SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezidentin anons etdiyi “Əsrlərin müqaviləsi” nə vəd edir?

Prezidentin anons etdiyi “Əsrlərin müqaviləsi” nə vəd edir?

Tarix:

3-06-2017, 09:45

/ 257 182 dəfə oxundu.
Prezidentin anons etdiyi “Əsrlərin müqaviləsi” nə vəd edir?

Vüqar Bayramov: “Bu, nəinki Azərbaycan, bütövlükdə region üçün strateji bir layihədir...”
“Biz ”Azəri-Çırağı" “Əsrin müqaviləsi” adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram". Bunu prezident İlham Əliyev “Şahdəniz Mərhələ 2" üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki ”Şahdəniz" müqavilə sahəsinə yolasalma mərasimindəki çıxışını ingilis dilində davam etdirərkən deyib.
Ölkə başçısı həmin günü tarixi bir gün adlandırıb: “Bu, həqiqətən də tarixi gündür. ”Şahdəniz" müqaviləsinin imzalanmasından 21 il sonra indi biz tarixi əhəmiyyət kəsb edən günü qeyd edirik. Bu gün mən ilk növbədə strateji tərəfdaşımız, uzun illərdir Azərbaycanın yaxşı dostu olan BP-yə təşəkkürümü bildirmək istərdim. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bizim əməkdaşlığımızın başlanğıcı oldu. Həmin vaxtdan bizimlə birgə çalışmış və çalışmaqda davam edən bir çox şirkətlər var. Sizə xatırlatmaq və məlumat vermək üçün demək istərdim ki, həmin vaxt Azərbaycan xarici neft şirkətlərindən ibarət konsorsiumla “Azəri-Çıraq-Günəşli” müqaviləsini imzaladı və BP, sadəcə olaraq, onlardan biri idi. O, böyük hissəyə malik idi və böyük tərəfdaşlıq var idi ki, bu gün də müəyyən dəyişikliklə davam edir".
Prezident bildirib ki, BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır: “Cənab Counzun qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Qeyd etdiyim kimi, hazırda onlar ”Azəri-Çıraq-Günəşli" müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər. Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə “Azəri-Çıraq-Günəşli”də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, “Şahdəniz”dən nəzərdə tutulandan daha çox qaz istehsal ediləcək. Biz “Azəri-Çırağı” “Əsrin müqaviləsi” adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram".
Ölkə başçısının çıxışını dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov da açıqlamasında bildirdi ki, bu, nəinki Azərbaycan, bütövlükdə region üçün strateji bir layihədir: "“Şahdəniz 2" yatağında hasil ediləcək mavi qaz Türkiyə və Avropa bazarına nəql ediləcək. Nəticədə təxminən 3 il sonra Azərbaycanın mavi qaz hasilatı 29 milyard kubmetrdən 45 milyard kubmetrə qədər yüksələcək. Bu da təbii ki, qaz hasilatında kifayət qədər böyük rəqəmlərlə ifadə ediləcək artım deməkdir. Əslində ”Şahdəniz 2" yatağı ilə yanaşı, “Abşeron” yatağı da Azərbaycanın mavi qaz yatağı olaraq kifayət qədər böyük bir yataqdır. “Abşeron” yatağı da 2024-cü ildən başlayaraq Azərbaycana qaz ixracatından gəlirin daxil olmasına imkan verəcək. Bütövlükdə ilkin qiymətləndirmələrə görə, “Şahdəniz 2" yatağının istismarından Azərbaycanın əldə edəcəyi gəlir 100 milyard dollardan artıq olacaq. Söhbət Şahdəniz 2" yatağından və Cənub Qaz Dəhlizindən istifadə edildiyi müddətdən gedir. Çünki birinci mərhələdə, yəni 2018-ci ildən başlayaraq Azərbaycan Türkiyəyə nəql etdiyi mavi qazın həcmini təqribən 8,6 milyard kubmetr artıracaq. Bu həcmdə Türkiyə bazarına əlavə mavi qaz veriləcək. 2020-ci ildə isə Avropa bazarına birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetrə yaxın mavi qazın nəql edilməsi nəzərdə tutulub. Daha sonra Baltik ölkələri və İtaliyaya mavi qazın nəql edilməsi də nəzərdə tutulub. Çünki Azərbaycan mavi qazının son dayanacağı İtaliya olacaq”.
V.Bayramov qeyd etdi ki, bunlar çox strateji layihələrdir və Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu böyükdür: “Azərbaycan üçün də ixrac baxımından çox əhəmiyyətlidir. Ölkəyə daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxara bilər. Mavi qazın neftdən fərqli ondan ibarətdir ki, bu məhsul hazırda daha çox strateji əhəmiyyətə malikdir. Çünki Avropa və digər bəzi regionlar üçün mavi qazın idxalı ilə bağlı alternativ mənbələrin tapılması çox önəmlidir. Bu kontekstdən baxanda mavi qaz neftlə müqayisədə daha strateji məhsuldur. Təbii qazın nəqlinin Avropa üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini və Azərbaycana nə qədər gəlir gətirəcəyini nəzərə alsaq, deyə bilərik ki, çox önəmli və strateji layihədir. Bu, həm də mərhələli şəkildə ölkəyə daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxaracaq”.
Prezidentin səsləndirdiyi “Əsrlərin müqaviləsi” ifadəsini şərh edən iqtisadçı ekspert vurğuladı ki, potensial qaz yataqlarından da istifadə edilərsə, Avropa və Türkiyəyə daha uzun müddətə qaz ixracı mümkün olacaq: “Cənub Qaz Dəhlizi ilə bağlı ilkin danışıqlar, razılaşmalar 2013-cü ildə başlasa da, ”Şahdəniz" layihəsinə xeyli əvvəl başlanılmışdı. Bu baxımdan, hesab edirəm ki, stratejilik baxımından layihəni əsrlərin müqaviləsi adlandırmaq olar. Çünki gəlirlilik baxımından daha çox digər mavi qaz yataqlarından çıxarılan qazın həcmi önəmli olacaq. Sözsüz ki, əgər kəşf edilmiş və potensial mavi qaz ehtiyatlarından istifadə ediləcəksə, o zaman Avropaya və eləcə də Türkiyəyə daha uzunmüddətli dövrdə mavi qazın çıxarılması mümkün olacaq".

Şərhlər

XƏBƏR LENTİ