SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Fuad Muradovun İsveçrə macərası NOTAlı sonluq, səfirdən dəstək...

Fuad Muradovun İsveçrə macərası NOTAlı sonluq, səfirdən dəstək...

Tarix:

4-03-2020, 13:14

/ 990 dəfə oxundu.
Fuad Muradovun İsveçrə macərası NOTAlı sonluq, səfirdən dəstək...

Diaspora Komitəsinin sədri Fuad Muradovun Fransaya səfəri zamanı adı dələduzluqda hallanan, insan orqanlarının alverində və digər ağır cinayətlərdə hallanan bədnam saxta hüquq “professoru” Elşad Abdullayevlə görüşdüyü barədə Time TV-yə istinadən məlumat vermişdik. Elşad Abdullayev ona qarşı açılan cinayət işinin ləğvinə kömək edəcəyi təqdirdə Diaspora Komitəsinin sədrinə bir sıra şirnikləşdirici təkliflər edib. Maraqlıdır ki, bu görüşlərdən sonra Elşad Abdullayev Azərbaycan hakimiyyəti rəhbərliyi əleyhinə yaydığı video və digər materialları internet resurslarından yığışdırıb. Görünür, Fuad Muradov ona hamilik edəcəyini vəd edib. Belə olmasaydı Avropanın müxtəlif ölkələrində ağır cinayətlər törədək 20 ilə yaxın həbs yatmış cinayətkarla görüşməyə razılıq verməzdi.


Muradovun gizli görüşləri nəyə xidmət edir?

Ümumiyyətlə, Fuad Muradov Avropa Birliyi ərazisinə tez-tez səfərlər edir. Gizli görüşlər keçirir. Onun 2 il öncə Berlində radikal mühacirlərlə görüşdüyü də məlumdur. Bu həmin dövr idi ki, “Diktatoru tanıdaq” adlı aksiya keçirilirdi. Belə bir məqam da Muradov nədən gizli görüşlər keçirsin? Təbii ki, bu sualın cavabını Fuad Muradov və onun hamiləri verə bilərlər.

Bizim Fuad Muradovla bağlı yazdığımız məqalədən sonra TİME TV-yə Diaspora Komitəsinin sədri və ətrafına yığdığı şəxslərlə bağlı çoxlu materiallar göndəriblər. İsveçrədən TİME TV-yə göndərilən məlumatda bildirir ki, bir müddət əvvəl Fuad Muradov İsveçrəyə – İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının işini yoxlamaq üçün Bern şəhərinə səfər edib. Bütün səfərlərində olduğu kimi, 5 ulduz lüks oteldə qalan Fuad Muradov və ətrafı gecə saatlarına qədər restoranda əyləniblər. Ardınca otelin holunda əyləşərək yanlarındakı xanımlarla açıq-saçıq, erotik hərəkətlər ediblər. Bu da kənardakıların ciddi etirazına səbəb olub.

Əyələndə məclisi və polisdə gecələmə...

Bilməyənlər üçün qeyd edək ki, İsveçrə Konfederasiyası 26 kanton – yəni, əyalətdən ibarətdir. Bu 26 əyalətdən yalnız Surix əyalətində fahişəlik leqaldı və insanların açıq erotik hərəkətlərinə irad tutulmur. Digər 25 kantonda isə bunu qanun qadağan edir. İctimai yerlərdə qız və ya qadınla erotik hərəkətlər ətrafdakıların hüququnu pozmaq, qadınları alçaltmaq kimi qəbul olunur. Bununla bağlı şəxsi öncə yaxınlıqdakılar xəbərdar etməlidir. Əgər, xəbərdarlığa əməl olunmursa, polisə şikayət edilir və polis məhkəmə vasitəsilə 200 saat icbari işə məhkum edə bilər. Yaxud da 5000 İsveçrə frankı cərimə ödənilməlidir ki, azad olunsun.

İsveçrədəki bu qaydalardan xəbərdar olmayan və vəzifə, pul, diplomatik pasportu olan Fuad Muradov və ətrafı otelin holunda ciddi şəkildə hay-küy qaldırıb, qadınlarla əyləniblər. Bu zaman holda olan bir alman onlara xəbərdarlıq edib. Lakin onlar bunu qulaqardına vurub fəaliyyətlərini davam etdiriblər. Alman polisə zəng vurub. Polis gəlib. Fuad Muradov diplomatik pasportunu göstərərək polisə tabe olmaq istəməyib. Polis əlavə kömək çağıraraq Muradovu və ətrafındakıları polisə aparıb. Onun Azərbaycanın dövlət adamı olmasına şübhə ilə yanaşaraq səhərə qədər polis idarəsində saxlayıblar.

Səhər Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səlahiyyətli səfiri Xanım İbrahimova məsələdən xəbər tutur və İsveçrə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. XİN-də polisə müraciət edir ki, diplomatik toxunulmazlığı nəzərə alaraq Fuad Muradovu azad etsinlər. Polis məcburi Muradovu İsveçrə qanunlarını pozduğuna görə xəbərdarlıq edərək sərbəst buraxır. Lakin məsələ sənədləşir və XİN-ə göndərilir. İsveçrə XİN-i isə öz növbəsində Azərbaycan səfirliyinə NOTA təqdim edir. Fuad Muradov isə səfir Xanım İbrahimovanın vasitəsilə həmin NOTA-nın Azərbaycana göndərilməsinin qarşısını alır. Beləcə, komitə sədrinin İsveçrədəki içkili vəziyyətdə qanunları pozması, Azərbaycan dövlətinin imicinə zərbə vurması gizlədilir. Lakin göründüyü kimi, bunu gizlətmək mümkün deyil.

Biz TİME TV olaraq İsveçrədəki bir vəkil vasitəsilə məsələnin hüquqi tərəflərilə bağlı araşdırma aparırıq və yekunlaşanda nəticəni sizlərə təqdim edəcəyik. Bütün bunlarla yanaşı, Fuad Muradovun Azərbaycan hakimiyyəti adından Avropadakı azərbaycanlılarla bağlı müəyyən sövdələşmələrə cəhd etdiyi bildirilir. Məsələn, Fransada açılan cinayət işində qeyd olunur ki, Fuad Muradov 11 iyun 2018-ci ildə Fransaya qeyri-rəsmi səfər edib. Səfər zamanı Azərbaycanın Fransadakı səfirliyi vasitəsilə Fransanın daxili işlər nazirinin diplomatik məsələlər üzrə müşaviri Frederic Jungla görüşüb. Görüş zamanı Frederic Junga bildirib ki, Azərbaycan hakimiyyəti, ölkə rəhbərliyi Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Azərbaycana göndərilməsini istəyir. Bunu Azərbaycan prezidenti İlham Əliyevin adından söyləyir. Təbii ki, hüquq mühafizə orqanını təmsil etmədiyi halda, işi yalnız Azərbaycandan xaricdə yaşayan azərbaycanlılarla əlaqə yaratmaq olan bir şəxsin bu istəyi maraqla qarşılanır. Etik halda bu istəyin mümkünsüzlüyü bildirilir. Muradov israr edir. Bu halda ona təklif edilir ki, bu təklifi Azərbaycan prezidenti səfərlərində özü Fransa rəhbərliyinə çatdırsın. Lakin iki ilə yaxın müddət ərzində bu məsələ dilə gətirilmir. Fransa polisinin rəhbərliyi də məsələnin Fuad Muradovun şəxsi təşəbbüsü olduğunu düşünərək bu məsələni bu günlərdə araşdırmağa verib.

Beləliklə, məlum olur ki, Fuad Muradovun adı hazırda iki ölkədə hüquq mühafizə orqanlarında qanunları pozan şəxs kimi qeyd olunur. Bizdə olan məlumata görə, artıq Niderland Krallığı hüquq mühafizə orqanları da Muradovla bağlı müəyyən araşdırmalara başlayıblar. Güman ki, yaxın gələcəkdə Fuad Muradov Avropa dövlətlərinin hüquq mühafizə orqanlarının suallarına cavab verəsi olacaq.

AFN olaraq F.Muradov haqda son günlər gündəmə gələn iki məlumata aydınlıq gətirilməsi üçün komitənin rəsmi e-mail ünvanı vasitəsilə müraciət etmişik. Təəssüf ki, qurumdan heç birinə münasibət bildirilməyib. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ