XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Erməni məntiqinin təzadları

Erməni məntiqinin təzadları

Erməni məntiqinin təzadları
4-02-2021, 12:41

Erməni deputatlar öz lobbiçiləri ilə təmaslarını bərpa edib və yenidən beynəlxalq platformalarda anti-Azərbaycan fəaliyyətinə başlayıblar. AŞPA-nın keçən həftə keçirilən sessiyasında erməni nümayəndə heyəti “hərbi əsirlərin” və digər saxlanılan şəxslərin Ermənistana qaytarılmasının ləngidilməsinin Azərbaycan tərəfindən insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməməsi kimi dəyərləndirilməsi barədə qərar çıxarılmasına cəhd göstərmişdi. Ermənilər tərəfindən hazırlanmış qərar layihəsi AŞPA bürosunda müzakirə olunub və onun plenar sessiyaya çıxarılmasına rədd cavabı verilmişdi.
Bu fikirlər Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Erməni məntiqinin təzadları” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Bununla yanaşı, dünən Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçiləri Andrey Kovaçev, Jelyana Zovko və PƏK həmsədri Marina Kalyurand birgə bəyanat verərək Qarabağ münaqişəsinin həlli prosesini ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirməyə çağırıb. Bəyanat müəllifləri, həmçinin tərəflər arasında qarşılıqlı etimadı artırmaq məqsədilə erməni “hərbi əsirlərinin” tez bir zamanda geri qaytarılmasına və eləcə də humanitar yardım göstərilməsi və tarixi abidələrin mühafizəsi məqsədilə beynəlxalq təşkilatların heç bir maneəsiz əraziyə buraxılmasına çağırış ediblər.
Maraqlıdır ki, münaqişənin başa çatdığı və artıq keçmiş münaqişə tərəfləri arasında qarşılıqlı olaraq nəqliyyat kommunikasiyalarının açılması barədə hökumətlər səviyyəsində danışıqların getdiyi bir vaxtda Avropa siyasətçiləri yenidən ATƏT-in Minsk qrupu çərçivəsində müzakirələrə qayıtmağa çağırırlar.
Məgər Avropa bu münaqişənin başa çatmasında maraqlı deyildimi və münaqişə başa çatdıqdan və torpaqlar işğaldan azad olunduqdan sonra Minsk qrupu nəyi tənzimləmək istəyir?
Son 30 ildə bölgəmizdə baş vermiş bütün hadisələri və torpaqlarımızın işğaldan azad olunmasından sonra bir sıra beynəlxalq qurumların və Avropa təsisatlarının gedişlərini təhlil edərkən doğrudan da bir sıra güc mərkəzləri kimi, Avropa qurumlarının da bu münaqişənin başa çatmasında və bölgədə sülh yaranmasında maraqlı olmadığı üzə çıxır. AP və AŞPA kimi iki oxşar seçkili orqanda eyni məzmunlu erməni təxribatına diametral fərqli yanaşma da məhz bunu göstərir.
AP-də ölkəmizə qarşı səslənən fikirlər həm də bir sıra AP üzvlərinin AŞPA deputatlarına nisbətən daha çox erməni lobbisinin yedəyində getdiyini və hələ də erməni lobbiçilərinin təsiri altında Azərbaycana təzyiq etməyə hazır olduqlarını göstərir.
Əslində bütün AP üzvlərini öz ölkələrinin vətəndaşları seçib və onlara İttifaq parlamentində məhz özlərinin maraqlarını təmsil etmələrini həvalə ediblər. Amma avropalı deputatlar nədənsə öz seçicilərini kənara qoyub, təmsilçisi olmadıqları Ermənistan siyasətçilərinin və onların maliyyə sandığı rolunda çıxış edən erməni lobbiçilərinin riyakar maraqlarına xidmət edirlər. Çıxışlarında və çağırışlarında “Avropa dəyərləri” adlandırdıqları “beynəlxalq hüquq”, “demokratiya” və “insan haqları” anlayışlarına istinad etməyi heç vaxt unutmayan Avropa siyasətçiləri Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirəndə nədənsə bu dəyərləri unudurlar. Avropa dəyərləri sırasında adı keçməyən “xristian həmrəyliyi” isə beynəlxalq hüququ da, demokratiya və insan haqlarını da kölgədə qoyur. Bu Avropa siyasətində özünü açıq-aşkar göstərən ən parlaq təzaddır. Biz bunu uzun illər ərzində dalana dirənmiş Avropa-Türkiyə münasibətlərində də görürük.
Daha bir təzad ondan ibarətdir ki, bir tərəfdən, Ermənistan baş naziri və müdafiə naziri indiyədək Qarabağ ərazisində saxladıqları Ermənistan hərbi qüvvələrini ləğv etmək haqqında fikir səsləndirirlər və bu haqda erməni mətbuatı xəbər yayır. Digər tərəfdən isə erməni deputatları və diasporu beynəlxalq qurumlarda Azərbaycana qarşı təzyiq siyasətini gücləndirməyə cəhd edirlər. Bu barədə də erməni mətbuatının yazdığına görə, iqtidar fraksiyasının deputatı, Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri Ruben Rubinyan belə deyir: “...Avropa İttifaqı, AŞPA və istənilən digər beynəlxalq təşkilatların tribunalarından nə qədər çox Azərbaycana qarşı təzyiqlərin səslənməsinə nail ola bilsək, bir o qədər bizim üçün yaxşıdır”.
Ümumiyyətlə, erməni məntiqinin təzadlılığı bizim üçün yeni bir tapıntı deyil. Amma Ermənistanın dövlət siyasəti haqqında erməni baş nazirinin səsləndirdiyi fikirlərlə onun partiyadaşlarının beynəlxalq qurumlardakı fəaliyyətindəki tərs-mütənasiblik artıq təzad yox, siyasi ikiüzlülük və riyakarlıqdır. Bu kimi addımlarla erməni siyasətçiləri yenə də özlərini “əzabkeş xalq” kimi göstərməyə çalışır, müxtəlif bəhanələr altında beynəlxalq qurumların və Qərb dövlətlərinin bölgədəki proseslərə müdaxiləsinə şərait yaratmağa səy göstərirlər. Bu səylərində onlara dəstək verənlər isə özlərini dünyada sülh yaratmağa çalışanlar rolunda təqdim edən, əslində isə münaqişənin davam etməsində maraqlı olan beynəlxalq təşkilatlar və Avropa qurumlarıdır.
Bu, Avropanın mövqeyidir. Biz bunu çoxdan bilirik. Mübarizəmizdə haqlı olduğumuzu, qələbəmizdə əmin olduğumuzu, Ermənistana və bütövlükdə regionumuzda və dünyada baş verən hadisələrə münasibətdə obyektiv olduğumuzu da bilirik. Amma təəssüf ki, Azərbaycanda gözüyumulu “Avropa dəyərləri” haqqında əfsanələrə heyran olanlar və guya Avropanın milli dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmlənməsində maraqlı olduğunu düşünənlər və hətta buna inananlar da var. Bir də hakimiyyətə gəlmək üçün guya buna inandığını göstərənlər var. Bu inamda israr edənlər bilməlidirlər ki, “Avropa dəyərləri” ilə erməni ikiüzlülüyü arasında “qohumluq” da var.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.