SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Paşinyan bu gün “Məhşər ayağı”na çəkilir - Kremlin Qarabağ şərti

Paşinyan bu gün “Məhşər ayağı”na çəkilir - Kremlin Qarabağ şərti

Tarix:

14-05-2018, 09:38

/ 1 713 dəfə oxundu.
Paşinyan bu gün “Məhşər ayağı”na çəkilir - Kremlin Qarabağ şərti

Ermənistanın yeni baş naziri və eyni zamanda, 1-ci şəxsi Nikol Paşinyan erməni ənənəsinə uyğun olaraq xaricə ilk səfərini Rusiyaya edəcək. Bu gün Soçidə o, Avrasiya İqtisadi Birliyinin toplantısına qatılacaq və tədbir çərçivəsində ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Səfərlə bağlı ən mühüm məqam da elə budur. Çünki məhz həmin görüşdə Putin Paşinyanı haqq-hesaba, rusların təbirincə desək, “xalça üzərinə” (“na kovyor”) çağıracaq və ondan bir daha, qətiyyətli şəkildə Kremlə sədaqət və zəmanət bəyanatları tələb edəcək, xarici siyasət kursunda hansı prioritetlərə üstünlük verdiyinə, Qarabağ, hərbi bazalar məsələsində nə düşündüyünə əminlik hasil etməyə çalışacaq. Bu xüsusda 14 may Nikol Paşinyanın siyasi taleyi baxımından həlledici gün sayıla bilər. Bunu hətta gizli qərbçi Paşinyan üçün “Məşhər günü” də hesab eləmək mümkündür.

*****

Aydın məsələdir ki, Putin üçün Paşinyan hələ açılmamış “boğçadır” və Kreml başçısı onu tam açmağa, hərtərəfli “duymağa” çalışacaq. Bu mənada Putinin yeni baş nazir seçilməsi ilə bağlı Paşiyanı hamıdan tez təbrik eləməsi özlüyündə hələ heç nə demir, Paşinyana simpatiya ifadə eləmir, hansısa üstünlük vəd eləmir. Bu, sadəcə, onun göstəricisi idi ki, Rusiya lideri də mayın 8-də Nikol Paşinyanın baş nazir olacağını bilirdi. O üzdən Putin əslində bu təbriklə siyasi bir jest edərək, Ermənistanın başında kim olur-olsun, onun Rusiyanın orbitində qalacağı barədə incə xatırlatma edib.

Analitiklərin bugünkü krtik görüşlə bağlı proqnoz və gözləntiləri Azərbaycan, Qarabağ kontekstində də diqqət çəkir. Politoloqlara görə, Ermənistandakı hazırkı nisbi sakitlik müvəqqəti xarakter daşıyır və əsas çətinliklər, böhranlı durum hələ qabaqdadır. Çünki işğalçı ölkə siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından bütünlüklə Rusiyadan asılıdır, hər şeyə, öz mövcudluğuna görə yalnız Rusiyaya borcludur. Bu gerçəyi Soçiyə yollanan Paşinyan görməzlikdən gələ bilməz.

Paşinyan isə məlumdur ki, Soçi səfəri öncəsi gah Qərbə, gah da Rusiyaya jestlər edib. Bu da onun kifayət qədər qəliz durumundan xəbər verir. Axı, o hakimiyyətə “demokratik hərəkat” dalğasında gəlib, daima özünü qərbpərəst kimi göstərməyə çalışıb. Ancaq müxalifətdə olub populist vədlər vermək ayrı, baş nazir məsuliyyəti - ayrı. Bizim əminliyə yaxın olan gümanımız budur ki, Putin Paşinyanı ilk təbrik edən olsa da, inqilabçı Paşinyandan məmnun deyil, ona şübhə ilə baxır. Rusiya ümumiyyətlə, postsovet məkanında inqilabları sevmir. Təsadüfi deyil ki, bir sıra iqtidaryönlü Rusiya KİV-ləri, tanınmış rusiyalı jurnalistlər bu arada erməniləri yenə naşükür, satqın adlandırdılar, hətta onları hədələdilər və aşağıladılar.

*****

“Hər şeyi inqilabla həll eləmək olmaz. Ermənistan Rusiyanın güclü təsiri altındadır. Rusiyanı isə Ermənistanda köhnə sistem tamamilə qane edir və Ermənistandakı son hadisələr onu dilxor edir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu “Deutsche Welle” nəşrinə açıqlamasında tanınmış amerikalı politoloq, siyasi filosof və Stenford Universitetinin elmi əməkdaşı Frensis Fukuyama işğalçı ölkədəki post-inqilab dönəmini şərh edərkən deyib.

Politoloqa görə, bu səbəbdən Moskva əlindən gələni edəcək ki, baş verənlərdən asılı olmayaraq Ermənistanı Rusiyanın təsir zonasından çıxmağa qoymasın: “Necə ki, Gürcüstanda, Ukraynada bu baş verdi. Məni Ermənistanla qarşıdurma narahat edir”.

“Ermənistandakı situasiyanı post-inqilab vəziyyəti adlandırmaq olar. Ən maraqlısı də elə bundan başlayır. Paşinyan baş nazir kreslosuna yiyələndi. Ancaq real hakimiyyəti əldə eləmək üçün ona və silahdaşlarına güclü çalışmaq lazım gələcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu “Bkack Sea Press” agentliyinin baş redaktoru Qela Vasadze seyib.

Gürcü ekspertə görə, Paşinyan üçün real hakimiyyətə sahiblənmək asan olmayacaq. “Məsələ həm də onun buna necə nail olacağındadır. Erməni xalqı öz sözünü deyib və dəyişikliklər istəyir. Xalq baş nazirin əsas siyasi aktivi olaraq qalır. Bu, çox güclü resursdur, amma bilmək lazımdır ki, bu resurs zaman etibarilə çox məhduddur”, - deyə o, xəbərdarlıq edib.

Siyasi şərhçinin fikrincə, təkcə N.Paşinyanın siyasi taleyi deyil, bütövlükdə Ermənistanda islahatların mümkünlüyü - hansı ki, kütlənin əsas tələbidir - seçkilərin nə dərəcədə tez keçiriləcəyi və radikal islahatlara nə dərəcədə tez başlanmasından asılı olacaq: “Daxili və xarici faktorları nəzərə alsaq, Paşinyanın vaxtı çox azdır”.

Şübhəsiz ki, söhbət öncəliklə Rusiya amilindən gedir. “Rusiyanın Ermənistana təsir imkanları və oradakı resursları Kremlin Ermənistanla bağlı istənilən siyasətini yetərincə perspektivli edir. Sual sadəcə, budur ki, Kremlin son məqsədi nədir? Bax, bu məsələdə hadisələri çox diqqətlə izləmək lazımdır” - ekspert əlavə edib.

*****

“Ermənistanı qarşıda çox ciddi və ağır günlər gözləyir”. Bu sözləri isə sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun fikrincə, Paşinyan ilk vaxtlar Rusiyanı narazı salacaq addımlar atmayacaq və Moskva ilə münasibətləri qoruyub saxlamağa çalışacaq: “Ən əsası isə Gümrüdəki hərbi bazanın çıxarılması və Rusiya ilə bağlanmış hərbi müqavilənin denonsasiyası bir qədər sonra gündəmə gələcək. Hər halda Paşinyan Ermənistanda qanunların demokratik məzmun kəsb etməsini təmin etməyə çalışacaq. Bu fonda o, Qərbin güclü dəstəyini qazanmaq üçün Avropa Birliyi ilə assosiativ sazişi də gündəmə gətirə bilər. Bildiyiniz kimi, Qərb assosiativ üzv olan ölkələrə böyük həcmdə pul ayırır”.

Q.Hüseynli Paşinyanın rus amili fonunda Qərblə ciddi bazarlığa girişəcəyini qeyd edib: “Ermənistan əhalisi uzağı 3-4 aya yeni baş nazirdən maddi rifahın yüksəldilməsini tələb edəcək. Ermənistan kasıb ölkədir və bütün sənaye müəssisələri borc qarşılığında Rusiyaya satılıb. Paşinyan erməni hiyləgərliyinə xas metodla Qərbdən çoxlu vəsait qopara bilər. Qərb isə böyük vəsaitlərin qarşılığında rus bazalarının Ermənistandan çıxarılmasını və Rusiya ilə imzalanmış uzunmüddətli hərbi müqavilələrin birtərəfli qaydada ləğvi şərtini qoya bilər. Qərbin istəkləri bununla da bitməyəcək, Paşinyandan mütləq NATO-nun Cənubi Qafqaza doğru genişlənməsi istiqamətində addımlar atması istəniləcək. Əks halda Ermənistana lazımı siyasi və maddi dəstəyi verməyəcək”.

Paşinyanın üçüncü bir çıxış yolunun olmadığını deyən politoloq əks addımın Ermənistanda yeni rəngli inqilabla nəticələnə biləcəyini vurğulayıb. “Qərblə əlaqə, sadəcə, demokratiya ilə bitmir, həm də Ermənistanın bəzi Avropa strukturlarına inteqrasiyasını gündəmə gətirir. Yəni təkcə siyasi, deyil, hərbi inteqrasiya da lazım olur. Bu isə Ermənistanın çox mürəkkəb mərhələdən keçməsinə gətirib çıxaracaq. Bunun üçün təkcə Gürcüstanın keçdiyi yola nəzər salmaq kifayətdir. Ermənistanın bu yolu necə keçəcəyi, Rusiya ilə münasibətlərin taleyi və Qərblə əlaqələrin gələcək formatı çox ciddi məsələlərdir. Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq”.

*****

“Paşinyanla Putinin mayın 14-də Soçidəki ilk görüşü Saakaşvili ilə Putinin ilk görüşü kimi çox nəzakətli keçəcək. Putin o zaman müəyyən konkret arzularını dilə gətirmişdi. O, Gürcüstan rəhbərliyində qəti şəkildə toxunulmayacaq 5-6 nəfərin adını çəkmişdi. Yəqin ki, bu dəfə o, Paşinyana da öz agenturasındakı belə fiqurların adını çəkəcək”.

Bu da tanınmış politoloq Andrey Piontkovskinin rəyidir. Bu qəbildən təxminlərin həqiqət yükünü isə, yəqin ki, xeyli dərəcədə bugünkü Soçi görüşü müəyyən edəcək.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ