SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanın dilini qısa edən Səməd Seyidov skandalı və vaxtı bitmiş parlament

Azərbaycanın dilini qısa edən Səməd Seyidov skandalı və vaxtı bitmiş parlament

Tarix:

23-05-2018, 10:26

/ 1 262 dəfə oxundu.
Azərbaycanın dilini qısa edən Səməd Seyidov skandalı və vaxtı bitmiş parlament

Azərbaycanda “Gülərqeyt” skandalı yaşananda hələ o zaman parlament buraxılmalı və təkrar seçki yolu ilə tərkibi yenidən formalaşmalıydı. Gülər Əhmədova – Elşad Abdullayev arasında mandat alverinin videosu əslində çoxdan cəmiyyətə bəlli olan gerçəkliyin əyani sübutu idi. Hakimiyyət o kadrlardan yaxa qurtarmaq üçün G.Əhmədovanı həbsə yollamağı, Fransada yaşayan E.Abdullayev barəsində cinayət işi açmağı seçim etdi.
Artıq o hadisə tarixin arxivinə qovuşub, sabiq xanım deputat azadlıqdadır, keçmiş rektor isə öz həyatını yaşayır.
“Gülərqeyt” skandalı AŞ PA tərəfindən şəxsinə sanksiya tətbiq olunmuş Səməd Seyidovun qurumdakı nümayəndə heyəti rəhbəri postundan qeyd-şərtsiz istefasını şərtləndirirdi. G.Əhmədovadan fərqli olaraq, S.Seyidovun adı beynəlxalq rüşvət qalmaqalında hallanıb və AŞ PA onu 2 il seçki missiyalarından kənarlaşdırıb.
S.Seyidov isə keçi inadkarlığı ilə ittihamları qəbul etməyərək hələ də Azərbaycanın adını batırmaqda davam edir. Halbuki, onun rüşvət təklif etdiyi AŞ PA sədri Pedro Aqramunt artıq vəzifəsindən istefa verib. Aqramunt korrupsiyaya bulaşdığını etiraf edib və qurumdakı postunu tərk etməklə AŞ PA-nın olan-qalan bərba imicini qorumağa çalışıb.
S.Seyidov isə Azərbaycan AŞ PA əlaqələrini, ölkəmizin qurumdakı mövqeyini, Ermənistanla diplomatik mübarizəni nəzərə almadan nümayəndə heyəti rəhbərliyindən istefa vermir.
Onu da nəzərə almır ki, “Gülərqeyt” hadisəsi daxili auditoriyanı silkələmişdisə, beynəlxalq əks-sədası olmamışdı, amma şəxsinə sanksiya və rüşvət ittihamları Qərb aləmində Azərbaycanın reputasiyasını ciddi şəkildə zədələyib.
Digər tərəfdən, AŞ PA-nın sessiyalarında Azərbaycanın Ermənistan qarşısında dilini qısa edəcək bu xoşagəlməz hadisəni kəsib atmayın yeganə yolu S.Seyidovun istefasıdır. İkincisi, tarixən öz qızlarını başqa xalqlara və eləcə də azərbaycalılara satmış ermənilərin qarşısında Aqramunta azərbaycanlı qız təklif olunması ittihamı dilimizi ikiqat qısaldır.
Bu arqumentləri onların əlinə verməmək üçün AŞ PA nümayəndə heyətimiz refreş olunmalı, hətta S.Seyidovun mandatı ləğv edilməli, Azərbaycan AŞ PA münasibətləri yüksək səviyyədə saxlanmalıdır. Çünki biz Avropa ailəsiyik və bu qurumun üzülyünə mərhum prezident Heydər Əliyevin dövründə qoşulmuşuq. Azərbaycanı Avropadan izolyasiya etmək, Qərb ailəsindən ayırmaq həm Kremlin qucağına atmaqır, həm Qərb dəyərlərindən uzaqlaşdırmaqdır.
S.Seyidov AŞ PA-dak lobbiçilik missiyasını üz-gözünə bulaşdırıb. Faktiki olaraq, sanksiya ilə qarşılaşmış yeganə deputatdır. Parlamentdə bəzi deputatların onun müdafiəsinə qalxması da “saman çöpüyündən yapışmaq”dır.
Onlar bununla Azərbaycanı müdafiə etmirlər, əksinə rüşvətə görə cəzalandırılmış birinə qahmar çıxırlar.
Azərbaycanın haqlı davasını aparması üçün bu ləkəni təmizləyərək yeni nümayəndə heyəti rəhbəri ilə AŞ PA-da təmsil olunması vacibdir. Necə ki, G.Əhmədovanın həbsi bütövlükdə hakimiyyətə yönəlik ittihamların arqumentini yumşaltdı.
S.Seyidova qarşı tətbiq olunan sanksiyalardan çox, faktın özü önəmlidir.Kimsə sanksiyaları sərt, kimsə əhəmiyyətsiz və qeyri-ciddi hesab edə bilər.
Amma fakt budur ki, Azərbaycan nümayəndə heyətinin rəhbərinə beynəlxalq təşkilat tərəfindən məlum ittihamlarla sanksiya tətbiq olunub. Bu, ölkə üçün ayıb və utandırıcı haldır. Bu faktın beynəlxalq səviyyədə təsirlərini biz bəlkə də Bakıdan baxmaqla görməyəcəyik.
Amma Azərbaycan təmsilçilərinin beynəlxalq təşkilatlarda dili qısa olacaq. Məsələn, ermənilərin bizim nümayəndələrin çıxışlarına hansı reaksiyaları verəcəklərini yəqin ki, təxmin edirsiniz. Üstəlik, Ermənistanın demokratikləşmə həmləsi həyata keçirərək beynəlxalq nüfuzunu artırmağa başladığı bir dövrdə…
Ekspertlərin fikrincə, indiki Milli Məclis buraxılmalıdır. Seçki islahatı həyata keçirilərək heç olmasa, qismən demokratik seçki yolu ilə səviyyəli, xalqdan mandat almış parlament formalaşdırılmalıdır. Bunun edilməməsi, yaxud köhnə, ənənəvi üsullarla yeni seçki tamaşasının səhnələşdirilməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər.
S.Seyidovun Aqramuntlara müsbət seçki hesabatları üçün rüşvət təklifi həm də G.Əhmədovadan sonra növbəti sübutdur ki, Azərbaycanda seçkilər necə keçirilir. Xalqın sərvətlərinin, qara kürüsünün daşınaraq avropalı deputatlara yedirilməsi müqabilində xalqdan səs almayıb keçirilən seçkilərə saxta rəylər hazırlanması S.Seyidovdan çox, Azərbaycanın adını batırır.

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ