SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Müharibə qalibləri” niyə ağır durumda yaşayır? - TƏHLİL

"Müharibə qalibləri” niyə ağır durumda yaşayır? - TƏHLİL

Tarix:

18-12-2019, 09:53

/ 1 089 dəfə oxundu.
"Müharibə qalibləri” niyə ağır durumda yaşayır? - TƏHLİL

İşğal altındakı Dağlıq Qarabağda olan-qalan erməni əhali məşəqqət içində yaşayır. Ciddi senzuralara rəğmən, gələn məlumatlara görə, xüsusən də gənclər Ermənistandakı həmyaşıdları kimi heç bir perspektiv görmədikləri üçün iş, gözəl həyat üçün baş götürüb gedirlər. Üstəgəl, illərlə davam edən qeyri-müəyyən durum, müharibə vəziyyəti və hərbi əməliyyatlarda “top əti”nə çevrilmək aqibəti bu prosesi daha da sürətləndirib.

Narazılar arasında özünü siyasətdə sayanlar da var. Məsələn, “Yeni Müsavat” Armenianreport.com-a istinadən xəbər verir ki, bugünlərdə Xankəndinin mərkəzində Xankəndi Universitetinin keçmiş müəllimi, “İnqilabi partiya”nın qurucusu Artur Osipyan etiraz aksiyası keçirib. O, yerli güc strukturlarının davam edən özbaşınalıqlarına son qoyulmasını tələb edib və bütün bunlara görə “Bako Saakyanın (separatçı rejimin başçısı - ”YM") və onun öz ətrafına yığdığı generalların günahkar olduğunu" deyib.

“Polisdə xidmət edənlərin çoxu - savadsız və ədəbsiz xuliqanlardır. Hansıları ki, ona görə işə götürüblər ki, yuxarıdan gələn əmri yerinə yetirsinlər. Polisə qanunu başa salmaq nəyə lazımdır ki? Onsuz da Saakyan nə desə, onu edəcəklər”, - deyə müxalifətçi telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda situasiya getdikcə daha da kəskinləşməkdədir: “Güc strukturları insanlara, xüsusən də müxalifətçilərə qarşı zorakılıq tətbiq edirlər. Qarabağda insan haqqı deyilən anlayış mövcud deyil”.

Osipyan separatçı rejimin keçmiş başçıları - Xocalı hərbi caniləri Robert Köçəryanı, Serj Sərkisyanı və Arkadi Qukasyanı da hədəf alıb. Onları “saxta qəhrəmanlar” adlandırıb və indiki vəziyyətə görə onların da cavabdeh olduqlarını vurğulayıb...

***

Əlbəttə ki, işğal altındakı bölgədə həqiqi vəziyyət bildiyimizdən daha ağır və qəlizdir. Başqa cür ola da bilməz.

Bəllidir ki, özünü müstəqil “dövlət” hesab edən bu separatçı-kriminal qurum maliyyə cəhətdən bütünlüklə Ermənistandan asılıdır - hansı ki, özü də işğal siyasəti üzündən Azərbaycan və Türkiyənin tətbiq elədiyi blokada səbəbindən ağır gündədir, Rusiyanın və xaricdəki varlı ermənilərin əlinə baxır. Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan separatçı qurumdakı opponentlərini qorxutmaq üçün Dağlıq Qarabağa yardımı kəsəcəyi ilə hədələmişdi.

Sözsüz ki, Qarabağ problemi həll olunmayınca, nə Dağlıq Qarabağdakı, nə də Ermənistandakı ermənilər ağ günə çıxa bilməyəcək. İqtisadi-sosial durumun bərbad olduğu yerdə isə insan haqlarından, qanunçuluqdan danışmağa dəymir. Ən azı, ona görə ki, yuxarıdakı oliqarxik-korrupsiya dəstəsi “yorğanı” özlərinə tərəf çəkməyə, olan-qalan təbii resursları və digər gəlir mənbələrini mənimsəməyə çalışır.

Bu xüsusda separatçı bölgədə vəziyyət daha acınacaqlıdır. Çünki onun yeganə çıxışı işğal altındakı Laçın rayonu vasitəsilə acından ölən Ermənistanadır. İşğal altındakı rayonlar vasitəsilə İranla sərhədə çıxış isə iqtisadi-ticari əlaqələr, xaricə çıxış baxımından onlara heç nə verməyib. İran hər necə olmasa, qondarma qurumla əlaqələr qurub Azərbaycanla strateji əlaqələrə zərbə vurmaz. Bundan əlavə, rəsmi Tehran vaxtaşırı ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağın islam torpağı olduğunu bəyan edir. Son olaraq, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Bakıda səfərdə olarkən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri bildirib.

Beləcə, ermənilərə bir daha sual vermək gərəkir ki, Azərbaycan torpaqlarının işğalı ilə nə qazandınız, “qalib tərəf” olaraq rifaha, xoşbəxtliyə qovuşa bildinizmi, müharibənin qalibi doğrudanmı sizsiniz? Qalib də bu gündə olarmı?

***

Məsələ də ondadır ki, ermənilər “müharibənin qalibi” olmasaydılar, indi qat-qat yaxşı yaşayırdılar - istər Dağlıq Qarabağ əhalisi olsun, istərsə də qədim Türk yurdu Ermənistandakı əhali. Çünki o zaman Ermənistan blokadadan qurtulacaq, iri regional layihələrin iştirakçısı və tranzit ölkəyə çevriləcək, Azərbaycanın ayrılmaz parçası kimi, Dağlıq Qarabağın erməni əhalisi də ölkənin digər vətəndaşları kimi Azərbaycan dövlətinin himayəsi və qayğısı altında olacaqdı. Bölgəyə ciddi yatırımlar ediləcək, Dağlıq Qarabağ ətraf rayonlarla birgə dərin iqtisadi proseslərə inteqrasiya olunacaqdı, nəinki indi Azərbaycan daxilində anklav “bataqlıq”, kriminal-terrorçu tör-töküntülərin yuvasına çevriləcəkdi.

Sözsüz ki, Qarabağ ermənilərinin hamısı acı reallığı bilir. Onu da yaxşı bilirlər ki, Azərbaycanla dil tapmadan, onun tərkib hissəsi olmadan heç bir inkişaf mümkün olmayacaq. Sadəcə, gerçəyi dilə gətirməyə qorxurlar. Çünki kriminal-diktatura rejimi onları linç etdirə bilər.

Ancaq “tələ yiyəsi” bir gün mütləq gələcək. Antiterror əməliyyatı heç də uzaqda deyil. Müharibə hələ bitməyib. Deyəsən, bunu axı Paşinyan da etiraf eləmişdi. Bitməyən müharibənin isə qalibi olmur...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ