XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » "Qarabağla bağlı məlumatlarda natamamlıq var" - PA rəsmisi

"Qarabağla bağlı məlumatlarda natamamlıq var" - PA rəsmisi

"Qarabağla bağlı məlumatlarda natamamlıq var" - PA rəsmisi
30-11-2017, 12:38

"Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, 1 milyondan çox insanın məcburi köçkün düşməsi, habelə, işğal edilmiş ərazilərdə məscidlərin dağıdılması, islam irsinin məhvi Misir mətbuatında çox təəssüf ki, natamam işıqlandırılır".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov İƏT üzv dövlətləri Jurnalistlər Assosiasiyasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin güclənməsində medianın rolu" adlı dəyirmi masada çıxışı zamanı deyib.

Bəhruz Həsənov qeyd edib ki, Misir xalqı bu natamamlığın ucbatından münaqişə ilə tam təsəvvürə malik deyil. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan və Misir mətbuat nümayəndələri geniş əməkdaşlıq mühitinin yaradılmasına nail olmalı, qarşılıqlı səfərlərin sayı çoxaldılmalı, koordinasiya mərkəzi yaradılmalıdır.

“Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir”, - deyən Prezident Administrasiyasının məsul əməkdaşı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasında məqsəd təkcə Azərbaycandakı məzhəblər arasındakı dialoqu gücləndirmək deyil, eyni zamanda, dünyada İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirməkdir. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam ölkələri arasında dialoqun gücləndirilməsinə öz töhfəsini verib.

Tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, bəzi cəmiyyətlərdə dini məzhəblər və təriqətlər arasında toqquşmalar müşahidə olunur. Müsəlmanlara düşmən mövqedə olan bəzi dairələr bundan öz məqsədləri üçün istifadə edirlər.

Dəyirmi masada Mərakeş Krallığı, Fələstin və Səudiyyə Ərəbistanının Azərbaycanda akkreditə olunmuş səfirləri çıxış edərək, İslam Həmrəyliyinin əhəmiyyətindən Azərbaycan nümunəsinin özəllilklərindən, mediada işıqlandırılmasından və medianın rolundan danışıblar.

Qeyd edək ki, ərəb dünyasının qabaqcıl ölkələrindən olan Misir Ərəb Respublikasının aparıcı media nümayəndələri İslam Həmrəyliyi ili çərçivəsində ölkəmizdə keçiriləcək “İslam Həmrəyliyi və Media” konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədirlər. Onlar sırasında Misirin tanınmış aparıcıları, qəzet redaktorları və media təşkilatlarının rəhbərləri var.

Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Asossiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdiriləcək səfər çərçivəsində ərəb jurnalistlərin Azərbaycan və onun regionları haqqında, ölkəmizin ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırılması, habelə Misir Ərəb Respublikası və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılması, ikitərəfli əlaqələrin inkişafında səylərin gücləndirilməsi planlaşdırılır.

Səfər dekabrın 3-dək davam edəcək.

Səfər çərçivəsində Misirli media təmsilçilərinin cəbhə bölgəsinə səfər etməsi də nəzərdə tutulur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.