XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Mehman Əliyev: Müxalifətin vahid namizədi?

Mehman Əliyev: Müxalifətin vahid namizədi?

Mehman Əliyev: Müxalifətin vahid namizədi?
19-09-2017, 13:05

Azərbaycanda prezident seçkilərinə bir il qalır. Zaman ötdükcə seçkilər ətrafında gedən müzakirələr qızışmaqdadır. Heç şübhəsiz ki, müzakirələrin önündə ölkənin iqtidar və müxalifət düşərgələri gedir. Hər iki düşərgənin seçkilərdəki şansları ilə bağlı ən müxtəlif fikirlər səslənir.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli iqtidar və müxalifətin qarşıdan gələn prezident seçkiləri ilə bağlı imkanlarını “Yeni Müsavat”a bu cür dəyərləndirdi: “Əvvəla, onu qeyd edim ki, hakimiyyətin özündə də hələ tam namizəd məsələsində dolğun qərar yoxdur. Doğrudur, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası bununla bağlı qərar qəbul edib və bildirib ki, partiyanın prezident seçkilərindəki namizədi hazırkı ölkə başçısı İlham Əliyev cənabları olacaq. Amma bundan əvvəl Ayaz Mütəllibov başqa ad çəkərək ictimai rəyi öyrənmək istədi. İndiki şəraitdə hakimiyyət öz namizədini dəyişmək fikrinə düşərsə, zənnimcə, bu, proqnozlaşdırılması mümkün olmayan nəticələrə gətirib çıxara bilər. O səbəbdən də indiki şəraitdə həm reytinq, həm gördüyü işlər, həm də beynəlxalq nüfuzu etibarı ilə İlham Əliyevə hakimiyyətdə rəqib ola biləcək ikinci bir şəxs təsəvvür etmək mümkün deyil. Müxalifətə gəlincə, bu düşərgədə vəziyyət kifayət qədər gərgindir. Elektoral baza sarıdan müxalifət ciddi korluq çəkir. Ölkədə ictimai-siyasi mühit də müxalifətin toparlanmasına, sosial siyasi bazasını genişləndirməyə o qədər böyük imkan yaratmır. Üstəlik də müxalifətdaxili çəkişmələr bu düşərgəyə olan ümidləri sıradan çıxarıb. Müxalifətin ciddi resursları olmasa da, siyasi liderlər arasında heç olmasa fikir mübadiləsi, ictimai rəyə təsir edəcək siyasi diskussiyaların təşkil olunması ən azından müxalifətin mövcudluğunun olması barədə fikirlərə şərait yarada bilərdi. Amma belə bir proses getmədiyindən müxalifətin içərisində yerdə qalan üzvləri toparlaya biləcək, ətrafında birləşdirəcək bir siyasi lider yox dərəcəsindədir”.
Politoloq son dövrlərdə Azərbaycan siyasətində önə çıxan şəxsin kimliyinə də toxundu: “Son günlərdə bir şəxsin personası, imici parlaqlığı ilə özünü büruzə verdi. O da demək olar müxalifətə aidiyyəti olmayan, müstəqil medianın nümayəndəsi olan Mehman Əliyevdir. O, onsuz da müsbət imici ilə seçilirdi. Amma son həddə həbsindən sonra ona olan beynəlxalq dəstək göstərir ki, Mehman Əliyev müxalifətin vahid namizədi kimi irəli sürülsə, zənnimcə, digər namizədlərlə müqayisədə daha çox tərəfdar toplaya bilər. Amma təəssüflər olsun ki, bu istiqamətdə də axtarışlar getmir. Bu səbəbdən də müxalifət sıralarında hər hansı bir canlanmanın, sıçrayışın olacağını söyləmək xeyli çətin olur. 2013-cü ildə müxalifətin vahid namizədi kimi Cəmil Həsənli şəxsiyyət etibarı ilə cazibədar olsa da, uğurlu təbliğat qura bilmədi. Məhz o uğurlu təbliğatın olmaması ucbatından seçkilərdə də ciddi nəticə əldə edə bilmədi. Amma bir dəfə məğlubiyyətə düçar olmuş şəxsin yenidən namizədliyinin irəli sürülməsi həm nəzəri, həm də praktiki cəhətdən arzuedilən deyil. Amma Mehman Əliyevin namizədliyi verilsə, müxalifətin bütün partiyaları onun namizədliyini müdafiə etsə, bu dəfə bəlkə də uğurlu rəqabət kampaniyası aparmaq olar”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.