XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » AŞPA ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur

AŞPA ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur

AŞPA ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur
7-06-2020, 16:27

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Xüsusilə, 1993-cü ilin ikinci yarısından sonra bu istiqamətdə qətiyyətli addımlar atıldı. Həmin vaxtdan başlayaraq ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, o cümlədən inkişaf etmiş digər dövlətlərlə, həmçinin qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, demokratik inkişafa transformasiya siyasəti aparılır. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra isə Azərbaycanın dünya birliyinə inteqrasiyası daha geniş vüsət alıb.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
Çingiz Qənizadə deyib ki, son illər Azərbaycanın mötəbər qurumların tədbirlərinə ev sahibliyi etməsi, ABŞ, Rusiya və NATO generallarının mühüm məsələlərin müzakirəsi üçün Azərbaycanı məkan kimi seçmələri, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqların mütəmadi olaraq ölkəmizdə keçirilməsi düşünülmüş uğurlu xarici siyasətin bariz nümunəsidir. Artıq Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır. Təbii ki, qısa müstəqillik tarixinə malik bir respublikanın dünya birliyində nüfuz sahibi, inkişaf etmiş dövlətlərin diqqət mərkəzində olması anti-Azərbaycan qüvvələri narahat etməyə bilməzdi.
Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda da Azərbaycanı inkişaf etmiş dövlət kimi dəyərləndirməsi və ölkəmizlə hərtərəfli əməkdaşlığa, eləcə də gələcəkdə həyata keçiriləcək iri infrastruktur layihələrə dəstək verməyə hazır olduğunu bildirməsi respublikamızın inkişafını gözü götürməyən qüvvələri ciddi təşvişə salıb. Odur ki, Azərbaycanın getdikcə artan nüfuzuna xələl gətirmək üçün min bir oyundan çıxır, ikili standartlardan əl çəkmir və Ermənistanın beynəlxalq hüququn normalarına zidd hərəkətlərinə, işğal siyasətini davam etdirməsinə, günahsız insanları qətlə yetirməsinə, işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni seçkilər keçirməsinə göz yumur, bununla da beynəlxalq hüququn normalarına hörmətsizliyə şərait yaradırlar. Belə təşkilatlardan biri də özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən Avropa Şurasının Parlament Assambleyasıdır. Bu qurumun açıq şəkildə ayrı-seçkilik, ikili standart mərəzindən əl çəkə bilməməsi, Ermənistanın işğalçılıq siyasətini görməzliyə vurması insan hüquq və azadlıqlarının pozulmasına şərait yaratmasından xəbər verir.
Otuz ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır. Ancaq bu müddət ərzində Avropa Şurası işğalçı Ermənistanı bir dəfə də olsun öz adı ilə çağırmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız doğma ata-baba ocaqlarından zorla didərgin salınıb. Avropa Şurası soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasında indiyədək Ermənistanı günahlandıran bir dənə də qətnamə qəbul etməyib və işğal etdikləri əraziləri qeyd-şərtsiz tərk etmələri barədə tələb irəli sürməyib. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması istiqamətində ədalətli mövqe sərgiləməməsi də qurumun ölkəmizin sürətli inkişafını həzm edə bilməməsindən irəli gəlir. Bütün bunlar bir yana, Ermənistanın açıq şəkildə beynəlxalq hüquq normalarını pozaraq işğal etdikləri Azərbaycan ərazisində qeyri-qanuni seçkilər keçirməsinə də Avropa Şurası bu vaxtadək etirazını bildirməyib. Digər beynəlxalq qurumlar, eləcə də inkişaf etmiş dövlətlər bu ədalətsizliyə etirazlarını bildirdikləri və seçki şousunu tanımadıqları barədə bəyanat verdikləri halda, Avropa Şurasının hələ də susqunluq nümayiş etdirməsi bu quruma olan nifrəti daha da artırıb. “Mən Milli Məclisin deputatı olarkən Azərbaycan parlamentinin AŞPA-da nümayəndə heyətinin, eyni zamanda, Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü kimi Avropa Şurasının tədbirlərində, eləcə də AŞPA-nın sessiyalarında dəfələrlə iştirak etmişəm və həmişə də bu qurumların ölkəmizə qarşı qərəzinin, böhtan və iftirasının şahidi olmuşam. Hər dəfə də müxtəlif kütləvi informasiya vasitələrində bu qərəzlərə kəskin etirazımı bildirmişəm. Bu qurumların ermənipərəst qüvvələrin əlində alətə çevrildiyini də bəyan etmişəm. Bütün bunları faktlarla əsaslandırmışam”, - deyə Ç.Qənizadə bildirib.
Hüquq müdafiəçisi qeyd edib ki, AŞPA-nın ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməsi barədə artıq heç bir şübhə yeri qalmayıb. Son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi Prezident İlham Əliyevin də diqqətindən yayınmayıb. Ölkəmizin başçısı bir neçə gün əvvəl Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışı zamanı da bu faktı diqqətə çatdırdı. Ölkə başçısı Ermənistanda olduğu kimi, hazırda Dağlıq Qarabağda da xunta rejiminin hökm sürdüyünü bildirdi. Dedi ki, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!.
Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyən işğalçı Ermənistanın qəddarlığına, bir milyondan artıq soydaşımızın hüquqlarını kobud şəkildə pozmasına laqeyd yanaşan bir qurumun insan hüquq və azadlıqlarının müdafiəsindən danışmağa haqqı çatırmı? Məhz buna görə də dövlətimizin başçısı bu qurumun ölkəmizlə bağlı qəbul etdiyi sənədləri kağız parçası adlandırdı. Dedi ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər kağız parçasından başqa bir şey deyil. Ölkə Prezidentinin çıxışındakı “Bütün Azərbaycan ictimaiyyəti görür ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır” fikri bu təşkilatın iç üzünü bir daha ortaya qoydu. Dünyada baş verən ədalətsizliyə, polis zorakılığına, nümayişçilərə qarşı tətbiq edilən zorakılığa, dinc aksiya iştirakçılarının öldürülməsinə, onlara əzab-əziyyət verilməsinə, kütləvi surətdə həbs edilmələrinə, jurnalistlərin döyülməsinə, həbs edilməsinə heç bir münasibət bildirməyən Avropa Şurasının ölkəmizə “demokratiya dərsi” keçmək cəhdi ikrah hissi yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, belə qurumlar güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, guya bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və onların Dağlıq Qarabağda keçirilən saxta seçkilərin nəticələrini tanıyıb- tanımamaları bizim üçün maraqlı deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.
Bu gün dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığını, zorakılığını, insanların polis tərəfindən döyülməsini, təhqir edilməsini, dinc aksiyaları xüsusi öyrədilmiş itlər və atlar vasitəsilə dağıdılmasını “görməyən” Avropa Şurası kimi qərəzli bir qurumun nüfuzu, demək olar ki, heçə enib. Belə qurumların qərəz və böhtanları, yalan və iftiraları ölkəmizin inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlərə heç bir problem yarada bilməz. Çünki Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara söykənən müstəqil xarici siyasət yürüdür. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.