SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » TANAP - Avropa ilə Asiyanı birləşdirən sülh körpüsü

TANAP - Avropa ilə Asiyanı birləşdirən sülh körpüsü

Tarix:

2-12-2019, 09:28

/ 858 dəfə oxundu.
TANAP - Avropa ilə Asiyanı birləşdirən sülh körpüsü

İqtisadçı-alim: “Ermənistan daha bir mühüm regional və beynəlxalq əhəmiyyətli layihədən kənarda qaldı...”
Noyabrın 30-da Azərbaycanın neft-qaz sənayesində, eləcə də Avropanın enerji təchizatında mühüm yeri olan Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri - TransAnadolu Boru Kəmərinin (TANAP) sonuncu hissəsi istismara verildi. Bu münasibətlə Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçin iştirakı ilə Türkiyənin İpsala bölgəsində təntənəli mərasim keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev mərasimdəki çıxışında bildirib ki, təməli 4 il əvvəl qoyulan TANAP Avropa sərhədinə çatıb: “Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcək. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - ”Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir".
Prezident qeyd edib ki, bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir: “Bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz”.

İ.Əliyevin sözlərinə görə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir: “Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3.4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır”.
Prezident vurğulayıb ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir: “Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında TANAP-ın Cənub Qaz Dəhlizi layihəsinin bel sütununu təşkil etdiyini vurğulayıb: “Bu gün hamımız birlikdə ölkələrimiz və bölgəmiz üçün həqiqətən də tarixi bir ana şahidlik edirik. Hər mərhələsi səbirlə, diqqətlə, Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq səyləri ilə ərsəyə gələn yeddi il yarımlıq uzun və çətin bir prosesi uğurla başa çatdırmağın haqlı qürurunu yaşayırıq. Birincisi, TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu, bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür. Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb. Çox dəyərli qardaşım Əliyevin şəxsən diqqəti, istər Gürcüstanın aidiyyəti qurumları ilə əməkdaşlıq, istərsə də bu layihədə əməyi olan qardaşlarımızın səyləri ilə, şükür olsun, TANAP-ı bugünkü səviyyəyə gətirdik. Bu gün hamımız birlikdə sərf etdiyimiz əməyin hədər getmədiyini görürük. ”Enerjinin İpək yolu" adlandırılan bu möhtəşəm layihənin nəzərdə tutulan təqvimə, hədəflərimizə və öhdəliklərimizə uyğun şəkildə ölkələrimizlə bağlı hissəsini bu gün tamamlayırıq".

Türkiyə prezidenti bildirib ki, TANAP Avropa ilə Asiyanı birləşdirir: “Bu gün hamımız birlikdə Avropa ilə birləşməsinin açılış mərasimini qeyd etdiyimiz TANAP ölkəmizin sülhpərvər baxışının konkret nümunəsidir. Dünya gündəmini ticarət müharibələrinin, terrorun, etirazların, qeyri-sabitliyin zəbt etdiyi bir dövrdə biz bu gün Avropa ilə Asiyanı TANAP vasitəsilə birləşdiririk. Buradan bölgəmizlə yanaşı, bütün dünyaya əməkdaşlıq və tərəfdaşlıq mesajları veririk. Türkiyəni üç qitənin enerji və ticarət mərkəzinə çevirmək yolunda yeni bir addım atırıq”.

Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinin başa çatmasını dəyərləndirən iqtisadçı-alim, Ana Vətən Partiyası sədrinin müavini Fikrət Yusifovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın enerji resurslarının birbaşa Avropa bazarına çıxarılması bir zamanlar çoxlarına xəyal kimi görünürdü: “Lakin artıq Azərbaycan bu bazarın mühüm tərəfdaşlarından birinə çevrildi. Bununla da ölkəmiz beynəlxalq aləmdə özünün həm siyasi, həm də iqtisadi maraqlarını qəbul etdirmək şansları qazanmış oldu. Bütün bunlar Azərbaycan prezidentinin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsidir. Zəngin təbii resurslardan düzgün istifadə olunması, onların reallaşdırılmasından əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsi, eləcə də ölkənin ictimai-siyasi həyatında dayanıqlı sabitliyin təmin olunması, Azərbaycana belə nəhəng layihələrin gerçəkləşdirilməsi üçün zəruri olan bütün imkanları yaratdı”.

İqtisadçı-alim bildirir ki, Azərbaycanın reallaşdırdığı bu nəhəng regional layihələrdən təkcə ölkəmiz deyil, regionun digər dövlətlər də faydalanırlar: “Bölgədə Azərbaycanın bilavasitə müəllifliyi ilə reallaşdırılan belə nəhəng transmilli layihələrdən bəhrələnməkdən məhrum olan tək Ermənistandır. Bu ölkə öz işğalçılıq ambisiyalarının qarşılığında Azərbaycan hökumətinin yürütdüyü düşünülmüş siyasətlə bütün regional layihələrdən kənarda qalıb və təbii ki, belə layihələrin reallaşdırılmasından əldə edilə biləcək gəlirlərdən məhrumdur. Bütövlükdə bu gün Cənub Qaz Dəhlizi layihəsi beynəlxalq əməkdaşlıq layihəsi kimi özündə üçü Avropa İttifaqına üzv olmaqla, 7 ölkəni birləşdirir. Bu layihə eyni zamanda həmin ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsində bir körpü rolunu oynayacaq. Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri(TANAP) Avropa İttifaqının enerji marşrutlarının şaxələndirilməsinə xidmət edən layihədir və onun həyata keçirilməsi Avropa üçün həyati əhəmiyyətə malik bir hadisədir. Məlumdur ki, Cənub Qaz Dəhlizi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin tikintisi ilə başlanan və Azərbaycanın enerji resurslarını dünyaya, ilk növbədə, Avropaya çatdıran qlobal bir layihənin davamıdır. Əgər bir vaxtlar çoxları Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılacağına şübhə ilə yanaşırdılarsa, artıq Azərbaycanın enerji resurslarını Avropaya çatdıran ikinci bir böyük kəmər işə salınıb. Son 20 ildən bir qədər artıq müddət ərzində qardaş Türkiyə ilə Azərbaycan qlobal layihələrin reallaşdırılması sahəsində çox böyük uğurlara imza atmışlar. Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti iki qardaş ölkənin bundan sonra da hər iki ölkə üçün, yerləşdiyimiz region üçün və bütövlükdə beynəlxalq aləm üçün əhəmiyyətli olan digər mühüm layihələrə də imza atacağının anonsunu verdi: ”Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq"".

F.Yusifovun sözlərinə görə, Azərbaycan Qərbin strateji müttəfiqidir: “Bu qəbildən olan beynəlxalq layihələr Azərbaycana böyük iqtisadi dvidentlər gətirməklə yanaşı, dünya siyasət meydanında ölkəmizin nüfuzunun artmasını təmin edir. Yeddi ölkənin iştirak etdiyi belə nəhəng layihəni güclü siyasi iradənin və qətiyyətin olduğu yerdə reallaşdırmaq mümkün ola bilərdi. Bu layihənin təməli hələ 2011-ci ilin sonlarında qoyulmuşdu. ”Şahdəniz -2" qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalanmışdı. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi isə onu gercəkliyə çevirdi. Bu gün birgə reallaşdırılan nəhəng regional layihələrlə bərabər, iki ölkə arasında bütün səviyyələrdən olan əlaqələr - xüsusilə də iqtisadi əlaqələr daha da dərinləşir və yeni inkişaf müstəvisinə çıxır. TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan bu nəhəng layihə sözsüz ki, ölkəmizin iqtisadi potensialının artırılmasına öz töhfəsini verməklə yanaşı, həm də siyasi müstəvidə dövlətimizin Dağlıq Qarabağ kimi bir probleminin həlli baxımından əhəmiyyətli rol oynayacaq. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın təlatümlər yaşadığı bir dönəmdə TANAP layihəsinin işə salınması ilə daha bir uğura imza atdı".

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ