SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

Tarix:

7-06-2023, 18:37

/ 295 dəfə oxundu.
TƏHSİLİN ƏDALƏTİ BUDURSA... - İTTİHAM VAR!

Təhsil Millətin gələcəyidir.Bəli bu sözləri Ümumilli lider Heydər Əliyev demişdir.Uzaqgörən liderin bu sözləri tariximizə həkk olmuşdur.Əfsuslar olsun ki,təhsilimizi korlayanlar gələciyimizi də korluyurlar.Unec rektoru Ədalət Muradovun və ətrafının etdikləri təhsilimizin adına birbaşa ləkədir.Ay başbilənlər,heç düşünmüsünüzmü ki, Ədalət Muradov iqtisad universitetini hara aparır? Biz deyək – UÇURUMA.....
Son vaxtlar ölkə KİV-lərində böyük tarixi ənənələri olan Azərbaycan Dövlət İqtisad Universiteti barədə bir-birinin ardınca dərc olunan məqalələri oxuduqca bu təhsil ocağının bünövrəsini qoymuş iqtisadçı alimlərə, bu universitetə rəhbərlik etmiş 14 rektora-sağ olanlara səbr, dünyasını dəyişmişlərə isə rəhmət oxumalı oluruq… Ona görə ki, bir müddətdir ki, bu Ali təhsil ocağının “başında dəlləklik” öyrənmək yarışı başlayıb. Amma “çanaq” kimin başında çatlayacaq, bunu artıq görməmək mümkün deyil… Və Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə rektor vəzifəsinə təyin edildiyi gündən və hal-hazırda bu universitetdə bütün baş verənləri aydın məqsədi, vəzifələri və əsasları olmayan sosial eksperiment kimi xarakterizə etmək olar. Biz bütün baş verənlərin təhsilimizin, xüsusən də ölkəmizin iqtisadi qüdrətlənməsinə töhvə vermək naminə burada yetişdirilən kadrların gələcəyinə nə verəcəyini araşdırmaq qərarına gəldi…

ADİU-dakı problemlərə susmaq qızıldırmı?

Ölkə KİV-lərinin təhlili zamanı bir maraqlı məqam diqqətimizi çəkdi. KİV-lər yazırlar ki, ADİU-da fəaliyyətdə olan rejim sovet dönəmindəki zavodların iş rejimi və mühitini xatırladır. Belə ki, hələ sovet dönəmində zavodlarda administrasiya işçilərlərdən fəlakətli dərəcədə ayrılırdı, işçilər də özlərini elə göstərirdilər ki, guya işləyirlər və nifrət oyandıran müəssisədən tez qaçıb getmək üçün zəngin vurulmasını gözləyirdilər.
ADİU-da, əslində, nə baş verir?

Bu dəfə KİV-lər nurçular məsələsinə toxunur… Yazırlar ki, sən demə, ADİU-nun rektoru Ədalət Muradovun "islahatlarının" sosial-siyasi məqsədləri onun kadr siyasətinin, aparıcı vəzifələrə təyinat zamanı tətbiq etdiyi meyarların və tələblərin təhlili zamanı aydın olur. Son illərdə Azərbaycan və qardaş Türkiyə mətbuatında beynəlxalq səviyyədə geniş yayılmış nurçular şəbəkəsi haqqında çoxlu sayda məqalələr dərc olunmuşdur. Eləcə də hamıya yaxşı məlumdur ki, bu düşmənlər qardaş Türkiyəyə necə ziyan vurmuşdular və vururlar, onlar respublikamıza necə nüfuz etmişdirlər və hansı fəaliyyətlə məşğuldurlar. Yalnız Prezident İlham Əliyevin uzaqgörənliyi və siyasi dahiliyi sayəsində Azərbaycan bu təhlükədən xilas olmuşdur. Lakin hamıya məlumdur ki, çox gizli saxlanılan bu şəbəkə hələ də Azərbaycanda və Türkiyədə fəaliyyətini davam etdirir və xüsusilə təhsil sistemində onun kökləri daha dərindir. Azərbaycan-türk liseylərinin və Türkiyə ali təhsil müəssisələrinin məzunları Azərbaycan universitetlərində və hökumət qurumlarında işlərini davam etdirirlər. Təbii ki, onların əksəriyyəti Heydər Əliyevin azərbaycançılıq ideyalarına, Prezident İlham Əliyevə və öz ölkəsinə sadiq insanlardır. Lakin ölkə prezidentinin qeyd etdiyi kimi - biz Azərbaycanın gələcəyi ilə bağlı planlar quran düşmənlərlə əhatə olunmuşuq. Beynəlxalq nurçu şəbəkəsi təhsili hər zaman özlərinin başlıca obyekti hesab etmişlər.
Bu arada diqqəti çəkən odur ki, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Elşən Bağırzadə rektor Ədalət Muradovun müşaviri təyin edilmişdir. Qısa müddət ərzində o, öz ətrafında türk liseylərinin və ali məktəblərinin məzunlarından ibarət komanda yığmış və rektor Ədalət Muradov da onları ən mühüm və aparıcı vəzifələrə təyin etmişdir:
-Nəsimi İsmayılov - baş mühasib…
-Raqif Qasımov - yeni yaradılmış Qiymətləndirmə və Keyfiyyətin İdarə Edilməsi Mərkəzinin direktoru;
-Gəray Musayev - Distant, əlavə və qiyabi təhsil mərkəzinin direktoru;
-Ramil Cabbarov - Kommunikasiya və marketin departamentinin aparıcı meneceri.
Bundan əlavə, "Gənc professor" və "Gənc müəllim" adlandırılan layihələrə rektorun tapşırığı ilə rəhbərlik edən Elşən Bağırzadə xarici ölkələrin ali məktəblərinin 100-dən çox məzununu müəllimlik və idarəetmə fəaliyyətinə cəlb etmişdir. Həm də nəzərə almaq lazımdır ki, həmin məzunlarla müsahibəni Elşən Bağırzadə şəxsən Gəray Musayev və Raqif Qasımovla tam məxfilik şəraitində aparmışdır. Onlardan bəziləri ilə bu müşavir vaxtaşırı görüşür, izahat işi aparır, müvafiq təlimat və tapşırıqlarını verir.
Beləliklə, o, öz şəbəkəsini genişləndirir, mövqeyini möhkəmləndirir və rektora təsirini gücləndirir.
«Elşən Bağırzadə və Ədalət Muradov arasındakı münasibətlərin isə uzunmüddətli və möhkəm əsasları vardır. Belə ki, professor Muradov onun elmi rəhbəri olmuş və hər vasitə ilə ona Azərbaycanda kölgə iqtisadiyyatı problemləri mövzusunda namizədlik dissertasiyasını müdafiə etməsinə köməklik göstərmişdir. Artıq dissertasiya mövzusu seçimi Elşən Bağırzadənin müxalifət baxışlarından xəbər verir. Rəsmi statistikaya görə Azərbaycanda kölgə (qeydiyyata alınmamış) iqtisadiyyatının səviyyəsi 9-10 faizi keçməsə də, Elşən Bağırzadə bu göstəricinin 55-60 faiz təşkil etməsini "əsaslandırmış"dır. Bu rəqəmlər isə Azərbaycanı gözü götürməyənlərin, bədxahların - Transparensy İntemational, Freedom House və s. agentliklərin rəqəmlərinə uyğun gəlir.
Elşən Bağırzadənin müşavir vəzifəsinə təyin edilməsindən sonra, universitetin bəzi nümayəndələri rektora bu təyinatın səhv addım olması, onun müxalifətçi baxışları və dünyagörüşü barədə məlumat vermişdilər. Lakin heç bir nəticəsi olmadı. Rektora həmçinin deyilmişdi ki, Elşən Bağırzadə sosial şəbəkələrdə çox fəaldır və Facebook-da onun dostları sırasında İsa Qəmbər, Əli Kərimli, Arif Hacıyev, Fətullah Gülən və digər şəxslər vardır. Buna cavab olaraq isə, rektor müşavirin səlahiyyətlərini genişləndirmiş və faktiki olaraq bu gün Elşən Bağırzadə ümumi rəyə görə ADİU-nun "boz kardinalı" hesab edilir. Kollektiv üçün bütün mühüm taleyüklü qərarları rektor müşaviri ilə gizli məsləhətləşmədən sonra qəbul edir (hətta belə görüşlər universitetdən kənarda gizli şəraitdə aparılır). Heç bir kollektiy müzakirə, fikir və arqument mübadiləsi rektor tərəfindən aparılmır, bütün tədbirlər keyfiyyətli təhsili, ciddi elmi bazası olmayan müşavirin ssenarisi üzrə həyata keçirilir. Rektorun müşaviri vəzifəsində qısa müddətdir ki işlədiyi, Elşən Bağırzadə artıq bahalı avtomobil (70 min manat civarında Audi avtomobilinin son modelini) də almışdır...», deyə redaksiyaya göndərilən məqalədə bildirilir.
Məqalədə, həmçinin qeyd olunur ki,

«Nəsimi İsmayılov Dövlət İqtisad Universitetinin yeganə baş mühasibidir ki, ona yeni şəxsi avtomobil və sürücü verilmişdir»

«…ADİU-nun baş mühasibi Nəsimi İsmayılovu xüsusi qeyd etmək lazımdır. Bu mühasibi Ədalət Muradov hələ İdarəetmə Akademiyasında dərs dediyi vaxtlardan tanıyırdı və "Azərsu"dan gətirmişdir. Ən qısa müddətdə bu baş kassir kollektivin ümumi narazılığını qazanmışdır. Hətta nəinki köhnə işçilər, həmçinin Ədalət Muradovun yeni təyin etdiyi insanlar da Nəsimi İsmayılova qarşı pis münasibətdədir. Heç kimə məlum olmayan səbəblərdən Ədalət Muradov ona müstəsna səlahiyyətlər vermişdir. Nəsimi İsmayılov Dövlət İqtisad Universitetinin yeganə baş mühasibidir ki, ona yeni şəxsi avtomobil və sürücü verilmişdir. Baxmayaraq ki, cənab Prezident dövlət vəsaitlərinə qənaət etməyi hər zaman tələb etmişdir. Nəsimi İsmayılov təkbaşına bütün maliyyə-təsərrüfat fəaliyyətinə tam nəzarət edir, satınalma proseslərini idarə edir, tenderlər və şirkətlərin kotirovkaları üzrə özü razılaşma aparır, hətta maliyyə-iqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalovu bu işlərdən kənarlaşdırmışdır. Görünür ki, məhz onun bu cür uğurlu fəaliyyətinə görə rektor onu mükafatlandırıb. Hamıya məlumdur ki, Nəsimi İsmayılov - klassik, möhkəm nurçu əqidəli insandır. Bu haqda dəfələrlə mətbuatda yazılmışdır... Mətbuat yazılarının birində qeyd edilir ki, Azərbaycan Dövlət İqtisad Univeristetində rəhbərliyin dəyişməsindən sonra, yeni kadrlar alınmaqdadır ki, bu sırada əvvəllər "Azərsun" Holdinqdə mühasib işləyən univeristetin Maliyyə və Mühasibatlıq Departamentinin rəhbəri və baş mühasib Nəsimi İsmayılova düşür. Bununla yanaşı mətbuatda o da iddia edilir ki, N.İsmayılov universitetə gəldikdən sonra Mühasibatlıqda çalışan köhnə, təcürbəli şəxsləri sıxışdıraraq işdən çıxarılmalarına nail olur. İşdən çıxarılan təcürbəli şəxslərin yerinə isə onun ideya dostları yerləşdirməklə, bir növ hərəkata xidmətini göstərmiş olur. Digər məlumatlara görə, 2014-cü il üçün universitetin maliyyə xərclərində sonuncu rüb üçün nəzərdə tutulan vəsait xərclənmədiyindən, N.İsmayılov univeristet rəhbərliyini pulun silinməsi üçün müəyyən işlərin görülməsinin vacib olduğuna inandırıb. İddialara görə, xərclənmyən vəsaitin silinməsi üçün iniveristetin əsas və digər korpuslarında müəyyən sahələri "boya"ma əməliyyatına start verilib. Bir neçə il əvvəl univeristet cari təmir olunan zaman rektor otağının da təmirdən çıxmasına baxmayaraq, rektor Ədalət Muradov baş mühasibinin düşüncəsi ilə oturduğu otağını yenidən təmir etməyə başlayib. Ortaya çıxan görüntü ondan ibarətdir ki, N.İsmayılov bir il əvvəl cari təmir olunan universitetdə cari təmir adı altında pulların silinməsinə nail olmaqdadır. Univeristetin rektoru Ədalət Muradov əsaslı təmirdən çıxan otağını, yenidən təmir etməklə qalmamış, eyni zamada 60 min manat dəyərində ağ rəngdə kabineti üçün mebel quraşdırmışdır.

Rektorun yerlibazlıq və qohumbazlığı…

Ədalət Muradov rektor təyin olunduğu ilk gündən dəfələrlə əvvəlki rektorun fəaliyyətini tənqid etmiş və açıq şəkildə demişdir ki, İqtisad Universiteti korrupsiyanın və rüşvətin simvoluna çevrilmişdir. Həmçinin yeni rektor dəfələrlə bəyan etmişdir ki, Prezident onu təyin edərkən bu neqativ halların aradan qaldırılmasını tapşırıb və indi hər şey başqa cür olacaq.
Həqiqətən də - Ədalət Muradovun rəhbərliyi ilə neqativ halların idarə edilməsi və təşkilində köklü dəyişikliklər baş verdi. Hər şeydən əvvəl, ADİU-da "vahid pəncərə" mexanizmi tətbiq edildi - bütün Azərbaycana məlum olan məşhur 103 nömrəli otaq açıldı ki, bu da bu günə qədər bütün ali təhsil sistemində görünməmiş korrupsiya maşınının qara simvoluna çevrildi. Bu otaqda yeni işçilər (tyutorlar) yuxarının əmrilə akademik borcun və digər ali təhsil müəssisəsindən və ixtisaslardan köçürülmələr zamanı yaranan fərqin ləğv edilməsinə görə hamının narazılıqla xatırladığı «fəaliyyətlə» məşğuldur.
Hətta ölkə KİV-lərində bu «fəaliyyətin» nəticəsi olan rəqəm əmsalları da qeyd olunub.
Göndərilmiş başqa bir məktubda isə yazılır ki, «…Rektor Ədalət Muradov kadr siyasətini özü istədiyi kimi həyata keçirir. Başlıca vəzifələr üzrə onun kadr siyasəti aşağıdakı prinsiplərə, meyarlara və tələblərə əsaslanır: kadr "ultradodemokratik" baxışlara sadiq olmalıdır; kadrın rektorla qohumluq və ya dostluq əlaqəsi olmalıdır; kadr əsasən Qarabağ zonasını təmsil etməlidir. Belə ki, İqtisad Universitetinin 7 prorektorundan 4-ü Qarabağ regionundandır, ümumi şöbə və təsərrüfat şöbəsinin müdirləri onun qohumlarıdır (Muradov Rəşad və Muradov Rahib), Kommersiya fakültəsinin yeni təyin olunmuş dekanı onun həmkəndlisidir, təsərrüfat hissəsinin rəisi, tədris-metodiki mərkəzin direktor müavini Kiyev Universitetində təhsil aldığı vaxtlarda onun şəxsi dostlarıdır, tədris-metodiki mərkəzin direktoru isə İdarəçilik Akademiyasında onun dostu olmuşdur. Belə misalları çox çəkmək olar. ADİU-nun rektorluğunda, administrasiyasında və rəhbərliyində faktiki olaraq Naxçıvan və Qərbi Azərbaycandan təmsilçi yoxdur. Kollektivdə artıq dəqiq fikir formalaşmışdır ki, rektor vəzifəyə yalnız "özününküləri" təyin edir.
Bundan əlavə, son illərdə 50-dən çox yeni vəzifə ştatı açılmışdır - mühasibatlıq, təsərrüfat hissəsi, mətbuat xidməti, audit və çoxsaylı yeni mərkəzlərdə. Və bütün bunlar şərəfli ənənəyə malik "İdman" kafedrasının faktiki olaraq bağlanması hesabına baş verdi və həmin kafedranın müəllimləri gündəlik yaşayışlarını təmin etdikləri maaşlardan məhrum oldular, Rus dili kafedrasının əksər müəllimləri 0.5 ştata keçdilər və kollektivin böyük əksəriyyəti üçün amansız, qəddar qənaət rejimi tətbiq edilir.

Ədalət Muradovun demokratik oyunları?

Məqalə müəllifi yazır: «…Ədalət Muradov "universitet tələbələr üçün və tələbələr naminə" şüarı ilə bütün gücü ilə demokratik, xalq rektoru imicini yaratmağa cəhd göstərir. İlk gündən tələbə özünü idarə ümumi başlığı altında son dərəcə anlaşılmaz layihələr tətbiq etməyə başladı, sosial şəbəkələrdə həddindən artıq fəallıq nümayiş etdirdi, olduqca zərərli populist qərarlar qəbul etdi. Belə əsas qərarlardan biri də test imtahan suallarının hazır düzgün cavablarının tələbələrə verilməsi oldu. Məlumdur ki, Azərbaycanda biliklərin qiymətləndirilməsinin test sistemi üstünlük təşkil edir və bu sistem xeyli müsbət nəticələr verir. Lakin ölkənin heç bir təhsil müəssisəsində təhsil alanlara əvvəlcədən testin düzgün cavabları verilmir. İqtisad Universitetində bu cür populist qərarın nəticəsində bütün tədris prosesinin real deqradasiyası və müəllim statusunun məhvi baş verdi. ADİU-nun tələbələri praktiki olaraq iqtisad elmini öyrənməyi dayandırdılar, belə ki, imtahan qiymətlərini almaq indi tamamilə müəllimdən asılı deyil və düzgün cavabları əzbərləmək qabiliyyəti ilə müəyyən edilir. Faktiki olaraq bu qərar iqtisadi təhsilə qarşı gizli təxribatdır, keyfiyyətli mühazirə və praktiki məşğələlərin aparmağın mənasını tamamilə heçə endirir, təhsilin özünün mahiyyətini məhv edir. ADİU-nun tələbələri hazırda öz aralarında yarışırlar ki, kim daha tez imtahan verəcək - 7 və ya 8 dəqiqəyə. Qəbul imtahanlarında keçid balını toplamış tələbələr, indi 100 bal toplamaq (daha doğrusu vurmaq) üçün apelyasiyaya müraciət edirlər. Bütün bunların nəticəsində tədris prosesinin bütün iştirakçılarının - tələbələrin və müəllimlərin ümumi deqradasiyası baş verir. Və bu cür mühüm qərar təkbaşına, mütəxəssislərlə məsləhət və məşvərət olmadan qəbul edilmişdir. Tələbələrə edilən bu "hədiyyə"nin yeganə şübhəli "müsbət" cəhəti öz tələbələrinə "qayğı göstərən" demokratik xalq rektoru statusu ola bilər. Ədalət Muradovun "demokratik baxışlarının" təhlükəliliyi onun "demokratik layihəsi" - tələbə rektor layihəsinin tətbiqində də müşahidə edilmişdir. Bu layihə ilə rektor son dərəcə qürrələnir və onu bütün ali məktəblərə yaymağa cəhd göstərir. Layihənin məqsədi ondan ibarətdir ki, birbaşa səsvermə yolu ilə bir il müddətinə tələbə rektoru seçirlər. Sonra isə guya tələbə rektor tələbələrin rəsmi qanuni lideri funksiyasını yerinə yetirir, universitetin bütün strukturlarında və kənarda onların maraqlarını təmsil edir. Beləliklə, bu tələbə rektor, faktiki olaraq isə tələbələrin prezidenti heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan xeyli hakimiyyət səlahiyyətləri əldə edir. O öz fəaliyyətini istədiyi kimi həyata keçirə, istiqamətləndirə və tələbələrə rəhbərlik edə bilər və ən təhlükəlisi - onu seçildiyi müddətdə tələbə rektor, de-fakto tələbə imperator vəzifəsindən çıxarmaq və ya əvəz etmək mümkün deyildir.

«İqtisad Universitetinin ilk seçilmiş tələbə rektoru Milli Məclisə seçkilərdə YAP-ın deyil, Sosial Demokratiya Partiyasından səlahiyyətli nümayəndə oldu!!!»

Əgər fərz etsək ki, bu lider müxalifətin, radikal və ya ekstremist qüvvələrin təsiri altına düşərsə, onda Ədalət Muradovun növbəti demokratik layihəsinin özlüyündə hansı böyük təhlükəni daşıdığını təsəvvür etmək çətin deyildir. İqtisad Universitetində bu belə də oldu!
Nəticə göz qabağındadır
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Ölkə başçısı, cənab Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır: "...Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda "Ərəb bahar”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatf'm yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli "Beşinci kolon"un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi...". Möhtərəm Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, bizim özümüzün demokrtiya anlayışımız var, Qərbin özünün. Qərb demokratiyaya milli prosesləri idarə etmək, xalqları və hökuməti özlərinin marionetkalarma (oyuncaqlarma, əlaltılarma) çevirmək imkanı kimi baxır. Cənab Prezident İlham Əliyevin nöqteyi-nəzərindən isə demokratiya xalq və dövlətin qırılmaz birliyidir. Bu mənada, Azərbaycan Dövlət İqtisad Universitetində tələbə rektor layihəsi çoxlu ziddiyyətli suallar doğurur. Bu, bizim təhsil sistemimizə müsbət nələri qazandıracaq və ən əsası - tələbələrimizin düzgün tərbiyə olunmasına necə kömək edəcək?!», deyə vurğulanır.
Birbaşa seçkilər əsasında ümumuniversitet tələbə lideri sisteminin tətbiq edilməsi və ona rektor statusunun verilməsinə gəlincə, məlum olur ki, bu məsələ haqlı olaraq şübhələr doğurur və sayıq olmağı tələb edir:»…Məlum olduğu kimi, ölkəmizdə rektor Prezident tərəfindən təyin edilən vəzifədir. Belə olan halda, bu demokratiya oyunları nəyə və kimlərə lazımdır? Biz gözəl bilirik ki, seçkili demokratiya - qərbin özlərinə sərf edən liderləri hakimiyyətə gətirməyin köhnəlmiş mexanizmidir, insanları ələ salmaqdır və cəmiyyətin stabilliyini
ADİU-da kollektivə qarşı repressiya mexanizmi?

«…Rektor Ədalət Muradovun bütün demokratik fəaliyyət imicinin mahiyyəti İqtisad Universitetinin kollektivinə münasibətdə yaratdığı unikal və effektiv fəaliyyət göstərən repressiya mexanizmində əks olunur. Bu repressiya mexanizminin əsasında onun tərəfindən yaradılan, sonradan kollektiv tərəfindən Gestapo adlandırılan daxili audit şöbəsi dayanır. Bu şöbənin başlıca və yeganə funksiyası universitet əməkdaşlarını güdmək və cəza tədbirlərini həyata keçirməkdir. Bu şöbənin əməkdaşları saysız- hesabsız və yersiz reydlər və yoxlamalar həyata keçirirlər, ən xırda çatışmazlıq, gecikmə və digər kiçik minuslar olduqda rektora cəza görülməsinə dair təqdimat yazırlar, izahat tələb edirlər və s. Bu zaman cəzalandırdıqlarının keçmiş xidmətlərini, stajını, yaşını və statusunu tamamilə nəzərə almırlar. Audit şöbəsinin təşəbbüsü ilə universitetdə barmaqların skan edilməsi vasitəsilə giriş-çıxışın alçaldıcı qeydiyyat sistemi tətbiq edilir. Bütün normal insanlar bilirlər ki, bu cür sistem xüsusi təyinatlı və əhəmiyyətli müəssisələrdə və təşkilatlarda vacibdir. Universitetlərdə isə bunu tətbiq etmək - biabırçılıqdır və elm-təhsil müəssisəsinin təhqir edilməsidir! Lakin buna baxmayaraq, rektor hətta elektron barmaq qeydiyyatı sistemini elektron universitetin effektiv aləti kimi reklam edir... Daxili audit şöbəsi adətən hüquq-mühafizə orqanlarında, xüsusi maliyyə-iqtisadi funksiyaları və s. yerinə yetirən dövlət müəssisələrində yaradılır. Müasir universitetdə daxili auditin yaradılması - nonsensdir, əməkdaşların hüquqlarının və universitet etikasının ən kobud şəkildə pozulması deməkdir. Ali təhsil müəssisəsinin belə idarəetmə sistemi Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa və təhsilin inkişafı üzrə dövlət proqramlarına tamamilə ziddir. Tədris hissəsi, dekanlıqlar və tyutorlar fəaliyyət göstərdiyi təqdirdə daxili audit şöbəsi nəyə lazımdır? Və nəyə görə bu şöbə ADİU-nun yalnız professor-müəllim və texniki heyətini total nəzarətə götürüb, baş mühasibin və təsərrüfat hissəsinin "uğurlu" fəaliyyətini yoxlamır?..

«Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış bu universitetin Azərbaycan dilində təsdiq edilmiş qısaldılmış adı (ADİU) heç bir hüquqi çərçivəyə sığmayaraq Elmi Şurada rəsmi surətdə ləğv edilmişdir…»

…Rektor Ədalət Muradov nəinki İqtisad Universitetinin tarixini yenidən yazmaq istəyi, eləcə də faktiki olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin adını ingilis dilində abbreviaturada dəyişməsilə fərqlənmişdir - UNEC... Hərçənd ki, əslində, heç ingilis dilində də abbreviatura düzgün yazılmamışdır. Həm də nəzərə almaq lazımdır ki, Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış bu universitetin Azərbaycan dilində təsdiq edilmiş qısaldılmış adı (ADİU) heç bir hüquqi çərçivəyə sığmayaraq Elmi Şurada rəsmi surətdə ləğv edilmişdir. İndi bütün rəsmi və qeyri-rəsmi sənədlərdə milli Azərbaycan abbreviaturası olan ADİU (bu abbreviatura universitetin adına tam uyğun gəlir) deyil, qərb ingilis variantı - UNEC işlədilir... Bu isə artıq müvafiq qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Təsadüfi deyildir ki, nüfuzlu mütəxəssislər Ədalət Muradovun növbəti "yeniliyinə" dərhal öz narazılıqlarını bildirmişdilər. Mətbuatda bununla bağlı xeyli tənqidi yazılar işıqlanıdırılmışdır. Məsələn, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Nəsimi adma Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova bildirib ki, prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında da Azərbaycan respublikasının dövlət dilini qorunub saxlanması ən başlıca vəzifə kimi qeyd olunub: "Azərbaycan Dövlət İqtisad Universitetindən başqa, Azərbaycandakı bütün universitetlər adlarının qısaldılmış formasında Azərbaycan dilinin qaydalarını qoruyub saxlayıb. Ancaq İqtisad Universiteti adını UNEC kimi yazır. Bu isə həm Azərbaycan dilini qaydalarına, həm də beynəlxalq standartlara ziddir".
S.Sadıqova qeyd edib ki, elə brend adlar var ki, onların yazılış formasına toxunulmur: "UNEC brend deyil axı. O zaman Bakı Dövlət Universiteti, yaxud Azərbaycan Dövlət Pedaqoji Universiteti də öz abreviaturalarını ingiliscə yazsın? Məsələn, SOCAR brenddir. SOCAR Türkiyədə, İtaliyada Gürcüstanda fəaliyyət göstərir. SOCAR neft şirkəti kimi dünya tərəfindən tanmır. SOCAR-la UNEC-i qarışdırmaq olmaz. Onlar tamam fərqli şeylərdir. Mən indi Nəsimi adına Dilçilik İnstitutunun adının qısaldılmış formasını düzəldib ingiliscə verim? Bu nə dərəcədə düzgündür?... Bu səhvi aradan qaldırmaq lazımdır".
Buna baxmayaraq yeni rəhbərlik qərbin xoşuna gəlsin deyə universitetin yeni adını istifadə etməkdə davam edir. Burada rektorun qərbi qane edən istənilən dəyərləri tətbiq etmək (hətta milli dəyərlərimizə zidd olsa da), universiteti zor gücü ilə radikal qərbləşməyə aparmaq, Azərbaycan xalqı üçün şübhəli dəyərləri təbliğ edən qərb təhsil müəssisəsinin nəsə bir filialını yaratmaq cəhdləri açıq-aydın görünür... Bu həmçinin struktur islahatlarında da özünü göstərir - fakültələrin yenidən adlandırılması, onların birləşdirilməsi, əsaslandırılmamış şəkildə yeni kafedraların yaradılması və s. Bütün əsas diqqəti rektor ingilis dilində tədrisin gücləndirilməsinə yönəldir. Baxmayaraq ki, İqtisad Universitetində milli dildə - Azərbaycan dilində təhsil alan tələbələrin 80 faizindən çoxu Azərbaycanın əmək bazarının gələcək iştirakçılarıdır. Dəqiq fikir formalaşmışdır ki, rektor Ədalət Muradovu hər şeydən çox narahat edən odur ki, qərb təhsil və idarəetmə modelini kor-koranə və düşünmədən reallaşdırmağa hazır olan qərbyönümlü rəhbər kimi onun imicini Qərbdə necə qəbul edirlər...
Bundan əlavə, ADİU-da iki böyük və prestijli fakültənin - maliyyə və mühasibatlıq fakültələrinin birləşdirilməsi haqqında qərar da tamamilə əsaslandırılmamışdır və yanlış addımdır. Bu ixtisaslara qəbul imtahanlarında ən yüksək bal toplayanlar daxil olurlar, maliyyə, vergi işi, mühasibat uçotu və audit ənənəvi ixtisaslar kimi məhz ADİU-da baza və güclü ixtisaslar (elmi-təhsil mənasında) hesab edilir. Və 3000-dən çox tələbəni birləşdirən nəhəng fakültənin yaradılması obyektiv və təbii olaraq təhsil prosesinin idarə edilməsi keyfiyyətini və onun yenilənmə qabiliyyətini kəskin surətdə aşağı salacaqdır. Bu qərar gözlənilmədən və kolektivlə heç bir məsləhətləşmə olmadan qəbul edilmişdir. Həmçinin ADİU-da 20 ildən çox uğurla fəaliyyət göstərən "Beynəlxalq iqtisadi münasibətlər" ixtisas kafedrası mövcud olduğu təqdirdə gözlənilmədən və əsaslandırılmadan rektor "Beynəlxalq iqtisadiyyat" kafedrası yaratdı. Tədris yükünün 90 faizi "Beynəlxlaq iqtisadi münasibətlər" kafedrasından alındı, elmi dərəcəyə malik olmayan və şübhəli təhsil almış insanların cəmləşdirildiyi yeni kafedraya verildi. Beləliklə də, ADİU-da ən prestijli və ölkəmizdə universitetlərə qəbul balı üzrə reytinqdə uzun müddət birinci yerdə dayanan "Dünya iqtisadiyyatı" ixtisasına demək olar ki, ölümcül zərbə vuruldu. Belə "islahatlar" ilə rektor aparıcı ixtisasların üzərinə gec açılan mina qoyur ki, bu da yaxın gələcəkdə həmin ixtisasları tənəzzülə aparacaqdır. 2015-ci ildə artıq "Dizayn" ixtisasında iflas baş vermişdir - 70 yerə yalnız 2 tələbə, "Biznesin təşkili" ixtisasına isə cəmi 50 faiz tələbə qəbul olmuşdur. Bu yalnız başlanğıcdır! Qəbulda natamamlıq bir müddətdən sonra professor-müəllim heyətinin ixtisar edilməsini qaçılmaz edəcək...
Bu islahatların yeganə məqsədi - ADİU-nun təhsil prosesindəki müsbət nailiyyətlərini məhv etməkdir ki, ümumuniversitet böhranı fonunda rektor Ədalət Muradovun Beynəlxalq iqtisadiyyat (ingilis dilli) məktəbi və s. kimi yeni yaratdığı təhsil eksperimentləri "parıldaya" bilsin».
Bütün bunları oxuyub nəticə çıxarandan sonra rektor Ədalət Muradovun Azərbaycan Dövlət İqtisad Universitetini hara apardığını demək çətindir. Lakin bir məsələni birmənalı təsdiq etmək olar- ölkənin bu qocaman ali təhsil ocağında tələbələrin sosial-siyasi rəngli kataklizmlər doğura bilməsi və həddindən artıq dözülməz vəziyyətə gətirilən əməkdaşların öz narazılıqlarını kütləvi, kollektiv şəkildə bildirməsi üçün çox münbit şərait formalaşdırılmışdır...
Bir sözlə Ədalət Muradov pafoslu cümlələrlə yekexana hərəkətlər etmək lazım deyil.Ortaya kankret olaraq iş qoymaq lazımdır.Sizin yarıtmaz fəaliyyətinizi açıq aşikar ortaya qoyduq.Artıq sizin getmək vaxtınızdır.Gedin ki Unec azad olsun.Qohum-əqrəba yerləşdirmək birbaşa korrupsiya halıdır.Bu isə,nə qədər dərin çirkaba batdığınızın bariz nümunəsidir.Ümid edirik ki,Ədalət Muradovun fəaliyyəti araşdırılsa onun yeri Kürdəxanı türməsi olacaqdır.
//interpress.info//

Şərhlər

XƏBƏR LENTİ