üç ölkəsi ilə bilavasitə həmsərhəddir. Rusiya isə yalnız Gürcüstanla, o da 2008-ci ildə ilhaq elədiyi Cənubi Osetiya və Abxaziya vasitəsilə qapıbir qonşudur. Gürcüstan-Rusiya sərhədi çətin ki, açılsın, çünki Moskva iki separatçı qurumu “müstəqil dövlət” kimi tanıyıb və orada özünün böyük hərbi kontingentini yerləşdirib. Nəticədə iki ölkə arasında əlaqələr qeyri-müəyyən müddətə korlanıb. Pozulan Tiflis-Moskva münasibətlərinin altını isə yenə ən çox Ermənistan çəkir. Ona görə ki, Rusiyadan Ermənistana Abxaziyadan (Gürcüstandan) keçməklə gələn dəmir yolu konflikt ucbatından on illərdir işləmir. Ümid qalır Azərbaycan vasitəsilə Rusiyaya çıxışa - hansı ki, 10 noyabr və 11 yanvar üçtərəfli sənədlərində əksini tapıb...

Yəni yenə o məqama gəlib çıxırıq: Ermənistan qonşu Azərbaycan və Türkiyəsiz tərəqqiyə qovuşa bilməyəcək. Onun tək nicat yolu vaxt itirmədən Bakı və Ankaranın, elə Moskvanın da 5 aydır təklif elədiyi regional əməkdaşlıq platformasına qoşulmaqdır...

*****

“Altı ölkədən ibarət regional əməkdaşlıq platforması çox əla bir təklifdir”.

Bu fikri srağagün Bakıda jurnalistlərə açıqlamasında Türkiyədəki Maltəpə Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər şöbəsinin professoru Həsən Ünal deyib.

Professor öncə vurğulayıb ki, Azərbaycan 2-ci Qarabağ müharibəsində dünyadakı geosiyasi düzənin dəyişməsi, çoxqütblü dünya düzəninin meydana çıxması və bu bölgədə xüsusilə yeni bir geosiyasi vəziyyətin yaranması sayəsində və ən əsası öz gücü və sərgilədiyi uğurlu bir diplomatiya ilə qalib gəlib. O, bu qələbədə Türkiyənin dəstəyinin, eyni zamanda Türkiyə-Rusiya yaxınlaşmasının verdiyi müsbət nəticələrin də olduğunu qeyd edərək bildirib: “Qarabağ müharibəsində qələbənin Azərbaycan üçün çox vacib hərbi və xüsusilə də psixoloji nəticələri olacaq. Belə ki, bir çox ölkələr milli birliyini, beynəlxalq miqyasda bütövlüyünü milli qurtuluş müharibəsi üzərində inşa edir. Bu, Azərbaycan üçün milli qurtuluş müharibəsi olmasa da, torpaqlarını geri qaytarmağı bacaran bir ölkə olaraq psixoloji üstünlüyü ələ keçirib. Bu millətlərin tarixi baxımından çox vacibdir”.

Ekspertin sözlərinə görə, bundan sonra Azərbaycan Cənubi Qafqazın həm iqtisadi, həm hərbi, həm də diplomatik lideri olub, regionun lider və açar ölkə olduğunu sübut edib. Türkiyənin bu dövrdə Azərbaycana dəstəyinə toxunan professor bunun gözlənilən olduğunu vurğulayıb: “Türkiyədə istənilən hökumət bu dəstəyi verməlidir. Bu baxımdan Türkiyədəki hazırkı hökumətin sərgilədiyi siyasət də çox vacib xalq dəstəyinə sahibdir. Xalq Azərbaycanla bağlı hökumətin siyasətini müdafiə elədi. Hökumətin bu istiqamətdə siyasəti fövqəladə idi və nəticəsi də oldu”.

Ermənistanın hazırda ağır bir travma yaşadığını qeyd edən professor deyib ki, ermənilərin öz mifləri üzərində qurduqları virtual dünyası məhv olub: “İndi onlar yeni bir dünya yaratmalı və həqiqətlərlə üzləşməlidirlər. Bu baxımdan mən xüsusilə Azərbaycan Prezidentinin konstruktiv yanaşma nümayiş etdirdiyini görürəm və buna çox şadam. Ona görə ki, Azərbaycan Prezidenti Ermənistan tərəfinin psixologiyasına zərər verən, onu incidən bir şey demir. Çünki belə situasiyalarda qarşı tərəfi incidəcək, onun psixologiyasına məhəl qoymamaq kimi addımlar atmaq xeyirli deyil. Bunun ölkələr üçün heç bir faydası yoxdur. Amma bunu da qeyd etmək lazımdır ki, nə Türkiyə, nə də Azərbaycan Ermənistanın özünə gəlməsi və həqiqətlərlə də üzləşməsini uzun müddət gözləyə bilməz. Türkiyə və Azərbaycan yoluna davam edəcək. Azərbaycan onsuz da dəyişən, inkişaf edən bir ölkədir. Türkiyə isə artıq regional gücə çevrilib”.

Müharibədən sonra regionda vəziyyətlə bağlı siyasi analitik qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin regional əməkdaşlıq baxımından irəli sürdüyü perspektivlər tamamilə önəmlidir və yerindədir: “Altı ölkədən ibarət regional əməkdaşlıq platforması çox əla bir təklifdir. Bu platformaya digər beş ölkənin qatılmaması üçün heç bir səbəb yoxdur. Gürcüstan və Rusiya arasında problemlər buna maneə kimə görünə bilər, amma bu, baş verməyə də bilər. Gürcüstan layihədə Rusiya ilə dolayı əməkdaşlıq edə bilər. Yəni bu ölkə Azərbaycanla, Türkiyə ilə, İranla əməkdaşlıq edərək dolayı yolla Rusiya ilə da əməkdaşlıq edə bilər Düşünürəm ki, bu platforma yaradılacaq”.

Azərbaycanın xarici siyasətinə və diplomatiyasına toxunan ekspert bunun bir nümunə olduğunu söyləyib: “Azərbaycan həm müharibədən qabaq, həm müharibə dövründə, həm də sonra İran və İsrail kimi ölkəni öz yanında saxlaya bildi. Bu, asanlıqla nail olunacaq bir şey deyil”.

*****

Başqa sözlə, Azərbaycan, faktiki, mümkün olmayanı mümkün eləməyi bacardı. Yekun məlum: mükəmməl hərbi zəfər. Odur ki, məğlub ölkə revanş haqda mənasız yerə baş sındırmaqdansa, “ətəyindəki olan-qalan daşları” da töküb Azərbaycanın regiondakı liderliyini qeyd-şərtsiz qəbul eləməli, müharibə haqda düşünməyi birdəfəlik unutmalı, Bakı və Ankaranın himayəsi və çətiri altında ləngimədən dinc quruculuğa başlamalıdır. Əks halda, Ermənistan adında simvolik dövlətin dünyanın coğrafi xəritəsindən silinməsinə hazırlaşmalıdır...
//musavat.com//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.