SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Kreml, “Ağ Ev” və AŞ təkləməsi - Əliyev seçkiqabağı təzyiq üçbucağında...

Kreml, “Ağ Ev” və AŞ təkləməsi - Əliyev seçkiqabağı təzyiq üçbucağında...

Tarix:

17-10-2017, 09:23

/ 61 861 dəfə oxundu.
Kreml, “Ağ Ev” və AŞ təkləməsi - Əliyev seçkiqabağı təzyiq üçbucağında...

Azərbaycan hakimiyyəti üçün 2017-ci il çox mürəkkəb sınaqlarla keçdi. İlin finalına iki aydan bir qədər artıq vaxt qalır və hələ də siyasi böhran artan xətt üzrə dərinləşməkdə davam edir. Bu isə o deməkdir ki, 2018-ci il daha ağır olacaq - qabaqcadan bəlliydi...
Hakimiyyət mənsubları etiraf etməsələr də, beynəlxalq şərait rəsmi Bakının təklənməsi ehtiva edir.
Rusiyanın ÜAK-ın ləğvi ilə şiddətlənmiş təzyiqlərinin kəsəri azalmamış ABŞ senatında sanksiyaların hazırlığı gedir, Vaşinqtonla “buzlar əriməmiş” bu dəfə Qərbdən - Avropa Şurası üzvlüyündən Azərbaycanın çıxarılması müzakirələri başlanır. İqtidar yetkililəri isə Qərbi ikili standartlarda, siyasi riyakarlıqda suçlayır.
Amma 2018-ci il seçkilərinə bir il qalmış üçtərəfli təzyiqlər üçbucağının olmasını, halqanın daralmasını dilə gətirmirlər. Bu təkləmə siyasətinin növbəti həmlələri tək-tək prezidentliyə namizədlərin xortlamasında da müşahidə olunur.
Və hələ ki, heç də yəhudi əsilli deputat Yevda Abramovun dediyi kimi - namizəd Moskvada yox, Avropa və ABŞ-da hazırlanır.
Düzdür, onların siyasi çəkisi və nüfuzu çox aşağıdır, cəmiyyətdə birmənalı olaraq siyasi meyitə çevriliblər. Lakin bu namizədlərin reabilitasiya olunması və dövriyyəyə buraxılması vitrinə çıxarılan ilk işartılardır.
Söhbət Vaşinqtondakı ahıl eks-spiker Rəsul Quliyev və Almaniyada mühacir ömrü yaşayan “Quska Maxno” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin prezidentliyə namizədliklərini elan etmələrindən gedir.
Moskva isə gözləmə mövqeyindədir, baxaq görək, Qərb və ABŞ seçkilərdə kimləri paliqona çıxaracaq, ardınca Y.Abramovun söylədiyi “proje namizəd” elan ediləcək.
Beləliklə, Avropa və Amerika ilk güllələri atdılar, növbə Rusiyanın siyasi kluarlarında yetişdirilən siyasi janqlyorun kim olacağını gözləməkdir. Yəni, belə desək - hər üç tərəf hakimiyyətə qarşı təzyiqləri işə salmaqdadır.
Ən ağır situasiya isə Azərbaycanın üzv olduğu Avropa Şurasından seçkilərə bir il qalmış çıxarılmaq təhlükəsidir.
Baxmayaraq, rəsmi Bakı AŞ-nın kimə və nəyə lazım olduğunu sual edərək özü də çıxmağa hazır olduğunu bəyan edir. Amma bunun imitasiya xarakterli olduğu da istisna deyil.
Çünki deyilən sözün və sonradan atılacaq addımın gələcəkdə hansı fəsadlar verə biləcəyini iqtidarın ən yüksək eşelonundakı islahatçı qanad da gözəl anlayır.
Ölkəni Avropadan qoparmaq, izolyativ siyasi kurs götürmək ən çox iqtidar daxilindəki “5-ci kolon” üzvlərinin çörəyinə yağ çəkir.
Elə rəsmi Bakı adından verilən açıqlamaları da ruspərəst qüvvələr tərəfindən vaxtaşırı səsləndirdiyini sezmək mümkündür.
Çünki Azərbaycanı AŞ-dan uzaqlaşdırmaq Rusiya yaxınlaşdırmaq və ondan asılılığı artırmaq deməkdir. Bu baxımdan hakimiyyətdəki yeni klan belə mənasız addımın atılması əleyhinə dirəniş göstərməkdədir.
Hər nə qədər Qərbdən təzyiqlə çoxalsa da, bu əsas vermir ki, Azərbaycan Avroatlantik məkana inteqrasiya siyasətindən imtina eləsin.
İkincisi, hakimiyyətdəki ruspərəstlər Qərblə əlaqələrin korlanması üçün aylardır əllərindən gələni əsirgəmirlər.
Mehman Əliyevin həbsi, Ukraynada Fikrət Hüseynlinin saxlanması, Əfqan Muxtarlının Bakıya gətirilməsi, Aslan İsmayılova cinayət işi açılması və s. gərginliyi artırmağa hesablanmış repressiv siyasətdir.
Bununla Əliyevlə dünyanın münasibətlərini korlayırlar. Necə ki, Tramp Əliyevə mehriban və isti mesajlar göndərən kimi 5-ci kolon aktivləşib həbslərə başladı, ABŞ Dövlət Departamentini qıcıqlandırdı, indi də analoji siyasət davam edir.
Bütün bu siyasi şantaj 2018 seçkilərinə hesablanıb. Məqsəd İ.Əliyevi köhnə qvardiyanın çiyinləri üstündə iqtidarda saxlamaq və yeni klanı zəiflətməkdır.
Prezident isə 26 sentyabr referendumu, yəni vitse-prezidentlik institutunun təsis edilməsindən başlayaraq islahatçı qruplaşma ilə 2018 komandasını formalaşdırmaq istəyir.
Odur ki, seçkiqabağı Qərb və ABŞ-dan hərtərəfli təzyiqlər varsa da, daxildə də bu münasibətlərin mürəkkəbləşməsini körükləyən qüvvələr var. Beləcə, təkləmə siyasəti halqaları daraldır.
Hətta prezident mühafizəçisi olmuş Müşviq Mədətovla iş adamı Hafiz Məmmədovun adamları arasındakı silahlı qarşıdurma da daxildə qorxulu “razborka”ların başlandığına əsas verir.
Siyasi şərhçi Azər Rəşidoğlunun da hadisələrə geosiyasi baxış bucağı var. Onun sözlərinə görə, klandaxili silahlı "razborka" marginalların eyni notları ifasından daha böyük təsirə malikdir: “Nə Hafka balaca oğlandır, nə də Müşfiq. Bir tərəfdən də, Quska və Rəsul Bayramoğlu oyuna hazırlaşır.
Maliyyə qruplarının silahlı olmasını nəzərə alsaq, miqyas bəlli olar. Qərbi daha çox bu nüans maraqlandırır - yeni əmlak bölgüsü olacaqmı? Paşam, yoxsa Rişelye?
"Massovkada" oynayan marginallar da bu maraqlar arasında manevr edir. İndi xaricdə olan "dissidenti"lərin (təbii ki, hamısının yox) çoxunun hakimiyyət qanadları ilə sıx əlaqəsi olub və yəqin ki davam edir...
Gündəm çox maraqlı olacaq. Mən Barselona - Real Madridə baxmağa üstünlük verirəm, Kəpəz - Sumqayıt oyununa baxmaq istəyənlər kiçik stadiona getsinlər...”
Vəssalam, kifayət qədər gərgin, mürəkkəb və ağır dövrənin biri qapanır, daha biri başlanır, 2018-ci il 2017-yə “rəhmət” oxudacaq...

AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ