SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “OQTAY ƏSƏDOVDA BU QƏDƏR VAR-DÖVLƏT HARDANDIR?” – İlyas İsmayılov spikeri təcili istefaya çağırdı

“OQTAY ƏSƏDOVDA BU QƏDƏR VAR-DÖVLƏT HARDANDIR?” – İlyas İsmayılov spikeri təcili istefaya çağırdı

Tarix:

9-04-2019, 00:13

/ 2 031 dəfə oxundu.
“OQTAY ƏSƏDOVDA BU QƏDƏR VAR-DÖVLƏT HARDANDIR?” – İlyas İsmayılov spikeri təcili istefaya çağırdı

“Əgər həqiqətən islahat tərəfdarlarıdırlarsa, onda desinlər görək, hələ 2005-ci ildə qəbul olunan “Gəlirlər barədə deklarasiya vermək haqqında” qanun niyə tətbiq olunmur?”

“AzPolitika.info”nun məlumatına görə, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov “Hürriyyət” qəzetinə müsahibəsində bu sualı aktuallaşdırıb.

Partiya sədri Azərbaycanda islahatların aparılması ilə bağlı suala cavabında bu haqda danışıb. Onun fikrincə, hakimiyyət islahatlardan danışsa da, ciddi heç bir addım atmır: “Əzizim, islahat latın sözü olan “reformare”-dən əmələ gəlib, mahiyyəti mövcud sosial quruluşu məhv etmədən cəmiyyətin, ictimai və dövlət həyatının hər hansı bir sahəsinin, tərəfinin (qanun-qaydalarının, institutlarının, qurumlarının və s.) məhz tərəqqi, irəliləmə istiqamətində yenidən, kökündən dəyişdirilməsi, ayrı cür, ayrı planda qurulması deməkdir. İndi görək, hakimiyyətin və onun məlum məddahlarının islahat adı ilə xalqa və dünya ictimaiyyətinə sırımaq istədikləri, hələ daxili aləmlərini demirəm, əmtəə görünüşü belə olmayan, yaxınları və qohumlarının bir vəzifədən digər vəzifəyə təyin etmələrinin, pensiyaları artırmaq adı altında xalqa dilənçi payı vermələrinin (190 manat pensiyaya 6 manat əlavə olundu) və xalqda birmənalı gülüş doğuran digər “tədbirlərin” bu anlayışla hər hansı bir əlaqəsi varmı? Götürək ölkənin ən ciddi problemi olan korrupsiya ilə hakimiyyətin apardığı “mübarizəni”, başqa sahələrdə olduğu kimi, korrupsiya ilə mübarizədə də mövcud qanunlar işləmir, yaxud bu mübarizə üçün dünya təcrübəsinə uyğun zəruri normativ aktlar qəbul olunmur. Hərdən bu və ya digər yüksək rütbəli hakimiyyət nümayəndəsinin “bu sahədə işi gücləndirmək lazımdır” demələri ilə öz vəzifə borclarını bitmiş sayırlar”.

İ.İsmayılov vurğulayıb ki, insanları sözlərlə, çağırışlarla deyil, məhz şəxsi nümunələrlə inandırmaq mümkündür. Bunun üçün bütün hakimiyyət nümayəndələri gəlirləri barədə, qazanclarının mənbəyi və dövlətə ödənilən vergilərin məbləği göstərilməklə, deklarasiya verməlidirlər. “Sözügedən qanunun işləməsinə mane olanlar niyə cəzalandırılmırlar? Əgər doğrudan da islahat tərəfdarlarıdırlarsa, niyə korrupsiya ilə mübarizə üçün zəruri, labüd olan xərclər barədə deklarasiya verilməsi haqqında qanun, vəzifəli şəxslərin sahibkarlıqla məşğul olmalarını qadağan edən cinayət qanunu qəbul olunmur, hələ 2006-cı ildə ikinci oxunuşdan keçən Rəqabət Məcəlləsi üçüncü oxunuşa çıxarılmır? Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir? İş ona gəlib çıxdı ki, artıq korrupsiyanın əyani sübutu olan nazirliyi ləğv edib, əvəzində yeni nazirlik yaratmaq məcburiyyətində qaldılar. Dövlətin əsas rıçaqlarından olan bu nazirliyin cinayət yuvasına çevrilməsində təqsirli bilinən şəxslər nə üçün cəzalandırılmadılar? Beynəlxalq Bankda baş verənlərə görə məsul olan şəxslər nə üçün məsuliyyətdən kənarda qaldılar? Əgər doğrudan da islahatlar keçirilirsə, bu suallara konkret və birmənalı cavab verilməlidir”.

İ.İsmayılov fikirlərinin davamında bu yaxınlarda parlamentin sədri Oqtay Əsədovun adı keçən qalmaqalı misal göstərib, spikeri sərt sözlərlə təcili istefaya səsləyib. Sitat: “Bu yaxınlarda mətbuatda Milli Məclisin sədri Oqtay Əsədov və onun həyat yoldaşının Moskvada milyonlarla dollar dəyərində obyektlərinin olması və burada qeyri-əxlaqi və qanunsuz fəaliyyətlərin tuğyan etməsi ilə əlaqədar informasiyalar getdi. İlk əvvəl mən bunun qeyri-ciddi məlumat olduğunu düşündüm. Sonradan Fəzail Ağamalının Oqtay Əsədov və onun yoldaşının müdafiəsinə qalxmasından bəlli oldu ki, yazılanlar doğru imiş. Deyilənlərə görə, Oqtay Əsədovun nəinki Moskvada, Binəqədidə və başqa yerlərdə də milyonluq obyektləri var. Düşünürəm ki, bu barədə xalqa hesabat verilməlidir: Oqtay Əsədovda bu var-dövlət hardandır? Yazılanlardan sonra onun onsuz da mənfi olan imicinə böyük zərbə dəydiyi aşkardır. Onda ləyaqət varsa, xalqın səbrini zorlamadan istefa verməlidir!”

Partiya sədri daha sonra vurğulayıb ki, iqtidar öz fəaliyyətinə dəstəyi xaricdə deyil, öz xalqı arasında axtarmalıdır: “Əks halda, sizin də qeyd etdiyiniz kimi, bu cür təşəbbüslər xaricilər qarşısında hesabat verməyə daha çox bənzəyər. İstənilən ölkənin hakimiyyəti isə öz xalqı qarşısında məsuliyyət daşıyır və hesabatı da ona verməlidir.

İkincisi, böyük, xüsusilə də siyasi islahat deyəndə nəyi nəzərdə tuturlar? Bu suala hökumət nümayəndələri aydınlıq gətirməlidirlər. Bəlkə Konstitusiyanın müvafiq maddələrini dəyişərək, proporsional seçki sistemini, prezidentin iki dəfədən artıq seçilməsini qadağan edən normaları bərpa etmək istəyirlər? Yaxud Əsas Qanunu dəyişdirərək, prezidentlik idarəetmə formasından parlamentli idarəçiliyə keçmək barədə düşünürlər? Bütün bunlar həyata keçirilmədən siyasi islahatlardan danışmaq absurddur.

Bəlkə böyük islahatlar deyəndə tibb sistemində məcburi tibbi sığorta tətbiq edərək vətəndaşları ölüm təhlükəsindən xilas etməyi düşünürlər? Yoxsa, təhsil sistemini kökündən dəyişdirərək, onu xalqın üzünə açırlar; xüsusilə də dövlət universitetlərində, dünyanın hər yerində, o cümlədən Türkiyədə olduğu kimi, pullu təhsili ləğv edib kasıb balalarının təhsil almasına şərait yaradırlar? Ölkədə aparılan “islahatlarda” bunların heç birinin kiçik işartıları belə yoxdur. Onda nə üçün xalqı və dünya ictimaiyyətini aldatmağa çalışırlar? Azərbaycandakı vəziyyəti islahat kimi təqdim etmək üçün insanda gərək yüz sifət ola”.

İ.İsmayılov qeyd edib ki, hakimiyyətin 30 ilə yaxındır yaratdığı problemləri bir anda həll etmək çətindir: “İslahatlar müəyyən aralıqlarla və intensiv aparılmalıdır. Amma məsələ burasındadır ki, hakimiyyətin son zamanlar atdığı addımların heç birini islahat adlandırmaq mümkün deyil. Yəni böyük islahatlardan bəhs edilir, ancaq ortada bunun heç bir əlaməti yoxdur. İqtidarın əslində belə bir niyyəti də mövcud deyil. Deklorativ bəzi addımlarla sadəcə islahat manipulyasiyası ilə məşğuldurlar. Varlığı və mahiyyəti korrupsiyadan ibarət olan, xalqın inamına deyil, güc strukturlarına arxalanan, seçki keçirmək əvəzinə, sadəcə bu barədə protokol tərtib edən, konstitusiyada gülüş doğuran dəyişikliklərlə ömrünü uzadan hakimiyyət islahatlar aparmağa qadir deyil. Bu onun oturduğu budağı kəsməsi olardı.

Digər tərəfdən, tətbiq olunan “tədbirlər” islahatın məramı və məqsədi olan hansı irəliləyişə, tərəqqiyə gətirib çıxarıb? Belə bir şey yoxdur. Əksinə, bunların yalançılıqda göstərdikləri əzmkarlıqları (bunu Qarabağ probleminin həllində ortaya qoysaydılar, sevinərdim) xalqı hakimiyyətdən tamamilə aralayır. Bunu nə qədər tez anlasalar, o qədər yaxşı olardı”.

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ