XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Tərtərdə məhkəməyə basqın: Sədr və baş məsləhətçiyə güc tətbiq edildi

Tərtərdə məhkəməyə basqın: Sədr və baş məsləhətçiyə güc tətbiq edildi

Tərtərdə məhkəməyə basqın: Sədr və baş məsləhətçiyə güc tətbiq edildi
12-03-2020, 12:48

Azərbaycanda məhkəməyə basqın edilib...
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tərtər rayon Məhkəməsinin inzibati binasında baş verib.

Tərtər rayon sakini Məmmədov Fərhad Əli oğlu rayon məhkəməsinin inzibati binasına basqın edib. O, Tərtər rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Elşad Bayramovun xidməti otağına daxil olub.

Fərhad Məmmədov hakimə və məhkəmənin baş məsləhətçisi Elşad Abdullayevə güc nümayiş etdirib.

Fərhad Məmmədov hakim və baş məsləhətçiyə qarşı zorakılıq edərək, yaxın qohumlarından birinin işinə ədalətli baxılmasını istəyib. O, bu hərəkətləri ilə məhkəmənin işini pozub, hakim və baş məsləhətçiyə qarşı qanunsuz hərəkətlər edib.

Baş verən olayla bağlı Tərtər rayon Prokurorluğuna müraciət olunub. Müraciət əsasında Fərhad Məmmədovun barəsində araşdırma aparılıb, onun cinayət hadisəsi törətdiyi sübuta yetirilib.

İstintaq orqanı tərəfindən Fərhad Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmək) və 288.1-ci (işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi ilkin mərhələdə baxılması üçün Tərtər rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclasında prosesə sədrlik edən hakim Elşad Bayramov özü-özünə etiraz verib.

Hakim etirazı onunla əsaslansdırıb ki, həm özü, həm də məhkəmənin baş məsləhətçisi Elşad Abdullayev cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Hakimin etirazı araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda Tərtər rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Elşad Bayramovun etirazı təmin olunub.

Cinayət işi baxılması üçün başqa instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib. Qərar icra olunması üçün Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudova təqdim edilib. Sədr işin baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilməsi barədə qərar verib.

Fərhad Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlayacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.