SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İpotekanı dalana sıxışdıran layihə - Fonddan verilən kreditlərdə qaranlıq məqamlar var

İpotekanı dalana sıxışdıran layihə - Fonddan verilən kreditlərdə qaranlıq məqamlar var

Tarix:

23-05-2018, 10:06

/ 1 884 dəfə oxundu.
İpotekanı dalana sıxışdıran layihə - Fonddan verilən kreditlərdə qaranlıq məqamlar var

Sosial evlər layihəsinin satışa başlamasından sonra ipoteka kreditlərinə maraq kifayət qədər azaldı. Baxmayaraq ki, güzəştli şərtlərlə verilən ipoteka kreditləri ilə sosial evlər layihəsində nəzərdə tutulan qaydalar demək olar ki, eynidir.

Qeyd edək ki, sosial evlərin satış qiymətləri ƏDV daxil olmaqla 1 otaqlı - 29 925, 2 otaqlı - 47 282 manatdan, 3 otaqlı mənzillər üçün isə- 65 626 manatdan başlayır. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Ödəniş şərtləri isə bu cürdür: İllik 4 faiz olmaqla 3 aydan 30 aya qədər. İlkin ödəniş isə mənzilin ümumi qiymətinin minimum 10 faizidir.

Güzəştli ipoteka kreditinin şərtləri isə hətta sosial evlərin daha yaxşıdır. Güşətli ipotekada isə maksimum 100 min manat, ödəniş müddəti isə 360 ay nəzərdə tutulur. İllik faiz dərəcəsi 4, ilkin ödəniş isə 30 faizdir. Güşətli şərtlərlə bu kredit növündən istifadə üçünsə yalnız 3 ay iş stajı və sığorta tələb olunur.

Ödəniş qrafiki, faiz göstəricisi və digər tələblər əslində sosial evlərdən daha sərfəli görünür. Ancaq göründüyü kimi, sosial evlər ipoteka kreditlərini müəyyən qədər gündəmdən çıxardı. Maraqlıdır, ipoteka kreditlərinə marağın azalması nə ilə bağlıdır? Bu bankların gəlirlərinə nə kimi zərər vurur?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində ipoteka kreditlərinin banklarının gəlirlərinə elə də ciddi təsir etmədiyini deyib: “Çünki bu dövlət xətti ilə verilən kreditlərdir. Banklar sadəcə olaraq dövlətin verdiyi kredit faizləri ilə öz faizləri arasındakı fərqdən gəlir əldə edir. Bu banklar üçün elə də ciddi gəlir demək deyil.

Həmçinin burada bir neçə qaranlıq məqam var. Məhz bu amil sosial evlər layihəsində yoxdur. Böyük şübhələr var ki, ipoteka kreditlərində saxta müqavilələr var. Yəni, verilən kreditlərin təyinatı üzrə xərclənməməsi amili mövcuddur. Məsələn, hansısa sahibkarlara əlverişli şərtlərlə götürülmüş kredit lazımdır. Sahibkar gedib güya hansısa yaxın adamının evini alır. Faktiki olaraq Fonddan aşağı faizli pul çıxardır. Amma ipoteka krediti adı altında götürdüyü pulla ev almır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təbii ki, bu halda Fondda kiminsə bundan xəbəri olur. Bankın isə bu məsələdə o qədər də ciddi rolu olmur. Yəni, ehtimal var ki, ipoteka kreditlərində korrupsiya əməlləri var. Buna görə də dəfələrlə qeyd etmişəm ki, Fond tərəfindən verilən bu kreditlər tam şəffaf olmalıdır.

Verilən kreditlərlə bağlı Fondun saytında ətraflı məlumat yerləşdirilməlidir. Kim kredit götürüb, hardan ev alıb, kimdən alıb, əmək haqqı nə qədərdir və digər məlumatlar açıq şəkildə göstərilməlidir ki, ictimaiyyət bunu yoxlaya bilsin. Ola bilər ki, bir ailədə bu növ kredit bir neçə nəfərə verilib. Məlumatlar yerləşdirilsə, artıq bu cür hallar üzə çıxacaq”.

Ə.Həsənov hesab edir ki, İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə güzəştli şərtlərlə kredit alanlar haqqında məlumatı yaymalıdır:

“Mərkəzi Bankın uçot dərəcəsi 11 faizdir. Təbii ki, banklar da bu faizlə aldıqları kreditlərin üzərinə öz faizlərini əlavə edib sahibkarlara verirlər. Amma ipoteka kreditinin faizləri bununla müqayisədə çox azdır. Bundan da müxtəlif səbəblərlə istifadə edə bilərlər. Buna görə də Fondun fəaliyyəti tam şəffaf olmalıdır. Bəzən deyirlər ki, bu məlumatlar bank sirridir. Əgər kimsə bu məlumatların yayılmasını istəmirsə, o, zaman bankdan kommersiya şərtləri ilə ipoteka krediti alsın. Əgər dövlət xətti ilə almaq istəyirsə, artıq burada bank sirrindən söhbət gedə bilməz.

Digər tərəfdən kreditlərin verilməsində yaranan suallara da aydınlıq gələr. Deyək ki, mən 3 min manat maaş alıram. Amma Fond 2 min manat gəliri olan adama kredit verir, amma mənə vermir. Əgər kredit verilən adamlar haqqında məlumat yerləşdirilsə, artıq bunun səbəbini orada tapa biləcəm. Amma hazırda biz kreditlərin kimə, hansı şərtlərə, meyarlara görə verildiyini bilmirik. Sosial evlərdə isə ən azı bu problem yoxdur. Çünki orada konkret evlər var və ancaq onlar satılır”.

Əkrəm Həsənov hesab edir ki, ipoteka kreditlərində bu cür problemlərin olması, sosial evlər layihəsini gündəmə gətirdi: “Prinsipcə güzəştli şərtlərlə verilən ipoteka kreditləri ilə sosial evlər arasında elə də ciddi fərq yoxdur. Belə olduğu halda bu layihəyə nə ehtiyac var idi? Ev almaq istəyən elə güzəştli ipoteka kreditlərindən istifadə edərdi. Təbii ki, sadaladığım problemlərin olduğunu tam əminliklə demək olmaz. Amma dəfələrlə bu problemlər deyilir, ancaq yenə də şəffaflıq olmursa, deməli gizlətməyə nəsə var”.

Şərhlər

XƏBƏR LENTİ