SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bakının qəbul etmədiyi sülhü Türkiyə də qəbul etməyəcək - TƏHLİL

Bakının qəbul etmədiyi sülhü Türkiyə də qəbul etməyəcək - TƏHLİL

Tarix:

4-02-2020, 10:04

/ 908 dəfə oxundu.
Bakının qəbul etmədiyi sülhü Türkiyə də qəbul etməyəcək - TƏHLİL

"Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyə davam edəcəyik. Krımın qanunsuz ilhaqını tanımadıq, bundan sonra da tanımayacağıq”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfəri ərəfəsində hava limanında jurnalistlərə açıqlamasında deyib."Ukrayna ilə yaxın münasibətimizin bir hissəsi də Krım tatarlarıdır. Səfərimizin xeyirli nəticələr verəcəyinə ümidliyəm", - deyə Ərdoğan vurğulayıb.

Moskva-Ankara münasibətlərinin yüksəlişdə olmasına rəğmən, Türkiyə prezidentinin bu açıqlaması şübhəsiz ki, Ukrayna-Türkiyə əlaqələrinə verilən önəmdən daha çox, beynəlxalq hüquqa sayğıdan irəli gəlib. Məsələ ondadır ki, dünyada mövcud olan çoxsaylı qaynar ocaqların, regionda gedən dağıdıcı müharibələrin və davam edən işğalçılıq siyasətinin əsas səbəbi məhz beynəlxalq hüquq normalarına hörmətsizliklə bağlıdır. Söhbət özəlliklə də bəzi fövqəldövlətlərdən gedir.

*****

Ərdoğanın Krımla bağlı son bəyanatı da ilk növbədə həmin güclərə, əsas da Rusiyaya ünvanlanıb. Bu mesajın diplomatik açması odur ki, Moskva Ankara ilə əlaqələrin dərin olmasına çox da arxayın olmasın, qardaş ölkə işğal və ilhaq məsələsində prinsipial mövqeyini dəyişməyəcək, o cümlədən Qarabağ məsələsində.

Yeri gəlmişkən, bu, həmçinin Krımın ilhaqını tanıyan və Azərbaycan torpaqlarının 1/5-ni illərdir işğal altında saxlayan Ermənistana da aydın ismarışdır ki, qardaş ölkə eyni qaydada Azərbaycan ərazilərinin ilhaqını heç vaxt tanımayacaq. Nəinki tanımayacaq, bu işğalın tezliklə bitməsi üçün əlindən gələni edəcək, bu məqsədlə özünün siyasi, diplomatik və hərbi imkanlarını əsirgəməyəcək, təcavüzkarın siyasi təcridini, blokadasını Azərbaycanla birgə davam etdirəcək.

İki qardaş məmləkət arasında ilbəil daha da dərinləşən hərbi və hərbi texniki əməkdaşlıq, intensivləşən birgə təlimlər, böyük hərbi nümayəndə heyətlərinin müntəzəm surətdə həyata keçən qarşılıqlı səfərləri, xüsusən də Naxçıvanda iki qardaş ölkənin birgə və sinxron hərbi fəaliyyəti buna bariz sübut, düşmən tərəfə isə açıq xəbərdarlıq ismarışıdır.

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycanın qəbul eləmədiyi sülhü Türkiyə də qəbul etməyəcək. Ankaranın prinsipiallığından söz düşmüşkən, bu yerdə bir detalı da xatırladaq ki, Türkiyə lideri keçən il rusiyalı həmkarı Putinin Krımda yeni “Cümə” məscidin açılış mərasiminə dəvətini qəbul eləməmişdi.

“Yeni Müsavat” xatırladır ki, Putin 2019-cu ilin martında Krıma səfəri zamanı qeyri-hökumət təşkilatları və dini liderlər ilə görüşü zamanı belə bir söz demişdi: “Prezident Ərdoğanı dəvət etdim. Onun bu məsələdən xəbəri var və anladığım qədərilə bu dəvətə müsbət yanaşıb. Görək necə olacaq, gəlməyə vaxt və imkan tapacaqmı?!”

Lakin Ərdoğan “vaxt və imkan” tapmadı. Yəni dəvətə müsbət yanaşmadı. Çünki əks halda, bu, Krımın ilhaqı ilə barışmaq, Ukraynanı, eləcə də ərazisinin bir hissəsi işğal altında olan digər ölkələri, Azərbaycanı, Gürcüstanı incitmək demək olardı. Eyni məntiqlə onda Ərdoğanın Abxaziyaya səfəri də gərək normal qarşılansın.

*****

Türkiyə rəhbərinin son açıqlaması bir daha göstərdi ki, qardaş ölkə üçün belə məsələlərdə “qırmızı xətt”lər var və onlar heç bir halda, o sırada ikitərəfli əlaqələrin ən yüksək olacağı halda dəyişməyəcək. Bu, habelə “i”nin üstündəki nöqtəni qoymaq anlamına gəlir. Deyildiyi kimi, söhbət həm də həlli uzanan Dağlıq Qarabağ məsələsindən, erməni işğalına son verilməsi zərurliyindən gedir.

Məntiqlə Moskva Krım məsələsində Ankara ilə hansısa anlaşmaya ümid edirsə, heç olmasa, Dağlıq Qarabağ məsələsində pozitiv nümunə ortaya qoymalıdır. Putin Ərdoğanın xahişini nəzərə alıb konfliktin həllinə real töhfə verməlidir ki, Azərbaycan torpaqlarının heç olması bir hissəsi qeyd-şərtsiz azad edilsin.

Məlumdur ki, Türkiyə prezidenti ondan məscid xahişi edən rusiyalı həmkarından azı iki dəfə Qarabağ xahişində bulunub. Əfsus ki, bu xahişlər havada qalıb. Rusiya rəhbərliyi “konfliktin həlli Bakı və İrəvandan asılıdır” deməklə xahişləri mədəni şəkildə rədd edib. Halbuki bütün dünya, o cümlədən də qardaş Türkiyə bilir ki, Ermənistan Qarabağ məsələsində həlledici söz sahibi deyil, onun “ipi” Moskvaya bağlıdır.

Bu xüsusda heç bir şübhə yox ki, Kreml ən azından, Dağlıq Qarabağ ixtilaflının nizamlanmasında Ermənistana təzyiq eləməyincə, konstruktiv mövqeyə köklənməyincə, yaxud qardaş ölkəni də öz yanına alıb onunla birgə problemin həllinə girişməyincə, Türkiyədən də Krım probleminin həllində dəstək gözləməməlidir..

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ