XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Elman Rüstəmov problemlə üzləşib - İDDİA

Elman Rüstəmov problemlə üzləşib - İDDİA

Elman Rüstəmov problemlə üzləşib - İDDİA
4-08-2017, 10:55

Bir müddət əvvəl Baş Prokurorluq ağacların qanunsuz kəsilməsinə görə Bakının məşhur şadlıq saraylarından biri - "Planet"in rəhbərinin həbsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Nizami rayonu ərazisində "Karvan-K" İstehsalat Kommersiya Şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) ağacların məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan dəyib.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmaların nəticəsi olaraq şirkətin icraçı direktoru Vüqar İbiş oğlu Şirinov və onun göstərişi ilə ağacları kəsən fəhlələr - fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Vasif Telman oğlu Salmanov və Sadiq Rza oğlu Əhmədov saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərə qanunsuz ağac kəsərək təbiətə külli miqdarda ziyan vurmaq maddəsi üzrə ittiham irəli sürülüb.

Açıqlamada deyilir ki, "Karvan-K" şirkəti "Planet" şadlıq sarayının mülkiyyətçisidir.

Xatırladaq ki, prokurorluğun açıqlamasından bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi də "Planet"in sahiblərinin əməlləri haqqında xəbər yayaraq, qeyd edib ki, hadisə yerində olan nazirlik əməkdaşlarına özünü "Planet" şadlıq sarayının rəhbəri kimi təqdim edən Talıb Quliyev ağacların onun göstərişi ilə kəsildiyini deyib. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib.

Məhz bundan sonra tikintini həyata keçirən "Karvan-K" barəsində akt tərtib olunaraq, fakta hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barədə qanunamüvafiq tədbirlərin görülməsi və ərazidəki digər ağacların məhv edilməsi təhlükəsinin qarşısının alınması məqsədilə toplanmış materiallar Respublika Prokurorluğuna göndərilib.

Göründüyü kimi, nazirliyin və prokurorluğun birgə fəaliyyəti nəticəsində "yaşıl soyqırım"ı həyata keçirən şəxslərə qarşı sərt tədbirlər görülüb.

Lakin nazirliyin açıqlamasında adıçəkilən Talıb Quliyevə qarşı hər hansı tədbir görülməsi barədə məlumat verilmir. Əgər belə bir hal olsaydı, o zaman bu, rəsmi açıqlamada öz əksini tapardı.

Maraqlıdır, nazirlik əməkdaşlarına qarşı kobud davranış sərgiləyən Talıb Quliyevə qarşı niyə tədbir görülməyib? Əgər nazirliyin rəsmi açıqmasında deyildiyi kimi, ağaclar Talıb Quliyevin göstərişi ilə kəsilibsə, niyə yalnız icraçılar tutulub?

Bu və ya digər məqamlarla bağlı Reyting.az saytına verilən məlumatda bildirilir ki, rəsmi açıqlamlarda adıçəkilən və şadlıq sarayının sahibi kimi təqdim olunan Talıb Quliyev "təsadüfi adam" deyil. Talıb Əfsər oğlu Quliyev Mərkəzi Bankın sədri Elman Rüsətmovun bibisi oğlu və biznes ortağıdır. "Planet" şadlıq sarayı da onun rəhbərliyi altında fəaliyyət göstərir. "Hazırda mübahisə predmeti olan ağacların kəsildiyi ərazini də bir neçə il əvvəl məhz Elman Rüstəmovun xeyir-duası ilə Talıb Quliyev yerli bələdiyyə və müvafiq icra hakimiyyəti orqanlarından satın alıb. Orada aparılan işlərə də, nazirliyin məlumatında qeyd edildiyi kimi, həqiqətən də Talıb Quliyev rəhbərlik edir. Yəni tutulan şəxslər Talıb Quliyevin iradəsi və icazəsi olmadan orada iş görə bilməzdilər",- deyə mənbəmiz bildirib.

Məlumatlı şəxs deyib ki, Talıb Quliyev təkcə restoran biznesi ilə məşğul olmur, o, həm də bir çox dövlət qurumlarının elan etdiyi tenderlərin də iştirakçısıdır. Məsələn, ona bağlı olan MMC "Azərsu" ASC-nin tenderlərində də iştirak edib: "Təbii ki, Elman Rüstəmovun qohumu olması ona bir çox dövlət qurumlarında "bağlı qapıları" açmağa kömək edib və "toxunulmaz şəxs" statusu qazandırıb. Yəqin elə bu "toxunulmaz"lığın yaratdığı eyforiya Talıb Quliyevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına da meydan oxumasına implus verib",- deyən mənbəmizin sözlərinə görə, nazirlik də bunu cavabsız buraxmayaraq, topladığı materialları prokurorluğa göndərərk, ilkin olaraq Talıb Quliyevin ətrafını "budayıb".

"Əgər məsələ bir qədər də dərinə gedərsə, Talıb Quliyev da cəzasız qalmayacaq. Bütün bunlar isə son nəticədə Mərkəzi Bankın sədri Elman Rüstəmova da problem yarada bilər. Hətta deyərdim ki, bu, qaçılmazdır",- deyə mənbəmiz bildirib.

Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyev paytaxtda ağacların qanunsuz kəsilməsi ilə bağlı növbəti dəfə məmurlara sərt xəbərdarlıq edib.

Prezident həmin vaxtı bildirmişdi ki, belə əməllərə yol verən sahibkarlar və məmurlar təkcə cərimə cəzası ilə yaxalarını qurtara bilməyəcəklər.

Elə az əvvəl Bakının Yasamal rayonunda, Mətbuat prospektində yerləşən "Ovçular evi"nin ərazisində ağacların tikinti aparmaq məqsədi ilə kütləvi məhvi ölkə başçısının müdaxiləsi ilə dayandırılmışdı və həmin ərazidə "Böyük Plaza" adlı çoxfunksiyalı kompleksin tikintisinə dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğvi, yerində isə istirahət parkının salınması buna nümunədir. Bütün bunlar isə onu deməyə əsas verir ki, "yaşıl soyqırım"ı həyata keçirən şəxslər və onların himayəçiləri də cəzasız qalmayacaqlar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.