XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Prezidentdən tarixi mesajlar: Şuşanın dirçəldilməsi konsepsiyası - GƏLİŞMƏ

Prezidentdən tarixi mesajlar: Şuşanın dirçəldilməsi konsepsiyası - GƏLİŞMƏ

Prezidentdən tarixi mesajlar: Şuşanın dirçəldilməsi konsepsiyası - GƏLİŞMƏ
29-01-2021, 10:58

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Vətən müharibəsinin getdiyi günlərdə “Şuşasız işimiz yarımçıq olar” deməklə Azərbaycanın bu tarixi, cənnət guşəsinin azad olunacağının anonsunu vermişdi. Çox keçmədi ki, bütün xarici təzyiqlərə, maneçiliklərə baxmayaraq, dövlət başçımızın qətiyyəti və ordumuzun şücaəti sayəsində Şuşa düşməndən azad edildi. Təsadüfi deyildi ki, qalib Komandan Şuşanın erməni işğalından qurtuluşu ilə bağlı xoş müjdəni Azərbaycan xalqına Şəhidlər Xiyabanından etdiyi müraciəti zamanı verdi.

Prezident yanvarın 14-15-də Şuşada olarkən verdiyi bəyanatları ilə də Azərbaycanın ayrılmaz parçası olan bu şəhərin azadlığına nə qədər böyük önəm verdiyini bir daha nümayiş etdirdi.

Qeyd edək ki, dövlət başçısıişğaldan azad edilmiş ərazilərimizdə xüsusi nümayəndəliklərin yaradılması barədə sərəncam imzalayıb və artıq Prezidentin ilk nümayəndəsinin məhz Şuşa şəhərinə təyin olunması da ölkə başçısının Azərbaycanın ürəyi olan qala-şəhərə verdiyi xüsusi önəmin, yüksək dəyərin növbəti təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Prezident A.Kərimova bildirib ki, Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyinatla sizə böyük etimad göstərilir: “Əminəm ki, siz bu məsuliyyəti dərk edəcəksiniz və öz işinizlə qarşınızda duran vəzifələrin icrasına çalışıb onları yerinə yetirəcəksiniz. Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu mənim təşəbbüsümlə yanvarın 19-da yaradılmışdır. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”, deyə, dövlət başçısı bildirib.

Prezident bildirib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyib. “Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər. Amma buna baxmayaraq, heç kim buna inanmırdı. Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir”,-ölkə rəhbəri əlavə edib. Dövlət başçısı xatırladıb ki, hətta 1920-ci illərdə bizim torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanın əhalisinin əksəriyyəti azərbaycanlılar olub və işğal dövründə əhalinin 98 faizi azərbaycanlılar idi. “Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq. Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan?”,- dövlət başçısı düşməni ittiham edib. Prezident qeyd edib ki, biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq: “Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq. Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır”. Prezident bir daha deyib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır”.

Prezidentin Şuşaya təyin etdiyi səlahiyyətli nümayəndə ilə təması zamanı söylədiyi fikirlər, çıxışdan da göründüyü kimi, həm də qarşıya qoyduğu milli hədəflər və Şuşanın dirçəldilməsi konsepsiyasıdır. Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yanvarın 19-da yaradılmasından sonra ilk xüsusi nümayəndənin məhz Şuşaya təyin edilməsi, qeyd etdiyimiz kimi, adi məsələ deyil. Prezidentin kursu göstərir ki, o, Şuşanı nəinki Azərbaycanın, Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevirmək niyyətindədir...

Dövlət başçısı deyib ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik: “Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır. Təsadüfi deyil ki, bu yaxınlarda qəbul etdiyim iki nümayəndə heyətinin başçısı Şuşaya xüsusi diqqəti dilə gətirib. İCESCO-nun Baş katibi mənimlə görüş zamanı bildirdi ki, onlar təklif edəcəklər ki, Şuşa İslam mədəniyyətinin paytaxtı elan edilsin. Bu, bizi çox məmnun edən bir addımdır. Onu da bildirməliyəm ki, bu günə qədər Azərbaycanın iki şəhəri bu şərəfli ada layiq görülmüşdür - Bakı şəhəri və Naxçıvan şəhəri. Mən xatırlayıram, İCESCO belə qərarı qəbul edəndə bir neçə il əvvəl qərar verilir, ondan bir neçə il sonra artıq o şəhər bu şərəfli ada layiq görülür. Növbə də var, sıra da var. Ona görə belə bir bəyanatın Bakıda səslənməsi xüsusi məmnunluq doğurur. Eyni zamanda bu yaxınlarda Türk Şurasının nümayəndə heyəti ilə görüş əsnasında Türk Şurasının Baş katibi də belə bir təklif irəli sürdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Baxın, bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var. Bu, təsadüfi deyil. Ona görə biz, əlbəttə ki, Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq. Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. ”Xarı bülbül" festivalı, “Vaqif poeziya günləri” bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir".

İlham Əliyev deyib ki, bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik: “Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır”.

Ölkə rəhbəri deyib ki, tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir: “Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır. Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm”,- dövlət başçısı deyib. Əlavə edib ki, “biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında dedi ki, ilk xüsusi nümayəndənin məhz Şuşaya təyin olunması Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə, xüsusilə Şuşanın Azərbaycan tarixində və mədəniyyətində oynadığı yerə və rola verdiyi dəyərin və önəmin göstəricisidir: “Möhtərən Prezidentimiz İlham Əliyev Şuşaya təyin etdiyi səlahiyyətli nümayəndə ilə görüş zamanı bir sıra vacib məqamlara toxundu. Azərbaycan heç zaman Şuşanın işğalı ilə barışmayacaqdı. Şuşa tarixi Azərbaycan torpağıdır bu ərazilərin ermənilərlə heç bir əlaqəsi yoxdur. Düşmən tarixi nə qədər saxtalaşdırmağa çalışsa da, buna nail ola bilmədi. Hazırda biz postkonflikt dövrünü yaşayırıq. Qarşıda çox mühüm vəzifələr durur: erməni vəhşiliyini və barbarlığını dünyaya çatdırmaq, Qarabağı dirçəltmək və dünyanın ən abad və gözəl regionlarından birinə çevirmək”. Millət vəkili dövlət başçısının çıxışına istinadən qeyd etdi ki, artıq bu işlərə başlanılıb: “Azərbaycan qısa müddətdə bu işləri uğurla başa vuracaq. Bu da reallıqdır ki, ermənilər şəhərdəki bütün tarixi abidələri dağıdıblar, talayıblar, Azərbaycanın izlərini itirməyə çalışıblar. Şəhərin tarixi, mədəniyyət abidələri və ənənələri həssaslıqla bərpa olunmalıdır”. Deputat bir məqamı da xatırlatdı: “Türkiyə televiziyalarına müsahibə verərkən Prezident İlham Əliyev xüsusi vurğulamışdı ki, Şuşasız bizim qələbəmiz tam sayılmaz. Ermənistan rəsmiləri də xüsusi vurğulamışdılar ki, Şuşa kimdədirsə Qarabağ onundur. Bu bir daha Şuşanın strateji və siyasi əhəmiyyətini göstərir. Şuşanın Azərbaycan tarixindən özünəməxsus yeri var. Şuşa tarixən Azərbaycan mədəniyyət paytaxtı və məbədi olub. Bura Azərbaycana bir çox tarixi şəxsiyyətlər və simalar bəxş edib. Bu ənənə davam Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ”Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Bəli, Azərbaycan dövləti qısa müddətdə Şuşanı bərpa edəcək, buranı dünyanın abad və ən gözəl şəhərlərindən birinə çevirəcək. Ermənilər isə “dəmir yumruğ”u heç zaman unutmasınlar. Bir də unutsalar, bu, onlara çox baha başa gələcək".
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.