XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Avropa Parlamentinin sədri kim olacaq? - Deputatdan açıqlama

Avropa Parlamentinin sədri kim olacaq? - Deputatdan açıqlama

Avropa Parlamentinin sədri kim olacaq? - Deputatdan açıqlama
17-01-2017, 23:45

Hazırda Avropa Parlamentinin sədrliyinə seçkilər keçirilir. Artıq birinci və ikinci raund seçkilər başa çatsa da, qalib müəyyən olunmayıb.Avropa Parlamentinin səlahiyyəti başa çatan sədri Martin Şultsun necə yadda qalmasına münasibət öyrənib.

Məsələyə münasibət bildirən Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Parlamentinin AVRONEST-dəki nümayəndə heyətinin rəhbəri Fuad Muradovun sözlərinə görə, Martin Şults siyasi baxımdan ciddi yaddaqalan rəhbər olmayıb: “Martin Şults nəinki digər ölkələr, hətta Avropa ölkələri üçün də ciddi sayılacaq bir iş görməyib. Onun fəaliyyəti dövründə hansısa ciddi müzakirələrin aparıldığının da şahidi olmamışıq”.

F. Muradovun sözlərinə görə, hazırda sədrlik uğrunda 6 nəfər namizəd mübarizə aparır: “Seçkilərin birinci turunda heç bir nəticə əldə olunmadı. İkinci turda isə 287 səslə Antonio Tayani, 200 səslə isə Devid Pitela irəlidədir. Digər namizədlər isə 60, 55 səslə digər yerləri bölüşürlər. Bir qədər sonra seçkilərin üçüncü turu keçiriləcək. Sədrin kimliyi də üçüncü turdan sonra məlum olacaq”.

F.Muradovun sözlərinə görə, Avropa Xalq Partiyasının nümayəndəsi Antonio Tayaninin şansı daha çoxdur: “Çünki o, ikinci mərhələdə 287 səs alıb. Həm də 200 səs alan Devid Pitela sabiq sədr Martin Şultsla eyni partiyanın təmsilçiləridir”.

Tayaninin dünya səviyyəsində tanınmasına gəlincə, Fuad Muradov bildirib ki, o, İtaliyanın xarici işlər naziri vəzifəsində çalışıb: “Tayani həm də dünya siyasətində öz sözünü deyən şəxsdir. Ümid edirik ki, Tayani Avropa Parlamentinin sədri seçilərək bu qurumda ciddi irəliləyişə nail olan bir rəhbər olacaq”.

F.Muradovun sözlərinə görə, sədrlik uğrunda mübarizə aparan namizədlər arasında bir nəfər qadın namizəd də olub: “Amma hər zaman gender bərabərliyindən danışan və bu məsələni önə çəkən Avropa Parlamentində 6 namizəddən ən az səs toplayan da həmin xanım oldu. Bu da onu göstərir ki, Avropa Parlamentində söylənilənlərlə gerçəklik çox vaxt üst-üstə düşmür”.

Qeyd edək ki, Avropa Parlamentinin sədrliyinə seçkilərdə öndə gedən hər iki namizəd - həm Antonio Tayani, həm də Devid Pitela İtaliyanı təmsil edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.