Deputatlardan toylarla bağlı etiraz: Yeni qadağa gəlir?
"Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır".
Bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var: "Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir.
Digər ciddi məsələ isə toylarımızda musiqinin səsidir. Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir; bu isə qulaq tutulmasına, baş ağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir. Musiqi səsi sevinc yaratmalıdır, insanların qulağını sıradan çıxarmamalıdır".
O əlavə edib ki, dünyanın bir çox ölkəsində – məsələn, Türkiyə, Avropa Birliyi ölkələri və Yaponiyada restoranlar üçün xüsusi akustik standartlar var: "Musiqinin səs gücü adətən 85–90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtük ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir. Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Bununla həm sağlamlıq qorunar, həm musiqi daha keyfiyyətli səslənər, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar".
Deputat onu da qeyd edib ki, toy mədəniyyətimiz gözəldir, amma onu daha sağlam, daha səmərəli və daha mədəni etmək bizim borcumuzdur: " İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır".
Deputat Aqil Abbas da deputat Razi Nurullayevin qaldırdığı problemi dəstəkləyərək deyib ki, toy və yağların qadağası ilə bağlı nə qədər fərman olsa da, bunun qarşısını almaq mümkün olmayacaq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub