SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bakı üçün fövqəladə gəlişmə - Nə baş verir?

Bakı üçün fövqəladə gəlişmə - Nə baş verir?

Tarix:

11-12-2017, 11:06

/ 1 541 dəfə oxundu.
Bakı üçün fövqəladə gəlişmə - Nə baş verir?

Bu gün - dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərə gedəcək. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə o, Suriya (Yaxın Şərq) və energetika məsələlərini müzakirə edəcək. Bu, iki prezident arasında son 9 ayda reallaşan sayca 6-cı canlı təmas olacaq.
Qeyd edək ki, Ərdoğan və Putin az öncə Soçidə İran prezidenti Həsən Ruhani ilə üçlü formatda bir araya gəlmişdi. Lakin bu dəfə üçlü format gözlənilmir. Bu da belə deməyə əsas verir ki, gündəlikdə Suriya böhranından da vacib, ikitərəfli münasibətlərə aid mühüm mövzular var. Əks halda, Rusiya lideri qısa zaman sonra “xırda problemlərə” görə Türkiyəyə şəxsən təşrif buyurmazdı.

*****

Ərdoğan-Putin təmasından iki gün sonra - dekabrın 13-də, isə İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri başçılarının növbədənkənar İstanbul toplantısı keçiriləcək. Türkiyə prezidenti bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə də telefon açıb və onu Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
Dövlət başçıları ABŞ prezidenti D.Trampın Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Xəbərdə ən çox diqqət çəkən məqam da elə budur: Ağ Ev başçısının qərarının iki prezident tərəfindən yetərincə sərt şəkildə qınanması.
Prezidentlər, eyni zamanda, Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək, müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər. İlham Əliyev habelə, Türkiyə prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını bildirib.

*****

Trampın Qüdslə bağlı qərarına Azərbaycan və Türkiyənin rəsmi münasibəti öncədən də bəlli idi. Rəsmi Bakı haqlı olaraq, məsələdə beynəlxalq hüquqa, BMT-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı məlum qətnamələrinə söykənir və beynəlxalq birliyin yanındadır. Yeri gəlmişkən, xristian ölkələrinin də mütləq əksəriyyəti, hətta işğalçı Ermənistan ABŞ prezidentinin qərarını dəstəkləməyib. Məntiqlidir, çünki Qüds üç səmavi dinin müqəddəs mərkəzi sayılır.
Bu mənada düşünmürük ki, baş verənlər, özəlliklə, yəhudi dövlətini qıcıqlandıracaq İstanbul zirvəsi Azərbaycanın əsas silah tədarükçülərindən biri kimi İsraillə strateji tərəfdaşlıq əlaqələrimizə kölgə sala və ya Azərbaycanı çətin seçim qarşısında qoya bilər. Təl-Əvivin bundan artığını Bakıdan gözləməsi mümkün deyil və yəqin ki, gözlənilmir də. Çünki milli maraqlarımız islam ölkələri ilə, Ermənistanı təcavüzkar kimi tanıyan İƏT-lə yaxşı münasibətlər saxlamağı diktə edir.
“İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar dövlət elan edib və hər iclasda da Dağlıq Qarabağla bağlı xüsusi qətnamələr qəbul edir. Ümumiyyətlə, ərəb ölkələrinin bir çoxu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Hazırkı vəziyyət belədir ki, Azərbaycan İsraillə böyük strateji əlaqələr qura bilib. Amma Azərbaycan həm də beynəlxalq qanunları, BMT qətnamələrini əsas tutur”. Bunu politoloq Qabil Hüseyni Axar.az-a deyib.
Onun sözlərinə görə, bu günün reallıqları, müsəlman dünyası ilə daim inkişaf edən əlaqələrimiz Bakıya antiisrail mövqeyi tutmadan, Qüds məsələsində neytral bir mövqedən yanaşma tələb edir. “Biz Qüdsün açıq şəhər olması ideyasını irəli sürərək, bu şəhərin sivilizasiyanın unikal bir mərkəzi kimi qorunub saxlanılmasının vacibliyinin tərəfdarıyıq. Qüdsün islam dininin müqəddəs mərkəzi olduğunu unutmamalıyıq”, - deyə o əlavə edib.

*****

Türkiyədə bu həftə reallaşacaq hər iki mühüm tədbir (zirvə toplantısı və V.Putinin səfəri), sözsüz ki, qardaş ölkənin bölgədə artan rolunun, onun regional proseslərə təsir potensialının və önəminin növbəti nümayişi olacaq. Türkiyəni artan gücü isə sövq-təbii Azərbaycanın da gücünə güc qatılması deməkdir.
Bundan əlavə, İstanbul toplantısında qəbul edilməsi gözlənilən yekun sənəddə ehtimal ki, digər münaqişələr, o cümlədən Dağlıq Qarabağ konflikti ilə bağlı da prinsipial mövqe əksini tapacaq. Hələ də davam edən erməni işğalı məsələsinin ən azı, prezident İlham Əliyev tərəfindən bir daha islam ölkələrinin diqqətinə çatdırılacağı şübhə doğurmur. Qardaş ölkə ilə Rusiya liderləri arasında son vaxtlar xeyli intensivləşən dialoq bu yöndə nikbinliyi artırır ki, azaltmır.

Xarici siyasi ekspertlərin də bu xüsusda şərh və proqnozları maraq doğurur.

*****

“Türkiyə qeyri-müəyyən ölkədir, onun addımlarını proqnozlaşdırmaq çətindir. Ona görə də Ankara Rusiyadan Qarabağdakı monopoliyasını ala bilər”. Belə bir intriqalı fikri “168 Jam” erməni nəşrinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl söyləyib.
Onun sözlərinə görə, Türkiyə bundan sonra da prosesə müdaxiləyə cəhd edəcək. “Bu müdaxilə yalnız aprel hadisələrinə bənzər hallarda ola bilər. Daha dəqiq desək, əgər toqquşmalar olsa, müdaxilə edə bilər, danışıqlar prosesi isə Rusiya və ABŞ-ın təsiri altındadır və ona buraya müdaxiləyə imkan verməzlər”, - deyə tanınmış politoloq qeyd edib.
Lakin Pol Qobl Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hələlik inkişaf imkanlarını görmədiyini deyib. “Digər tərəfdən isə prezidentlər və nazirlər görüşməli, Minsk Qrupu çalışmağa davam etməlidir ki, başqa ölkələrdə separat təşəbbüslərin effektivliyi azalsın. Rusiya bundan sonra da Azərbaycanı əldə etməyə cəhd edəcək, ona görə də diqqətli olmaq lazımdır,” - ekspert əlavə edib.

*****

Bütün hallarda, Ermənistana ən çox təsir imkanı olan Rusiya ilə Türkiyə arasında yaxınlaşma, onların liderləri arasında intensivləşən şəxsi təmaslar indi olmasa da, nə vaxtsa Qarabağa dair nizamlamanın gedişinə də pozitiv təsirlər buraxa bilər. Yaxud bu faktor hərbi əməliyyatlar zamanı Azərbaycanın xeyrinə işləyə bilər - nəyə ki, amerikalı politoloq da işarə vurub. Buna qədər isə Azərbaycan dünyada, o cümlədən islam aləmində dost-müttəfiqlərini qorumalı və onların sayını artırmalıdır.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ