XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq

Erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq

Erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq
18-02-2021, 23:56

“Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən çox maraqla qarşılanır, eyni zamanda, hər birimizi ruhlandırır. Bu ərazilərdə artıq böyük inkişafın təməlləri atılmaqdadır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ildən çox müddətdə erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq”.
E.Nuriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə budəfəki səfəri bir sıra mühüm işlərə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Prezident İlham Əliyev, ilk növbədə, Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu xətti nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcək. “Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazır olmasını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev həm də bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq. Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir”.


Nuriyev Elman Qoçu oğlu,
Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.