XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Türkdilli dövlətlər arasında əməkdaşlıq güclənir

Türkdilli dövlətlər arasında əməkdaşlıq güclənir

Türkdilli dövlətlər arasında əməkdaşlıq güclənir
3-04-2021, 16:19

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsiə qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Bu görüşü, əslində, türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürü kimi qiymətləndirmək olar.
Azərbaycan bu təşkitala 2019-cu ilin oktyabr ayından sədrlik edir. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına dair Naxçıvan sazişinin imzalanmasının 10-cu ilinə təsadüf edən və 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçmişdi. Ona görə də dünənki Zivə Görüşü Bakıda keçirilmiş VII Zirvə Görüşü, COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşündən sonra Azərbaycanın sədrliyi dövründə dövlət başçıları səviyyəsində keçirilən 3-cü görüşdür.  
Zirvə Görüşündə Prezident İlham Əliyevin əməkdaşlıq və beynəlxalq əlaqələr, həmçinin bir sıra digər sahələrə həsr edilmiş geniş çıxışı diqəti xüsusilə cəlb edir. Görüşdə 44 günlük II Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi barədə geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, bu savaşda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Azərbaycanın tarixi şəhəri Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bu münaqişənin həllində dost və qardaş Türkiyə Respublikasının böyük rolu olmuşdur. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək  və bu zaman hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin.  
Görüşdə yaradılması nəzərdə tutulan Zəngəzur dəhlizinin regionun nəqliyyat sektorunda oynayacaq roluna xüsusi diqqət yetirilmişdir. Üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin nəqliyyat sahəsi olduğunu nəzərə alaraq, Azərbaycan Türkiyədən Mərkəzi Asiyaya və əks istiqamətdə beynəlxalq yükdaşımaların pandemiya dövründə fasiləsiz həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Belə ki, 2020-ci ildə türkdilli ölkələrdən və əks istiqamətdə qeyri-neft sektoru üzrə 2.3 milyon tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu da 2019-cu illə müqayisədə 800 min ton və ya 52% çoxdur.
Bu baxımdan, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. “Zəngəzur dəhlizi”ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaqdır.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı Qədim Azərbaycan torpağı olan Zəngəzurun indi türk dünyasının birləşməsindəki rolunu xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, müharibə artıq başa çatıb, münaqişə tarixdə qalıb. Yeni imkanlar yaranıb. Onların da ən vacibi nəqliyyat imkanlarıdır. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi.  Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya və qonşusu İran ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya Avropa ilə birləşir və bununlada yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir.  
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın sədrliyi dövründə göstərdiyi səylər və təşəbbüslər nəticəsində təşkilatın fəaliyyətinin, üzv dövlətlər arasında əməkdaşlığın pandemiya dövründə nəinki zəifləməsinin qarşısı alınıb, əksinə daha da gücləndirilib və yeni sahələrlə genişləndirilib. Şuranın dünənki zirvə görüşünün yekun bəyanatından da göründü ki, üzv dövlətlər birmənalı şəkildə Azərbaycanın gördüyü işləri dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.