XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Ağ Evin “qara torba” siyasəti ABŞ və Türkiyəni düşmənə çevirib

Ağ Evin “qara torba” siyasəti ABŞ və Türkiyəni düşmənə çevirib

Ağ Evin “qara torba” siyasəti ABŞ və Türkiyəni düşmənə çevirib
19-01-2017, 09:18

Amerikanın Ankaraya yönəlik “fikri ilə zikri” ziddiyyətlidir; Barak Obamanın siyasəti ABŞ və Türkiyəni fərqli səngərlərə yerləşdirib; Trampın “İŞİD Obama hakimiyyəti tərəfindən yaradılıb” açıqlaması Birləşmiş Ştatları diligödək duruma sala bilər

ABŞ-Türkiyə müttəfiqliyi vaxtilə rəsmi Ankaranın qürurlandığı reallıq idi. Çünki bu müttəfiqlik onilliklərə dayanan tarixə malikdir. Və zamanında şübhəsiz ki, müəyyən faydalı nəticələri də olub.

Əslində ABŞ-Türkiyə müttəfiqliyi indi də rəsmi olaraq mövcudluğunu qoruyur. Ancaq müttəfiqliyin müasir keyfiyyətinə diqqət etdikdə tərəflərin, xüsusilə də ABŞ-ın səmimiyyəti şübhə doğurur. Hər halda, hazırda ABŞ və Türkiyə arasında müttəfiqlikdən daha çox qarşıdurma və ziddiyyətlər ön plana keçib.

Belə anlaşılır ki, ABŞ-Türkiyə müttəfiqliyi qeyri-rəsmi olaraq artıq bitib. Və müttəfiqliyin sona çatdığının rəsmən elan olunduğu tarix kimi isə vaxtilə bu iki ölkə arasında yaşanmış bir xoşagəlməz, hətta yolverilməz hadisənin baş verdiyi günü göstərmək olar. Belə ki, həmin gün ABŞ hərbçiləri Şimali İraqda dislokasiya olunan türk əsgərlərini tərk-silah edərək, onların başına qara torba keçirmişdilər.

ABŞ-ın “qara torba”dakı xəbərdarlıq mesajı...


Düzdür, sonradan bu hadisəyə görə Ağ Evdən üzrxahlıq açıqlaması verildi və olay, sadəcə, ABŞ-Türkiyə münasibətlərinə xələl gətirməyəcək səviyyədəki anlaşılmazlıq kimi dəyərləndirildi. Halbuki əsgərinin başına torba keçirilməsi bir ölkə və onun ordusu üçün düşünülə biləcək ən böyük təhqirdir. Və bunu sinəyə çəkmək o qədər də asan məsələ deyildi.
Təbii ki, Türkiyənin rəsmi dairələrində bu açıqlamanın səmimiyyətinə o qədər də inanmadılar. Ancaq diplomatiya xatirinə susdular və özlərini Ağ Evin üzrxahlığına qane olmuş kimi göstərməyə üstünlük verdilər.

Halbuki bu olay rəsmi Ankaraya “gözdağı” keyfiyyətində bir xəbərdarlıq mesajı idi. Ağ Ev Türkiyədən Şimali İraqdakı məhdud saylı hərbi kontingentin çıxarılmasını tələb edirdi. Rəsmi Ankara isə buna müqavimət göstərərək, tələbi yerinə yetirmirdi. Və bunun cəzası türk əsgərinin başına keçirilmiş qara torba oldu.

İndi baş verənlər Türk əsgərinin başına keçirilən o qara torbanın qətiyyən bir anlaşılmazlıq olmadığını göstərir. Çünki hazırda Türkiyə ən ciddi zərbələri məhz elə özünün ən yaxın müttəfiqi olan ABŞ istiqamətindən alır. Baş verənlər o qədər təhlükəli nəticələr vəd edir ki, bu iki dövlətin artıq qatı düşmənə çevrildiyini iddia etmək də qətiyyən yersiz görünmür.
Hətta belə düşünmək olar ki, hazırda Ağ Ev bütövlükdə Türkiyənin başına qara torba keçirtməyə çalışır. Belə ki, Türkiyə hazırda olduqca ağır dövrdən keçir. Bu qardaş dövlətin gələcək perspektivlərinə kifayət qədər ciddi təhlükələr mövcuddur. Ölkə bütövlükdə daxili xaosa sürüklənir.



Maraqlıdır ki, rəsmi Ankara Türkiyənin üzləşdiyi təhlükəli duruma görə öz müttəfiqi ABŞ-ı məsul görür. Və rəsmi Ankaranın Ağ Evə yönəlik ittihamları artıq uzun müddətdir ki, davam edir. Sadəcə, bu ittihamlar zaman irəlilədikcə daha konkret məzmun almaqdadır.
Məsələ ondadır ki, təxminən bir il bundan əvvəl rəsmi Ankara Türkiyəyə qarşı təhlükəli oyunların sifarişçisi qismində xarici dövlətləri ümumi şəkildə suçlayırdı. Təxminən 5-6 ay əvvəldən başlayaraq, həmin suçlamaların məzmunu “Bizə müttəfiq olan bəzi dövlətlər Türkiyəyə qarşı xain planlarda iştirak edirlər” kimi dəyişdirildi. Son aylardasa, rəsmi Ankara öz ittihamlarını “müttəfiqimiz ABŞ bizə savaş açmış terror təşkilatlarını himayə edir və silahlandırır” məzmununa qədər konkretləşdirdi.

Təbii ki, Ağ Ev bu ittihamları israrla təkzib edir. Və rəsmi Ankaranın iddialarının əsassız olduğunu vurğulayır. Məsələnin ən müəmmalı tərəfi də məhz budur.

Belə ki, Türkiyənin rəsmi dairələrində hesab edirlər ki, “zahidin fikri ilə zikri eyni olmalıdır”. Və rəsmi Ankaranın ABŞ-dan “dürüst zahidlik” örnəyi umması da əslində, məqsədli sadəlövhlük xarakteri daşıyır. Çünki ABŞ daha çox “bir barmağı kəsiləndə dönüb, həqdən qaçan zahid” kimi davranmağa vərdişlidir.

Məsələ ondadır ki, Türkiyənin xüsusi xidmət servisləri ABŞ-ın son bir neçə ay ərzində PKK-nın Suriya və İraq qolları olan PJK/PYD-yə müasir silahlar verməsini təsdiqləyən faktları ələ keçirib. Və həmin faktlarla bağlı sənədlərin, fotoların bir qismini artıq ictimailəşdirib. PJK/PYD-nin isə ABŞ-dan peşkəş olunan müasir silahların önəmli bir qismini PKK-ya verdiyi də artıq sübuta yetirilib.

Təbii ki, ABŞ-ın silahı Türkiyəni vurduğundan indi ittihamların məzmunu da daha sərtdir. Belə ki, rəsmi Ankara ABŞ-ı artıq müttəfiqlik prinsiplərini kobud şəkildə pozmaqda suçlayır. Əsas arqument isə NATO üzvlüyü ilə bağlıdır. Çünki NATO üzvlərindən hər hansı birinə qarşı real təhlükə yaranarsa, digər üzvlərin dəstək müdaxiləsi mütləqdir.

Yəni bu prinsip üzrə ABŞ-ın Türkiyəyə terror təhlükəsiylə mübarizədə dəstək verməsi lazımdır. Eyni zamanda bütövlükdə NATO-nun Türkiyənin məruz qaldığı bu hibrid savaşa qatılması bir hərbi alyans olaraq, mövcudluq öhdəliyidir.


Halbuki bütün bunların heç birisi hələlik baş vermir. Bunun əksinə olaraq, ABŞ və Türkiyə artıq həm beynəlxalq siyasət məkanında, həm də Suriya və İraqda terrorizmə qarşı mübarizədə fərqli səngərlərdə yer almaqdadır. Və həmin səngərlərdən açılan atəşlər çarpaz xarakter daşıyır. Yəni hətta “müttəfiqlər”in birbaşa özləri də olmasa, onların dəstəklədikləri qruplaşmalar bir-birinə atəş açır.

Bu isə o deməkdir ki, ABŞ və Türkiyə artıq çoxdan müttəfiq deyil. Və bu reallıq Barak Obamanın prezidentliyi dönəmində ABŞ-Türkiyə münasibətlərinə qazandırılan yekun “nəticə”dir.

Ona görə də indi gözlər ABŞ-ın yeni prezidenti Donald Trampa dikilib. Çünki ABŞ-Türkiyə münasibətlərinin düşmənçilik keyfiyyəti üzrə inkişaf edəcəyi, yoxsa geriyə müttəfiqliyə dönüləcəyi böyük ölçüdə Tramp hakimiyyətinin siyasətindən asılı olacaq.

Ən əsasısa, bu istiqamətdə müəyyən ümidverici əlamətlər də olmamış deyil. Belə ki, prezident D.Trampın təyin etdiyi yeni dövlət katibi öz açıqlamasında “Türkiyənin davamlı müttəfiqi Rusiya deyil, ABŞ-dır” deyə vurğulayıb. Belə anlaşılır ki, Ağ Evin yeni sahibləri Türkiyənin ABŞ üçün əhəmiyyətini anlamamış deyillər.


Halbuki Obama hakimiyyətini də Türkiyənin ABŞ üçün əhəmiyyətini anlamamaqda suçlamaq doğru olmazdı. Obama hakimiyyəti Türkiyənin önəmini anlasa da, bu qardaş dövlətdən özünün for-postu kimi yararlanmaq imkanları qazanmağa can atırdı. Və nəticədə regional güc statusunu dünya supergücü statusu ilə əvəzləmək istiqamətində irəliləyən Türkiyə ilə münasibətlərin qopma nöqtəsinə daşınmasından başqa heç nəyə nail ola bilmədi.

Bəs prezident D.Tramp özündən əvvəlki Ağ Ev sahibinin Türkiyə ilə bağlı kobud səhvlərini düzəldə biləcəkmi? Bu sual onun hakimiyyətinin elə ilk aylarındaca öz cavabını tapmağa başlayacaq. Hələliksə, prezident D.Tramp “İŞİD Obama hakimiyyəti tərəfindən yaradılıb” açıqlamasıyla, bizim də dəfələrlə yazdığımız bu reallığı rəsmən etiraf edib və bütün dünya qarşısında ilk xidmətini göstərib.

Çünki bu açıqlama prezident D.Tramp tərəfindən onu Rusiya ilə gizli əlaqələrdə suçlayanları küncə sıxışdırmaq məqsədilə dilə gətirilsə də, həm də ABŞ xüsusi xidmət servislərinin terror qruplaşmalarına dəstək verməklə bağlı manevr imkanlarını məhdudlaşdırır. Prezident D.Tramp 4 il ərzində rəhbərlik edəcəyi ölkəni dünya terrorizminin himayədarı və on minlərlə günahsız insanın ölümünün baiskarı kimi təqdim etməklə, ABŞ-ı beynəlxalq siyasət arenasında diligödək etdi.

Əgər prezident D.Tramp hər şeyi öz adıyla adlandırmaq və həqiqətləri etiraf etmək qabiliyyətindən Türkiyəyə münasibətdə də istifadə edərsə, Ağ Evin rəsmi Ankara ilə münasibətlərində bir çox şey köklü şəkildə dəyişə bilər. Və bu, hər iki dövlət üçün faydalı olar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.