XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Bakı “İsgəndər”ə alternativ sistemlərin istehsalını quracaq – ilginc gözlənti

Bakı “İsgəndər”ə alternativ sistemlərin istehsalını quracaq – ilginc gözlənti

Bakı “İsgəndər”ə alternativ sistemlərin istehsalını quracaq – ilginc gözlənti
27-10-2017, 09:34

Müasir dövlətin hərbi qüdrəti şübhəsiz ki, ən əvvəl onun xarici silah bazarlarından asılılıq dərəcəsi ilə ölçülür. Müharibə şəraitində olan və ya müharibə aparan ölkə üçün bu faktor ikiqat önəm daşıyır. Əgər bir ölkə xaricdəki silah bazarlarından asılı deyilsə, üstəlik, özü başqa ölkələrə silah ixrac edirsə, bu, əlbəttə ki, onun böyük hərbi qüdrətindən xəbər verir. Söhbət özünün hərbi-sənaye kompleksini qurmuş dövlətlərdən gedir.

Böyük hərbi qüdrətin, güclü yerli hərbi-sənaye kompleksi yaratmağın əsas şərti isə güclü iqtisadiyyata, böyük iqtisadi potensiala malik olmaqdır. Nə xoş ki, son illər qardaş Türkiyə bu istiqamətdə hiss ediləcək, böyük uğurlar əldə edib. Özü də Türkiyə həm kiçik çaplı silahlar, həm də ağır və zirehli döyüş texnikası və sistemləri (tanklar, raket sistemləri) istehsalında hərbi-sənaye kompleksini əhəmiyyətli dərəcədə gücləndirə bilib. Ən önəmlisi, Türkiyə silah alıcısından silah satıcısı olan ölkəyə çevrilməkdədir.

Qardaş məmləkətin istehsal elədiyi müasir döyüş maşınları və sistemləri (məsələn, “Qasırğa” reaktiv raket sistemləri, “Bayraqdar TB 2" pilotsuz uçan aparatlar) artıq Azərbaycanın Silahli Qüvvələrinin də sərəncamında var. Bundan əlavə, ərazisinin 20 faizi erməni işğalı altında olan ölkəmiz də son illər öz hərbi sənaye kompleksini inkişaf etdirmək və beləliklə, xaricdən silah asılılığını minimuma endirmək yönündə uğurlar qazanmaqdadır. Son vaxtlar Azərbaycanda hərbi sursatlar istehsal edən zavodların, İsrail, Türkiyə və Pakistanla birgə yaradılan hərbi müəssisələrin sayının artması buna sübutdur.

*****

Bu arada məlum olub ki, Türkiyə “Korhan” adlı yeni nəsil döyüş maşınlarının istehsalına hazırlaşır. Musavat.com Tend-ə istinadən xəbər verir ki, sözügedən döyüş maşınlarının layihəsi Türkiyənin müdafiə şirkəti ASELSAN-ın mühəndisləri tərəfindən ərsəyə gətirilib. O da bildirilir ki, kütləvi istehsal prosesi təşkil ediləndən dərhal sonra həmin döyüş maşınları Türkiyə Silahlı Qüvvələrinin sərəncamına veriləcək. Lakin maşınların xarakteristikası hələ ki açıqlanmır.

Yada salaq ki, qardaş ölkə az öncə müdafiə sənayesini gücləndirmək layihəsi çərçivəsində “Elektromanyetik Top Sistemi” adlı elektromaqnit artilleriya sistemlərini reallaşdırmağa başlayıb. KİV-in məlumatına görə, yeni silah növü kütləvi istehsala başlanandan sonra “Tufan” adı alacaq və o da Türkiyə ordusunun sərəncamına veriləcək.

Onu da qeyd edək ki, qardaş ölkə 2011-ci ildən yerli müdafiə sənayesini gücləndirmək çərçivəsində PKK ilə mübarizədə özünü yaxşı göstərmiş mobil forpostlar, “Canik TP9" tapançaları, ANKA pilotsuz təyyarələri və digər hərbi texnika növlərinin istehsalını qurub. Qardaş ölkədə habelə, yerli istehsallı döyüş lazer sistemlərinin hazırlanması prosesi gedir - hansıların ki, prototipi artıq hazırdır. Az öncə isə Türkiyədə yerli istehsallı uzaq mənzilli (280 km) ”yer-yer" tipli raketlərin sonuncu sınağı həyata keçirilib. KAAN adı alan yeni raketlər bundan sonra Türkiyə Silahlı Qüvvələrinin sərəncamına veriləcək.

*****

Sadalanan faktlar Türkiyənin artan hərbi qüdrətinin göstəricisi olmaqla yanaşı, təbii ki, Azərbaycanı da sevindirir, onun gücünə güc qatır. Çünki Türkiyənin artan (hərbi) gücü, uğuru Azərbaycanın artan (hərbi) gücü, uğurudur və enində-sonunda həmin silahlar bizdə də olacaq. Üstəlik, münasib qiymətə.

Bundan əlavə, Azərbaycan o halda Rusiyanın, hansısa başqa ölkənin deyil, məhz qardaş dövlətin büdcəsini zənginləşdirmiş olacaq və yaxud Rusiyadan, hansısa başqa ölkədən yox, məhz müttəfiq dövlətdən silah asılılığında olacaq. Bu isə artıq geosiyasi önəm daşıyır.

Əlbəttə ki, Qarabağ konflikti kimi həll edilməmiş, qəliz problemi olan Azərbaycan üçün öz hərbi sənaye kompleksini inkişaf etdirmək də az önəm kəsb etmir. Artıq vurğulandığı kimi, ölkəmiz bu yöndə də uğurlar əldə etməyə başlayıb.

*****

“Heç də uzaq olmayan müddətdə Azərbaycan raket texnikası istehsalı sahəsində müəssisələr yarada bilər”. Bu sözləri axar.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli təzəcə imzalanan Bakı-Minsk silah anlaşmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan-Belarus əməkdaşlığı “İsgəndər” raket sistemlərinə rəqib sayılacaq “Polonez” reaktiv yaylım atəş sistemlərinin alınması barədə anlaşma ilə daha üst səviyyəyə qalxıb.

“Artıq ”Polonez" reaktiv yaylım atəş sistemlərinin bir hissəsi Azərbaycana daxil olub və davamı da gələcək. Bakının əsas məqsədi nəinki Belarusla raket texnikası sahəsində əməkdaşlıq etmək, lazım gələrsə, bu istehsal sahəsini Azərbaycana da daşımaqdır. Sözügedən sistemlər öz səmərəliliyinə görə dörd istiqamətə atəş açmaq və bununla da havada daha çox raket texnikasını zərərsizləşdirmək imkanına malikdir", - deyə politoloq qeyd edib.

Ekspert daha sonra deyib: “Minskin Azərbaycanın hərbi sənaye kompleksinin yaradılmasına bu qədər yaxından yardımı ölkəmizə verilən dəyərdən xəbər verir. Azərbaycanın Belarusla qarşılıqlı faydalı hərbi ticarət əlaqələri hər iki tərəf üçün böyük səmərə vəd edir”.

Politoloqa görə ki, Bakı-Minsk hərbi əməkdaşlığının İrəvan-Moskva hərbi əməkdaşlığına paralel surətdə inkişaf etməsi indidən bəzi dairələri təşvişə salıb: “Çünki Bakı-Minsk silah sövdələşməsi hərbi hədəflərimizlə yanaşı, özündə bir çox siyasi dividentləri də ehtiva edir. Birincisi, Azərbaycan Rusiyanın Ermənistana verdiyi ”İsgəndər-M"-lərə uğurlu alternativ əldə etdi və bunu rus və erməni mütəxəssislər də etiraf edirlər. İkincisi, heç də uzaq olmayan müddətdə Azərbaycan raket texnikası istehsalı sahəsində müəssisələr yarada bilər. Azərbaycanda sovet dövründə bu sahədə yaradılan zavodların işə salınacağı məsələsinin gündəmə gələcəyini istisna etmək olmaz. Güman edirəm ki, Bakı bu istiqamətdə fəallığını artıraraq tezliklə, “Polonez” və zenit tipli raket sistemlərinin istehsalına başlaya bilər".

Politoloq Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrin siyahısının yaxın vaxtlarda genişlənə biləcəyini də açıqlayıb.

musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.