SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Aprel döyüşləri təkrarlansa... böyük sülhün alternativi böyük müharibədir!

Aprel döyüşləri təkrarlansa... böyük sülhün alternativi böyük müharibədir!

Tarix:

10-02-2017, 10:27

/ 1 473 dəfə oxundu.
Aprel döyüşləri təkrarlansa... böyük sülhün alternativi böyük müharibədir!

Ermənilərin təmas zonasında artan təxribatlarının pərdəarxasındakı motivlər; politoloq: “Azərbaycan ordusu artıq sübut edib ki...”

Təmas xəttində düşmən təxribatları yenidən çoxalıb. Heç şübhəsiz, bunun bir səbəbi də blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası səbəbindən Ermənistanın və onun rəhbərliyinin pərt və qəzəbli olmasıdır. Nəzərə alsaq ki, işğalçı ölkədə həm də parlament seçkiləri kampaniyasıdır və bu insident ilk növbədə kriminal Sərkisyan rejiminin Qarabağla bağlı təbliğatına ciddi zərbədir, o zaman mənzərə daha da aydın olar.

Başqa sözlə, ən azından aprelədək düşmən tərəfinin yeni təxribatlarına hazır olmalıyıq. Bu barədə hərbi ekspertlər də xəbərdarlıq etməkdədirlər. Təbii ki, səsvermə gününə daha yaxşı göstəricilərlə gəlməyə çalışan Sərkisyan hakimiyyətindən hər şey gözləmək olar. Fəqət, işğalçı ölkənin bu manevrləri əbəsdir. Çünki artıq onun istənilən provokasiyasına cavab vermək üçün Azərbaycan artıqlaması ilə potensiala, qüdrətli orduya malikdir.

Bunu ötən ilin aprel döyüşləri, ondan sonra təmas xəttində baş verənlər bir daha nümayiş etdirdi. Odur ki, təcavüzkar olsa-olsa, Rusiyaya bel bağlaya bilər. Rusiyanı isə müharibəyə cəlb eləmək elə də asan deyil. Ən azından, Moskvanın yaxşı münasibətdə olduğu Azərbaycan, Türkiyə faktoru var - hansı ölkələrlə ki, Kremlin arasını ermənilər hər vəchlə vurmağa səy edirlər. Rusiya özü də bu münasibətlərin böhrana girməsində maraqlı deyil.

*****

Ötə yandan, ilin ilk ayı - yanvar erməni tərəfi üçün rekord sayda (12) hərbçinin itirilməsi ilə yadda qalıb. Fevral da düşmən üçün faciəvi - canlı itkilərlə başlayıb. Üstəlik, indi Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbələri - AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi daha bir qətnamənin qəbul edilməsi, yəhudi blogger Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi və s. kimi diplomatik uğursuzluqları qeyd eləmək lazım gəlir.

“Ermənilər son vaxtlar Azərbaycan ordusunun və diplomatlarının qələbələrini həzm edə bilmirlər. Burada əsas məsələ Çingiz Qurbanovun nəşinin qaytarılması, eyni zamanda ona Milli Qəhrəman adının verilməsi, Aleksandr Lapşinin Bakıya gətirilməsi və Azərbaycanın digər uğurlarını həzm edə bilmirlər. Hətta onların öz saytlarında danışan politoloqlar qeyd edirlər ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini uduzub. Məhz buna görə də, bir daha ermənilərin özlərinin varlığını göstərmək və danışıqlara getməmək üçün əsas məsələ atəşkəsi pozmaqdır”.

Bu sözləri tanınmış politoloq Arzu Nağıyev açıqlamasında bildirib. Onun fikrincə, ermənilər hələ də köhnə peşələrindən əl çəkməyərək cəbhədə təxribat yaratmaqda davam edirlər. “Xəbər yayıldı ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməlidirlər. Görüşlərdən öncə ermənilər həmişə təxribatlara əl atırlar. Onlar beynəlxalq səviyyədə də göstərmək istəyirlər ki, Azərbaycan atəşkəsi pozur. Eyni zamanda aprelin ikisinə, məhz aprel döyüşləri gününə parlament seçkiləri təyin ediblər. Ermənilər bir daha bunu bayrama çevirmək istəyirlər ki, apreldə cəbhədə uduzmağımıza baxmayaraq, bu günü bayram edirik və seçkilərdə iştirak edəcəklər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bütün bunların hamısı danışıqları pozmaq, Sərkisyan hakimiyyətini uzatmaq və digər məsələlərə hesablanmış addımlardı. Ekspert düşünür ki, hansısa təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən mükəmməl şəkildə alınacaq. Ekspert deyir ki, Azərbaycan ordusu bunu sübut edib və bu dəfə də hərbi uğur təkrarlanacaq: “ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etməlidir. Məsələləri konkretləşdirməlidir. Əgər söhbət sülhdən gedirsə, sülhün bərqərar olması istiqamətində müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, bu dəfə aprel döyüşləri təkrarlanarsa, Azərbaycan ordusu daha kəskin mübarizə aparacaq və böyük əraziləri işğaldan azad edəcəklər. Bu gün Azərbaycan ordusu tam şəkildə buna hazırdır və tam döyüş əzmindədir. Eyni zamanda həm diplomatik səviyyədə, həm digər məsələlərdə böyük güclər bizimlə razılaşır. Biz öz ərazimizdə antiterror əməliyyatları keçirməklə ərazi bütövlüyümüzü qoruyuruq və bərpa etməyə çalışırıq. Növbəti döyüşlərdə ötənilkindən də artıq ərazilər alına bilər. Təbii ki, region dövlətləri istəməz ki, bu saat Azərbaycan və Ermənistan arasında böyük müharibə başlasın. Lakin lokal aprel hadisələrinin təkrarlanması istisna deyil”.

Politoloqa görə, aprel döyüşləri təkrarlanarsa, bu dəfə Rusiya Ermənistanı xilas edə bilməyəcək: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Onlar hər vəchlə istəyirlər ki, hər addımda Rusiyanı bu məsələlərə qatsınlar. Məhz ona görə də əsasən təmas xəttində deyil, Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atırlar. Rusiya regionda müharibənin başlamamasını istəyən bir tərəf kimi çıxış edə bilər. Lakin bu dəfə müharibənin dayandırılması və öz ərazilərimizdə antiterror əməliyyatlarının keçirilməsinə mane ola bilməz. Rusiya, sadəcə olaraq, bir tərəfdaş, regional nüfuza sahib olan dövlət kimi müharibənin dayandırılmasını xahiş edə bilər. Yəni bu dəfə cəbhədə müharibə baş verərsə, Ermənistanı Rusiya xilas edə bilməyəcək”.

*****

Münaqişə zonasında situasiyanın artıq Ermənistanın xeyrinə olmadığını əslində işğalçı ölkənin rəhbərliyi də yaxşı bilir. Təsadüfi deyil ki, prezident Serj Sərkisyanın hakim partiyanın son toplantısında söylədiklərini siyasi müşahidəçilər həm də böyük müharibədən xoflanmaq kimi qiymətləndirmişdilər. Yada salaq ki, Sərkisyan öz təlaşına haqq qazandırmaqdan ötrü “dünyada qorxmayan adam yoxdur” demişdi.

Düşmənin belə bir təlaşı üçün əsas isə ikiqat böyükdür. Çünki Ermənistan yad ölkənin ərazilərini işğal edən təcavüzkar ölkədir və günün birində həmin ərazilərdən vurulub çıxarılacağının, mövcud status-kvonun sonsuzadık davam etməyəcəyinin fərqindədir. İşğalçıların aqibəti heç vaxt yaxşı olmayıb. Hələ ki öz havadarlarına güvənən Ermənistan da istisna olmayacaq.

Bu xüsusda Sərkisyanın müharibə barədə son fikirlərini erməni cəmiyyətinə ünvanlı “işğal altındakı torpaqları gec-tez qaytarmalıyıq” mesajı kimi də qəbul eləmək olar. Əfsus ki, Ermənistan rəhbərliyi bu yöndə real və konstruktiv addım atmaq istəyindən çox uzaq görünür, böyük sülhün yaxınlaşması üçün praktik heç nə eləmir.. Böyük sülhün alternativi isə böyük müharibədir...

Şərhlər

XƏBƏR LENTİ