XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Azərbaycan Vətən müharibəsindəki tarixi Qələbəsi milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynadı

Azərbaycan Vətən müharibəsindəki tarixi Qələbəsi milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynadı

Azərbaycan Vətən müharibəsindəki tarixi Qələbəsi milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynadı
11-03-2021, 12:05

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın
düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Otuz il əvvəl - Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Lakin ölkəmiz Ermənistanın əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi baxımdan inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ulu öndər məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə, dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Ümummilli lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.
Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə, ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atıldı. Bu baxımdan, Ulu Öndərin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Müdrik şəxsiyyətin 2002-ci il dekabrın 27-də imzaladığı fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır. Bir qədər əvvəl isə – 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Prezident İlham Əliyevin sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Bu baxımdan, diaspor quruculuğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirdi.
Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının rəhbər tutduğu əsas prinsiplər Prezident İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, xüsusilə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsinə diqqəti daha çox cəlb edərək IV Qurultaydakı çıxışında diqqətə çatdırdı ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir.
Azərbaycanın dünya birliyində təbliğ edilməsi, xüsusilə Qarabağ həqiqətlərinin tam təfərrüatı ilə dünya birliyinə obyektiv şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolu çox yüksək qiymətləndirilir. Fondun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son 17 ildə beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, "Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Real faktlara, tutarlı sübutlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırdı.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edildi, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verildi. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş və dünyanın müxtəlif ölkələrində yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə ICESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edildi.
Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 25-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul etmişdir. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində davamlı olaraq mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuş və abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva 2017-ci ilin fevral ayında Belçikaya işgüzar səfəri çərçivəsində Xurşidbanu Natəvanın abidəsini ziyarət etmişlər. Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart ayında ermənilər tərəfindən vandalizmə məruz qalmış Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir. 2020-ci ildə Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa edilmiş abidəsinin yenidən açılışı oldu.
Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə artıq bir sıra ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb.
Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarını yeni platformalarda birləşdirir. Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd ölkəmizin milli maraqlarını beynəlxalq münasibətlər sistemində uca tutmaq, ictimai, siyasi və mədəni sahələrdə təbliğ etmək, geniş əlaqələr yaratmaqla düşünülmüş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır. Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun məqsədi dünyadakı diaspor təşkilatlarımıza maliyyə dəstəyi göstərməkdir. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət edən 12 Koordinasiya Şurası yaradılmışdır ki, bunlar da ümumilikdə, 26 ölkəni əhatə edir. ABŞ və Türkiyədə şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılmış və bu istiqamətində fəaliyyət “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.
Qeyd etmək vacibdir ki, son illərdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunub. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir. “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə, vahid platformadan çıxış etməsi hər iki dövlətin daim bir-birinin yanında olmasının bariz nümunəsidir. Biz buna Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq ölkə Prezidentinin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə, 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahid olduq.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdiyi günlərdə, xalqımız bütünlüklə, müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı.
Nəticədə, rəşadətli Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, dövlətimizin başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirdiyini, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.
Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar.
Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsi ilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülüb.
Bununla yanaşı, azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunması dövlətimizin bu istiqamətdə apardığı siyasətə mühüm töhfədir. Bu baxımdan, ümumavropa Qarabağ mitinqlərinin keçirilməsi xaricdə yaşayan azərbaycanlıları ölkəmizin milli maraqlarının qorunması, xüsusilə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birləşdirməsi mühüm addımlardır.
Xüsusilə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə, 44 gün ərzində reallığa çevrildi və xalqımıza böyük sevinc yaşatdı. Xaricdə yaşayan azərbaycanlılar da rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında, eləcə də Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, maddi-mədəniyyət nümunələrimizin dağıdılması haqqında yaşadıqları ölkələrin ictimaiyyətinə dəqiq məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da Xocalı soyqırımının 29-cu anım günündə 30-dan çox yerli və xarici media nümayəndələri üçün tarixi mətbuat konfransında 4 saatdan artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün 50-yə yaxın suala konkret faktlarla cavabları informasiya savaşında da əhəmiyyətli rol oynadı. Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-lərinin gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.
Azərbaycanın Vətən müharibəsinin gedişində olduğu kimi, sonrakı dövrdə də, o cümlədən 2021-ci ildə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bütün dünyada yaşayan azərbaycanlıların müxtəlif formatlarda anım tədbirləri daha geniş miqyas aldı. Xüsusilə, ABŞ, Türkiyə, Böyük Britaniya, Bolqarıstan, Yaponiya, Pakistan, Niderland, Finlandiya, Avstraliya, İsveçrə, Polşa, Belçika, İsveç, Ukrayna, İspaniya, Almaniya, Gürcüstan, Macarıstan, Estoniya, Avstriyanın bir sıra şəhərlərində aksiya, sərgi və s. təbliğat xarakterli tədbirlər, eləcə də xarici ölkələrin KİV-lərində müxtəlif dillərdə çoxsaylı müsahibə və məqalələri qeyd etmək vacibdir.
Azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində, xüsusilə, Qarabağ həqiqətlərinin və Vətən müharibəsində düşmən üzərində əldə etdiyimiz qələbəmizin qazanılması istiqamətində fəaliyyətlərinə görə bir qrup soydaşımız təltif olunmuşdur ki, bu da dövlətimizin Azərbaycan diasporuna diqqət və qayğısının bariz nümunəsidir. Dövlət başçımız bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.
Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında rəşadətli ordumuzun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Prezident İlham Əliyevin erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində fəaliyyəti informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu, Azərbaycan diasporunun ziyalıları və ən əsası isə qəlbi daim Vətənlə döyünən soydaşlarımızı informasiya müharibəsi istiqamətində düşmən üzərində əldə etdiyimiz qələbənin qazanılmasında daha da ruhlandırdı və azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində müstəsna rol oynadı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.