XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Sərkisyanın 2040-cı il hədəfi fiasko olur - Qarabağ işğalçıya məzarlığa çevrilir

Sərkisyanın 2040-cı il hədəfi fiasko olur - Qarabağ işğalçıya məzarlığa çevrilir

Sərkisyanın 2040-cı il hədəfi fiasko olur - Qarabağ işğalçıya məzarlığa çevrilir
23-11-2017, 09:31

Dünən Azərbaycanın işğal altındakı Ağdərə rayonu istiqamətində mina partlaması nəticəsində üç erməni hərbçisi həlak olub. Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. “Noyabrın 21-də saat 18:35-də hərbi hissələrdən birində hərbçilər Geqam Zakaryan (1995), Sarkis Abraamyan (1998) və Sarkis Melikyan (1997) ölümcül yaralanıblar. Narek Oveyan partlamış mina yarası alıb. Onun vəziyyəti ağırdır” - məlumatda bildirilir.

O da qeyd edilir ki, hadisənin təfərrüatları araşdırılır və olayla bağlı cinayət işi açılıb. Absurddur deyilmi? Çünki ən böyük cinayət əməli - həmin əsgərləri Azərbaycanın işğal altındakı ərazilərinə göndərməkdir!

*****

Məsələ də ondadır ki, bir gündə üç erməni ailəsinə tabut getməsinin əsas günahkarı hansısa qotur erməni zabiti yox, bu gəncləri mənasız və perspektivsiz ideya uğrunda açıq ölümə yollayan Ermənistanın hazırkı kriminal rejimidir. Həmin əsgərlərin - “çağırılmamış qonaqlar”ın Azərbaycan ərazisində nə iti azmışdı ki, əcəlləri də bizim torpaqlarda tamama yetsin?

Diqqət edildi yəqin ki: həyatını itirənlər 20-21 yaş arası gənclərdir - erməni xalqının olan-qalan genefondunun tərkib hissəsi, gələcəyin potensial ailə başçıları, gələcək ailələr. Serj Sərkisyan isə 2040-cı il üçün Ermənistan əhalisinin sayını 4 milyona çatdırmaq hədəfindən dəm vurur. Adama deyərlər, nəylə, kimlə, necə?

Təbii ki, Ağdərədəki hadisə ölkədən kütləvi köçü, xüsusın də gənc insanların köçünü daha da sürətləndirəcək. Əsgər analarını, bütövlükdə erməni ailələrini daha dərindən düşünməyə vadar edəcək. Eyni zamanda hərbi xidmətdən möhlət hüququ ləğv edilmiş (qanunu hələ prezident imzalamayıb) tələbə gənclərdə orduya qarşı ikrah hissini gücləndirəcək.

Yeri gəlmişkən, yada salaq ki, tələbələr hökumətə qanuna yenidən baxmaq üçün vaxt verdikləri üçün etiraz aksiyalarına fasilə veriblər. Heç şübhəsiz, son qanlı olay onların mövqeyinin də sərtləşməsinə təkan verəcək. Orduya çağırışçı problemi bir az da qəlizləşəcək. Həm də o səbəbə ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın maliyyə imkanları ildən-ilə daha da pisləşir, işğalçı ölkə silahlanma yarışında Bakı ilə ayaqlaşa bilmir.

*****

Beləcə, Azərbaycan torpaqları sözün həqiqi mənasında işğalçı qüvvələr üçün məzarlıq olmaqdadır. Bir yandan özləri-özlərini qırır, bir yandan da Azərbaycan ordusu vaxtaşırı onları bir-bir, iki-iki məhv edir. Söz düşmüşkən, belə acı aqibət barədə Azərbaycan rəsmiləri, prezident İlham Əliyev dəfələrlə işğalçı tərəfə xəbərdarlıq mesajları çatdırmışdı.

Ölkə başçısı çıxışlarında bir neçə dəfə qeyd edib ki, “Erməni hərbçiləri ölmək istəmirlərsə, o zaman çıxıb getsinlər öz vətənlərinə”, “Erməni əsgərlərinin Ağdamda nə işi var?” Prezident onu da deyib ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və bunu gözləyənlər boşuna gözləyirlər.

*****

Ermənistanın vəziyyətini qəlizləşdirən səbəblərdən biri də İrəvanın Qərblə Rusiya arasında ikili oyun oynaması, “iki stul”da oturmağa çalışmasıdır. Söhbət ən əvvəl işğalçı ölkənin iki gün sonra Avropa Birliyi ilə çərçivə sazişi imzalayıb özünü müəyyən qədər Qərb hesabına sığortalamaq cəhdindən gedir. Lakin bu cəhdlər risksiz də deyil. Çünki Rusiya amili, Qarabağ məsələsi var.

O üzdən AB-nin Brüssel sammiti ərəfəsi İrəvanda ehtiyatlı nikbinliklə yanaşı, bir xof yaşanır. Erməni politoloq Stepan Qriqoryanın Rusiya XİN başçısı Sergey Lavrovun son Bakı və İrəvan səfəri fonunda bu xüsusda qeydləri diqqət çəkir. Musavat.com-un məlumatına görə, Qriqoryan 1 in.am erməni saytına açıqlamasında deyib: “Rusiya başa düşmək istəyirdi ki, Azərbaycan nə dərəcədə Avrasiya Birliyinə qoşulmağa həvəslidir. Bakı buna passiv reaksiya verdi. Yəni üzvlük real deyil. Odur ki, Avrasiya Birliyi məsələsində neqativ cavab alan Lavrov Bakıda ikinci məsələni də səsləndirdi: dedi ki, Qarabağ probleminin sürətli həllini gözləməyin. Əks halda, o, vurğunu dəyişər, yumşaldardı. Başqa yandan, Kremlə Qarabağ ixtilafının tezliklə həlli çox lazım da deyil. Nədən ki, o halda Rusiya Azərbaycan və Ermənistana təsir rıçaqlarına itirə bilər. Moskvada əla başa düşürlər ki, əgər hətta problemi Azərbaycanın xeyrinə həll eləsələr, o zaman bilmirlər ki, bu onlardan ötrü nə ilə nəticələnə bilər”.

Erməni politoloqun sözlərinə görə, Rusiyanın baş diplomatı Azərbaycan paytaxtında Avropa Birliyi ilə əməkdaşlıq məsələsinə də toxunub: “Brüsseldəki Şərq Tərəfdaşlığı sammitinə Ermənistanla yanaşı, Azərbaycan da qatılacaq. Bu yeni format isə Moskvanı narahat edir. Kremldə bilmək istəyirlər ki, sammitin 24-25 noyabrda qəbul ediləcək yekun bəyannaməsi ilə bağlı Bakı hansı mövqedədir. Əgər Azərbaycan bəyannaməyə qarşı çıxış eləsə, o zaman Bakı Ermənistanın Avropa Birliyi ilə yeni saziş imzalamasına da əngəl yarada bilər”.

Qeyd edək ki, Avropa Parlamenti (AB-nin əsas qurumu) bu ərəfədə sammitin yekun bəyannaməsinin variantını qəbul edərək, iştirakçıların müzakirəsinə buraxıb. Erməni çevrələrinin səyləri nəticəsində layihəyə konkret olaraq, Qarabağ məsələsi ilə bağlı ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə hüququ da salınıb.

Halbuki ilkin variantda belə bir şey yox idi. Həmçinin Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımla bağlı analoji müddəa yer almayıb. O üzdən rəsmi Bakının tam haqqı var ki, belə ikili yanaşmaya etiraz eləsin. Yəni həmin müddəa qəbul edilməsin. Əks halda, Azərbaycan doğrudan da yekun bəyannamənin qəbulunu tormozlaya bilər. Bu isə öz növbəsində Ermənistanın təşkilatla saziş imzalamasını çətinləşdirəcək. Çünki ermənilərin də öz Qarabağ şərti var.

Belə sonluq isə ən çox Moskvanı qane edir...
musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.