XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » Prosesə Prezident rəhbərlik edir: Həbslər davam edəcək! - GƏLİŞMƏ

Prosesə Prezident rəhbərlik edir: Həbslər davam edəcək! - GƏLİŞMƏ

Prosesə Prezident rəhbərlik edir: Həbslər davam edəcək! - GƏLİŞMƏ
7-05-2020, 09:59

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun Axar.az-a müsahibəsi:

- Vahid bəy, son günlər bəzi icra başçıları və nümayəndələri həbs olundu. Bu əməliyyatlarla bağlı nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev dəfələrlə icra başçılarına xəbərdarlıq edib. Prezident hər zaman deyir ki, qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazı yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Çox təəssüf ki, bu gün əksər icra başçıları bu sözləri qulaqardına vurur. Xüsusən də vəzifəyə gələn kimi korrupsiya hallarına yol verirlər. Bu da azmış kimi vətəndaşları incidib, bələdiyyə və digər qurumları da bu çirkin əməllərinə alət edirlər. Bu halların xüsusilə belə bir pandemik dövrdə olması çox təəssüf doğurur. Hazırda ölkəmiz də daxil olmaqla, dünyada koronavirus pandemiyası tüğyan edir. Dövlətimiz vətəndaşlara yardım edir və bunun üçün vəsait xərcləyir. Mövcud vəziyyət çərçivəsində yerli icra başçılarının da ölkə başçısına dəstək olub xalqı qoruması lazımdır. Lakin biz bunun tam tərsini görürük. Bu gün artıq regionlarda bəzi icra başçılarının həbs edildiyinin şahidi oluruq. Mən açıq deyim ki, bu, bir-iki nəfərin həbsi ilə yekunlaşacaq iş deyil. Çünki ölkədə, xüsusilə də regionlarda korrupsiya halları geniş vüsət alıb. Digər tərəfdən, icra başçılarının nə üçün bu korrupsiya hallarına yol verdiyi, rüşvət aldığı məsələləri əsaslı araşdırılmalı və bununla bağlı lazımi tədbirlər görülməlidir. Burada məsələ heç də həbslərdən getmir. İcra başçılarının məvacibini artırmaq olar. Bəlkə bundan sonra gözlərini xalqın cibindən çəkələr. Amma məvacibin məsələyə dəxli yoxdur, icra başçıları təmiz işləməlidirlər.

- Bu gün regionlardan çoxsaylı vətəndaş şikayətləri eşidirik. Vətəndaşlar birbaşa sizə şikayət ünvanlayırmı?

- Son vaxtlar vətəndaşların şikayətləri artıb. Yəni biz konkret zona deyə bilmərik. Analoji şikayətlər bütün regionlardan gəlməkdədir. Hətta birbaşa mənim özümə gün ərzində çoxsaylı şikayətlər daxil olur. Vətəndaşların haqsız yerə torpağı, əmlakı əllərindən alınır, regionlarda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları vətəndaşları incidir, düzgün xidmət göstərmir və s. Bunlar çox ciddi problemlərdir və aradan qaldırılmalıdır. Bu gün regionlarda artan narazılığın bir sıra səbəbləri var. Hesab edirəm ki, bunlardan ən önəmlisi mövcud vəziyyətlə bağlı ölkə başısına düzgün məlumatın verilməsi məsələsidir. Bu, çox ciddi problemdir. Buna baxmayaraq, düşünürəm ki, bu kimi neqativ halların qarşısı alınacaq. İcra başçıları bu həbslərdən bir nəticə çıxarmasa, hələ çoxlarının həbsinə şahid olacağıq. Mən rayonlar üzrə bu qədər icra başçısının olmasını düzgün saymıram. Bu gün ölkədə 11-12 iqtisadi rayon var. Təklif edirəm ki, rayonlar da bu formatda birləşsin. Yəni əhalisi az olan kiçik bir rayona icra başçısı təyin etməkdənsə, daha az, ancaq ərazisi böyük olan iqtisadi rayon üzrə icra başçıları təyin edilsin. Bu, özlüyündə bir çox problemin həlli deməkdir. Birincisi, icra başçılarının sayı indiki say nisbətindən daha az olacaq. Sayın azalması isə icra başçılarının fəaliyyətinə nəzarət mexanizminin yaranmasına gətirib çıxaracaq. İkincisi, icra başçılarının sayının azalması dövlət büdcəsinə xeyli dərəcədə müsbət təsir edəcək. Artıq dövlət hansı iqtisadi rayona nə qədər maliyyə ayıracağını daha yaxşı planlaya biləcək. Üçüncüsü, regionların sosial-iqtisadi inkişafının dinamikasında artım əldə etmək olar. Yəni faktiki olaraq regionlarda sosial-iqtisadi planlamalar daha asan olacaq.

- Sizcə, proses Bakıya da çatacaqmı?

- Bakı istisna olunmamalıdır. Yəni bu məsələdə heç kimə güzəşt edilməyəcək. Bu prosesə birbaşa cənab Prezident rəhbərlik edir. Bu isə o deməkdir ki, “filankəsin adamıdır”, “filankəs tapşırıb” kimi bəhanələr keçməyəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.